Icma.az, Qol.az portalına istinadən məlumat verir. “Öncə klub rəhbərliyinə göstərilən etimada görə minnətdarlığımı bildirmək istərdim.
Gəncə mənim üçün doğma şəhərdir. Futbol ilə nəfəs alanlar üçün Gəncə dedikdə əvvəlcə “Kəpəz” yada düşür”.
QOL.az xəbər verir ki, bu fikirlər “Kəpəz”in idarə heyətinin yeni sədrinin idman məsələləri üzrə müşaviri, tanınmış futbol meneceri Erkin İbrahimova məxsusdur.
O, təyinatı ilə bağlı özünün sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib ki, ölkəmizin ən tarixi, ən titullu klublarından birində çalışmaq qürurvericidir və məsuliyyətlidir: “İnanıram ki, birlikdə tapşırılan missiyanın öhdəsində gələcəyik.
Birlikdə dedikdə şəhər futbol ictimaiyyətini, o cümlədən çoxminli azarkeş ordusunu, “Kəpəz”ın uğurları üçün tər tökmüş veteranları da nəzərdə tuturam.
Kluba rəsmi təyinatımız “Kəpəz”in Premyer-Liqada qalması ilə eyni günə təsadüf etdi.
Məlum səbəblərdən son illər “Kəpəz” yüksək liqada qalmaq uğrunda mübarizə aparırdı.
Şadam ki, klubda çalışanların, məşqçilər korpusu və oyunçuların əməyi hesabına “Kəpəz” növbəti mövsümdə də ölkəmizin ikinci şəhərini Premyer-Liqada təmsil edəcək.