Tanınmış astroloqdan dünyanı qorxuda saxlayan xəbərdən danışdı: “Nüvə müharibəsi...”

05.11.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünyanın müxtəlif regionlarında yerləşən 33 ölkənin hökuməti eyni vaxtda vətəndaşlara mümkün fövqəladə vəziyyətlərə hazırlaşmaqla bağlı çağırış edib. 

Belə ki, hökumətlər əhaliyə ən azı 72 saatlıq, bəzi ölkələrdə isə bir həftə və ya daha uzun müddət üçün ərzaq, içməli su, dərman və digər zəruri ləvazimat ehtiyatı saxlamağı tövsiyə edir. Bu çağırışlar isə öz növbəsində hazırda ölkələrarası müharibə təhlükəsi, təbii fəlakətlər, enerji böhranı və kibertəhdidlər fonunda diqqət çəkir. Lakin bildirilir ki, əslində, burada əsas məqsəd əhalinin kütləvi şəkildə ərzaq ehtiyatı toplaması deyil. Söhbət fövqəladə vəziyyətlər zamanı dövlət qurumları və xilasetmə xidmətləri yardım edənə qədər insanların bir neçə gün ərzində əsas ehtiyaclarını müstəqil şəkildə qarşılaya bilməsindən gedir. 

Avropa Komissiyasının 2025-ci ildə təqdim etdiyi strategiya da əhalinin dövlət yardımına ehtiyac duymadan ən azı 72 saat ərzində özünü təmin edə bilməsi prinsipinə əsaslanır. Bununla belə, zəruri ehtiyatların müddəti ölkələr üzrə fərqlənir. Belə ki, Almaniyada vətəndaşlara 10 günlük, İsveç və Norveçdə isə 7 günlük ərzaq, dərman və digər zəruri ləvazimat ehtiyatı saxlamaq tövsiyə olunur. Hazırda Avropa ölkələri üçün ən ciddi narahatlıq Ukrayna-Rusiya müharibəsi ilə bağlıdır. 

Münaqişənin Rusiyadan Avropaya yayılması ehtimalı, kiberhücumların yarada biləcəyi təhlükələr, xüsusilə enerji və kommunikasiya infrastrukturunun sıradan çıxması ehtimalı ciddi narahatlıq doğurur. Məsələn, Yaponiyada əsas narahatlığın zəlzələ, sunami, vulkan püskürməsi və digər təbii fəlakətlərlə bağlı olduğu qeyd olunur. ABŞ və Kanadada da əhaliyə mümkün fövqəladə vəziyyətlərə hazırlıqlı olmaq tövsiyə edilir. Bu ölkələrdə də meşə yanğınları, daşqınlar, qasırğalar və digər təbii fəlakətlərin başvermə riskinin yüksək olduğu qeyd olunur. 

Bəs 33 ölkənin eyni vaxtda əhalini fövqəladə vəziyyətlərə hazırlıqlı olmağa çağırması təsadüfdürmü, yoxsa dünya yeni təhlükəsizlik reallıqlarına hazırlaşır?  Bəs bu xəbərdarlıqlar qlobal müharibə və ya böyük fəlakət təhlükəsinin yaxınlaşmasından xəbər verir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”- a açıqlamasında tanınmış astroloq Səbuhi Rəhimli bildirib ki, belə hallar dünya ölkələrində zaman-zaman baş verir: 

“Bu cür hallar dünya ölkələrində müntəzəm şəkildə olur. Sonuncu dəfə biz yeniyetmə olarkən, “soyuq müharibə” dövrünün sonlarında - 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində belə hallar olurdu. Həmin dövrlərdə də dünya ölkələri müxtəlif təhlükələrə qarşı tədbirlər görürdülər. 

1991-ci və 2003-cü illərdə İraq müharibəsi zamanı da oxşar təhlükələr mövcud idi. Hətta 1991-ci ildə SSRİ hələ dağılmamışdı, ittifaq dövlətləri İraqı bombalayırdı. Həmin vaxt kimyəvi, nüvə və s. silahlarının, eləcə də mümkün radiasiyanın ölkə ərazisinə mənfi təsir göstərə biləcəyi ilə bağlı müvafiq nota xarakterli müraciət də edilmişdi. İndi də oxşar narahatlıqlar mövcuddur”. 

Astroloq qeyd edib ki, bütün dünya silahlanır və bu silahlar bir gün mütləq istifadə olunacaq:

“Mən zaman-zaman açıqlamalarımda qeyd edirəm ki, əslində, Üçüncü Dünya müharibəsi onsuz da gedir. Müxtəlif dövlətlər və ittifaqlar yavaş-yavaş tərəflərini seçirlər. Bununla belə, Hindistan kimi güclü və əhalisinin sayına görə dünyanın ən böyük ölkələrindən biri hələlik öz tərəfini dəqiq seçməyib. Bu proses artıq gedir. Bütün dünya silahlanırsa, mütləq savaş olacaq. Əgər uzaq Avstraliya da silahlanırsa, atom sualtı qayıqları hazırlayırsa, Yaponiya və Çin silahlanırsa, bu silahların bir gün mütləq şəkildə istifadə olunacağı ehtimalı var. Necə ki, artıq yavaş-yavaş işlənir”. 

Səbuhi Rəhimli vurğulayıb ki, nüvə müharibəsi baş verməyəcək:

“Biz nüvə silahından istifadə olunduğunu görməyəcəyik. Yaponiya istisna olmaqla, nüvə silahı daha çox təhdid vasitəsi kimi gündəmə gəlir. Hesab edirəm ki, Rusiya Ukraynaya qarşı, Şimali Koreya və ya digər dövlətlər də nüvə silahından istifadə etməyəcəklər. İran və başqa ölkələrə qarşı da belə bir addım atılacağını düşünmürəm. Göstəricilər budur. Dünyada hansısa təbii fəlakət və ya başqa fövqəladə hadisə baş verəcəyi ehtimalına görə də adətən bu qədər hazırlıqlı olmurlar. Sadəcə dünyada yəqin ki, siyasi şou başlayıb. Ona görə belə bir xəbərdarlıq edirlər. Bu açıqlamamda konkret olaraq onu deyə bilərəm ki, nüvə müharibəsi olmayacaq”.

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

 

Açar sözlər: Səbuhi Rəhimli nüvə müharibəsi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью