Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 27 yanvar, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin tarix müəllimləri ilə dövlət xadimi, diplomat, tarixçi alim Həsən Həsənovun görüşü keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, görüş Həsən Həsənovun müəllifi olduğu “Azərbaycan: tarixi-coğrafi atlas” və “Azərbaycan: tarixi-etnoqrafik atlas” kitablarının müzakirəsinə həsr olunub.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu bildirib ki, görüşün əsas məqsədi paytaxtın ümumi təhsil müəssisələrində çalışan tarix müəllimləri ilə tanınmış alim arasında canlı dialoqun qurulması, yeni elmi mənbələrin təqdim olunmasından ibarətdir. Vəfa Yaqublu Həsən Həsənovun müəllifi olduğu “Azərbaycan: tarixi-coğrafi atlas” və “Azərbaycan: tarixi-etnoqrafik atlas” nəşrlərinin Azərbaycanın tarixi reallıqlarının, coğrafi məkanlarının və etnoqrafik xüsusiyyətlərinin elmi əsaslarla təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıdığını söyləyib.
Həsən Həsənov müəllifi olduğu kitabların ərsəyə gəlmə prosesi, elmi mənbələri, xəritə və materialların tarixi əhəmiyyəti barədə müəllimlərə ətraflı məlumat verib. Müəllif qeyd edib ki, nəşrlərdə tarixi faktlar obyektiv elmi əsaslarla təqdim edilib, müxtəlif dövrlərə aid tarixi, coğrafi və etnoqrafik materialların etibarlı elmi mənbələr əsasında toplanmasına və sistemləşdirilməsinə xüsusi diqqət yetirilib.
Müzakirə formatında keçirilən görüşdə müəllimlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.