525.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Dövlət Kukla Teatrının kollektivi və teatr ictimaiyyəti ağır itki ilə üzləşib.
525.az "Trend"ə istinadən xəbər verir ki, Əməkdar mədəniyyət işçisi, aktyor Aslan Miri oğlu Fətullayev vəfat bu gün - 10 noyabr 2026-cı ildə vəfat edib.
Aslan Fətullayev 20 oktyabr 1956-cı ildə Lerik rayonunun Çayrud kəndində anadan olub. Sənətə sevgisi hələ uşaqlıq illərindən başlayıb. Cəmi yeddi yaşında kənd mədəniyyət evində səhnələşdirilən Yusif Əzimzadənin “Nəsrəddin” komediyasında İnkir obrazı ilə ilk dəfə səhnəyə çıxıb. Bu çıxış sonradan bütün ömrünü həsr edəcəyi sənət yolunun başlanğıcı olub.
1974–1976-cı illərdə Bakı Kitabxanaçılıq Texnikumunda, 1977–1982-ci illərdə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Peşəkar fəaliyyətinə paralel olaraq mədəniyyət sahəsində də fəal çalışıb, Sumqayıt şəhərinin mədəniyyət müəssisələrində, o cümlədən “Dostluq” mədəniyyət evində rəhbər vəzifələrdə fəaliyyət göstərib. Onun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən mədəni layihələr, xüsusilə Qarabağ müharibəsinin ilk illərində cəbhə bölgələrinə təşkil olunan konsert proqramları mədəniyyətin mənəvi dəstək missiyasına çevrilib.
Aslan Fətullayev teatrla yanaşı, televiziya və kino sahəsində də özünəməxsus yaradıcılıq izi qoyub. “Canlı şahid” televiziya tamaşasında canlandırdığı Şani obrazı ilə hələ gənc yaşlarında Azərbaycan Televiziyasının qızıl fonduna düşüb. “Səhər görüşləri”, “Gecə kanalı”, “Komediyalar aləminə səyahət”, “45 dəqiqə” kimi televiziya proqramlarında yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanıb.
“Qorxma, mən səninləyəm”, “Qətl günü”, “Mikrorayonda cin”, “Papaq”, “Oğlan və maral” kimi filmlərdəki rolları, eləcə də dublyaj fəaliyyəti onun çoxşaxəli yaradıcılığının mühüm səhifələrindəndir.
2008-ci ildən 31 oktyabr 2026-cı ilədək Azərbaycan Dövlət Kukla Teatrında çalışan aktyor burada da öz sənət təcrübəsi, fərdi ifa üslubu və səhnə enerjisi ilə seçilib. Uşaqlarla işləməyi, onların saf dünyası ilə ünsiyyətdə olmağı sənətinin ən sevimli tərəflərindən hesab edən Aslan müəllim ömrünün son illərinədək səhnədən ayrılmayıb.
O, 2016-cı ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülən sənətkar 2026-cı ildə Azərbaycan Respublikası Prezidentinin mükafatı ilə də təltif olunub.
Aslan Fətullayevin ömür yolu səhnəyə, sənətə, mədəniyyətə və insanlara xidmətin nümunəsi idi. O, təkcə yaratdığı obrazlarla deyil, zəngin həyat və yaradıcılıq təcrübəsi, mədəniyyət sahəsindəki təşkilatçılıq fəaliyyəti ilə də yaddaşlarda qalacaq.
Azərbaycan Dövlət Kukla Teatrının rəhbərliyi və kollektivi Aslan Fətullayevin vəfatından dərin kədər hissi keçirir, mərhumun ailəsinə, doğmalarına, sənət dostlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verir.
Sənətkarlar səhnədən getsələr də, yaratdıqları obrazlar, qoyduqları iz və sənətə verdikləri ömür yaşayır.
Allah rəhmət eləsin!