Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Nurəddin İSMAYIL
Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi ehtiraslar kəskin xarakter almağa, ölkə daxili ziddiyyətlər, xarici təzyiqlər adi vaxtlardan fərqli olaraq daha qabarıq şəkildə özünü göstərəməyə başlayıb.
Ermənistan indiki halı ilə, başda ABŞ olmaqla, Qərblə Rusiya arasında gedən geosiyasi çarpışmanın, iqtisadi diktənin, regional hökmranlığın, Cənubi Qafqazda yer alma davasının getdiyi döyüş cəbhəsini xatırladır. Hadisələrin ön cəbhəsində Qərblə Rusiya arasında manevrin Qərbə yönəlik son seçimini edən və bütün təzyiqlərə baxmayaraq bu qərarında israrlı görünən N.Paşinyan, arxa cəbhəsində isə onun hakimiyyətinin devrilməsində maraqlı olan, Putin Rusiyasından hər cür dəstək alan revanşist qüvvələr durur. Bu qarşıdurmaya Paşinyanın Qarabağ siyasətindən narazı qalan xaricdəki erməni diasporunun kilsə hakimiyyəti ilə əlbir fəaliyyətini də əlavə etsək, Ermənistanda keçiriləcək parlament seçkilərinin tərəflər arasında ölüm-qalım məsələsi olduğu şübhə doğurmur.
Bu seçkidə Paşinyan və komandası üçün ən böyük təhdid isə, tam ağırlığı ilə açıq müstəviyə keçən, “yumşaq güc”dən tutmuş hərbi müdaxiləyə qədər, bütün təzyiq vasitələrinin işə salındığı Rusiyadan gələn təhdiddir. Rusiyanın olub-qalan bütün gücü işə salınıb. Gah şirnikdirici, gah təhdidedici rus diplomatiyası, rus kəşfiyyatı, təhlükəsizlik orqanları, media resursları, Rusiyada formalaşan, külli miqdarda kapital yığan oliqarxlar, Rusiyanın əlinə oynayan beşinci koloun daşıyıcıları eyni vaxtda, eyni qayda ilə Paşinyan hakimiyyətinə qarşı hücuma keçib. Rusiya təlaş içindədir. Bu günə qədər “bəlkə də qaytardılar” sevdası ilə yaşayan və geri qaytarılması üçün öz keçmiş forpostunun bütün şıltaqlıqlarına dözən Rusiya, artıq hər şeyin itirilmə həddinə çatdığını gördükcə öz aqressiv simasını ortaya qoymağa, adı çəkilən ölkədə hakimiyyət dəyişikliyi etmək üçün siyasi idarəetmə texnologiyasının bütün resurslarını işə salmağa başlayıb.
Ermənistan Rusiyanın Cənubi Qafqazda son dayağıdır və onu itirmək regionun siyasi xəritəsinin cızılmasında əsrlərcə hakim mövqedə olan Rusiyanın bölgədəki nüfuz dairəsinin bir dəfəlik sındırılması anlamına gəlir. Ukrayna xofu, Moldovada baş verənlərin Ermənistanda təkrarlanması, Rusiyanın postsovet məkanında bu vaxta qədər oynadığı dominant rolunu heçə endirər deyə, Ermənistanda keçiriləcək parlament seçkilərində qalib gəlməsi üçün Moskvaya bağlı qüvvələrin konsolidasiyası, bir mərkəzdən idarə olunması xətti gücləndirilir. Məqsəd erməni elektoratının üzünü Paşinyandan döndərmək, verdiyi şirin vədlərlə müdafiə etdiyi qüvvələrin nüfuzunu qaldırmaq və Ermənistanın “xoşbəxt gələcəyinin” yalnız Rusiya orbitində qalması ilə mümkünlüyünü ermənilərə aşılamaqdır.
Rusiya buna necə nail olacaq, onun bu seçkilərdə revanşist qüvvələrin hakimiyyətə gəlməsi üçün təbiq etidiyi üsullar, verdiyi vədlər işə yarayacaq ya yox, bu, irəlidə olan az zaman kəsiyinin içində bəlli olacaq. Ancaq Rusiya ermənilərin Paşinyan hakimiyyətindən əvvəlki xalq olmadığının fərqində olmalıdır. Ermənilər keçmiş separatçı rejimin və ya bu rejimlə həmrəy olan Rusiya yönümlü qüvvələrin bir daha hakimiyyətə gəlməsini, yenidən müharibə alovunun qızışmasını, müharibə başladığı halda daha böyük qurbanlar verilməsini heç cür qəbul etmək istəmir və böyük çoxluq Paşinyanın sülhü tərcih edən hazırkı siyasətindən məmnundur.
Ermənistan dövlət olaraq indi olduğu qədər xalq iradəsinin, xalqa zidd daxili və xarici qüvvələrlə bu cür amansız şəkildə üz-üzə durduğu, yüzillərlə müstəmləkəsi olduğu bir imperiyanın tərkibindən çıxmaq üçün belə israrla çabalar göstərdiyi dövrünü yaşamayıb. Erməni xalqı artıq Rusiyanın onların təhlükəsizlik qarantı olması barədə narrativlərə, Rusiyasız erməni xalqının iqtisadi, siyasi gələcəyinin mümkünsüzlüyü haqda uydurmalara inanmaq istəmir və bu inam Rusiyanın təhriki ilə Azərbaycana qarşı başladılan son savaşda onun arxasından çəkilən Rusiyanın əsl sifəti özünü bürzə vərəndə, tam sarsıldı. Ermənistan ağır, məsuliyyətli və son dərəcə taleyüklü seçim qarşısındadır. Ya siyasi, diplomatik təzyiqlərə, iqtisadi basqılara, təcrid olunmaya, çevriliş təhdidlərinə boyun əyib ətalətli Rusiyanın boyunduruğuna girməklə təzədən onun forpostu olmaq, ya da dirəniş göstərib, ona dəyərlər içində rifah halında yaşamağın üstünlüyünü vəd edən modern Avropaya inteqrasiya olunmaq.
Birincidən qurtulmaq da, ikinci arzuya qovuşmaq da erməni xalqının bu döyüşdə onları xəyali deyil, real Ermənistan respublikası içində yaşamağa hazırlayan və Tanrının onlar üçün lütf olaraq yetirdiyi Paşinyanı axıra qədər müdafə etmək iradəsindən asılı olacaq.