Tanınmış neftçi alimin poetik dünyası

20.11.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanınmış neftçi-alim, mühəndis, ictimai xadim və şair Nazim Aslanın yeni işıq üzü görmüş “Bir sevginin taleyi” kitabının təqdimatı keçirilib. Elm, ədəbiyyat və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasim müəllifin çoxşaxəli fəaliyyətinə, zəngin yaradıcılıq dünyasına və poeziyasının bədii-estetik xüsusiyyətlərinə həsr olunub.

Mərasimi giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatında neft mövzusunun tarixi ənənələrindən, bu sahədə çalışan insanların zəhmətinin bədii yaradıcılıqda əks olunmasının əhəmiyyətindən danışıb. Akademik Nazim Aslanın yaradıcılığına toxunaraq bildirib ki, onun poeziyasında insan, Vətən, sevgi və həyat kimi əbədi mövzular fərdi duyum və özünəməxsus poetik yanaşma ilə təqdim olunur. Müəllifin həyat və fəaliyyət yolu Azərbaycan neft sənayesinin inkişafı ilə sıx bağlıdır. Uzun illər bu sahədə çalışması, elmi tədqiqatları və mühəndislik fəaliyyəti onun peşəkar nüfuzunu formalaşdırıb. Lakin Nazim Aslanın şəxsiyyətini səciyyələndirən cəhətlər yalnız elmi-texniki nailiyyətlərlə məhdudlaşmır. Onun daxilindəki poetik duyğular, insan talelərinə həssas münasibət və həyat hadisələrinə fəlsəfi baxış yaradıcılığının əsas xüsusiyyətlərindəndir.

AMEA rəhbəri müəllifin Azərbaycan neft sənayesinin inkişafına verdiyi töhfələri, beynəlxalq elmi əlaqələrin genişləndirilməsindəki xidmətlərini və müxtəlif mükafatlara layiq görülməsini də xüsusi vurğulayıb. O, “Bir sevginin taleyi” kitabının oxucular tərəfindən maraqla qarşılanacağına inamını ifadə edib.

Təqdimat mərasiminin bədii hissəsində Nazim Aslanın “Yeddi qapı” poeması əsasında hazırlanmış fonepoetik kompozisiya nümayiş etdirilib. Bu təqdimat müəllifin poetik dünyasının musiqi və sözün vəhdətində ifadəsi baxımından tədbirə xüsusi ovqat qatıb. Daha sonra AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri “Nazim Aslan: ömrün poeziyası və ya poeziyanın ömrü” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə şairin həyat yolu ilə yaradıcılıq dünyasının qarşılıqlı əlaqəsinə, onun poetik düşüncəsinin formalaşmasına və söz sənətinə münasibətinə diqqət yetirilib.

Mərasimdə SOCAR prezidentinin müşaviri Racu Vəliyev, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli, Azərbaycan Yazıçılar Birliyinin Poeziya şöbəsinin rəhbəri, Əli Kərim adına Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Mətanət Abbasova, AYB-nin üzvü, şair-publisist və araşdırmaçı Mikayıl Bozal, “Xalq qəzeti”nin əməkdaşı, Əməkdar jurnalist Namiq Əhmədov, Azərbaycan Aşıqlar Birliyinin üzvü Eldar Ələsgəroğlu (Tağıyev), AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Aytən Əliyeva da çıxış ediblər. Çıxışlarda Nazim Aslanın elmi, mühəndislik və ictimai fəaliyyətinin, xüsusilə Azərbaycan neft sənayesinin inkişafına verdiyi töhfələrin əhəmiyyəti qeyd olunub. Bununla yanaşı, onun poeziyasının məzmun və məna çalarları, insan duyğularına, mənəvi dəyərlərə və həyat həqiqətlərinə münasibəti diqqətə çatdırılıb. Natiqlər vurğulayıblar ki, müəllifin yaradıcılığında elmi təfəkkürlə poetik duyum bir-birini tamamlayan iki mühüm keyfiyyət kimi özünü göstərir.

“Bir sevginin taleyi” kitabı Nazim Aslanın mənəvi dünyasının, poetik düşüncələrinin və həyata həssas münasibətinin yeni ifadəsidir. Kitabın adı da təsadüfi seçilməyib. Sevgi burada yalnız fərdi hiss və şəxsi yaşantı deyil, insanın yaddaşını, düşüncələrini, xatirələrini və həyat yolunu müəyyənləşdirən mənəvi dəyər kimi mənalanır. Müəllif oxucunu duyğuların, xatirələrin və düşüncələrin dərinliklərinə apararaq insanın daxili aləminə poetik nəzər salır.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью