Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Elm və təhsil naziri Emin Əmrullayev müəllimlərin məzuniyyət müddətinin digər peşə sahələrində çalışanlarla müqayisədə daha uzun olduğunu, belə uzunmüddətli məzuniyyətin az sayda ixtisas üçün nəzərdə tutulduğunu bildirib. Nazirin bu fikirləri fonunda tamştatlı iş modelinə keçəcək müəllimlərin məzuniyyət günlərinin azalıb-azalmayacağı məsələsi maraq doğurur.
Mövzu ilə bağlı Modern.az-a danışan deputat Ceyhun Məmmədov hesab edir ki, tamştatlı iş modelinə keçid müəllimlərin məzuniyyət müddətinə ciddi təsir göstərməməlidir:
“Mən düşünürəm ki, müəllimlərin tamştatlı olması onların məzuniyyətinə ciddi təsir etməməlidir. Müəllimlərin əsasən dərs dövründə məktəbdə olması lazımdır. Digər vaxtlarda onların məktəbdə olmasına ehtiyac qalmır”.
Təhsil eksperti Elmin Nuri bildirib ki, tamştatlı müəllim modeli yalnız dərs saatlarını deyil, digər pedaqoji fəaliyyətləri də əhatə edir:
“Bu modelə müəllimin səkkiz saat ərzində yalnız dərs deməsi və ya məktəbdə qalması kimi yanaşmaq olmaz. İş vaxtına şagirdlərlə fərdi məşğələlər, dərslərə hazırlıq, valideynlərlə iş və digər pedaqoji fəaliyyətlər daxildir”.
Ekspertin sözlərinə görə, modelin bəzi detalları açıqlansa da, müəyyən məsələlər hələ aydın deyil:
“Modelin 2027-ci ildə tətbiqinə başlanacağı, pilot mərhələnin 2031-ci ilədək davam edəcəyi və 20 min müəllimi əhatə edəcəyi bildirilir. Əsas məqamlardan biri əməkhaqqıdır. Bu model üzrə müəllimlərə ikiqat maaş verilməsi nəzərdə tutulur. Ancaq məzuniyyət məsələsi ilə bağlı hələ məlumat yoxdur”.
Elmin Nuri hesab edir ki, tamştatlı model müəllimlərin hazırda yerinə yetirdikləri pedaqoji işlərin məzmununda ciddi fərq yaratmayacaq.