Tar sənətinin dünəni, bugünü və gələcəyi haqqında düşüncələr

28.10.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hörmətli İlqar müəllim!

Sizi ürəkdən təbrik edirəm! Tar sənətinin tarixi, quruluşu, ifaçılıq xüsusiyyətləri və bədii-texniki imkanlarını əhatə edən “Türk dünyasının kültürəl dəyəri - Tar” adlı kitabınızın işıq üzü görməsi, ilk növbədə, milli musiqi mədəniyyətimizə verilən dəyərli töhfədir. Belə bir əsərin ərsəyə gəlməsi geniş elmi bilik, ciddi araşdırma, böyük zəhmət və sənətə sonsuz məhəbbət tələb edir.

Kitabınızı oxuduqca tar sənətinə nə qədər dərindən bələd olduğunuz, bu mövzunun araşdırılmasına nə qədər əmək sərf etdiyiniz və milli musiqi irsimizə hansı məsuliyyətlə yanaşdığınız aydın hiss olunur. Ən sevindirici məqam isə çəkdiyiniz zəhmətin bəhrəsini verməsi, nəticədə musiqi ictimaiyyəti üçün dəyərli bir mənbənin meydana çıxmasıdır.

Mənim fikrimcə, tar haqqında əhatəli yüksək elmi dəyərə malik tədqiqat əsərlərinin meydana gəlməsi yalnız musiqişünaslar üçün deyil, ifaçılar, müəllimlər, tələbələr və milli musiqi tariximizlə maraqlanan hər kəs üçün mühüm əhəmiyyət daşıyır. Bu qəbildən olan yüksək bədii-estetik mahiyyətli monoqrafiyalar keçmişlə bu gün arasında mənəvi körpü yaradır, sənət haqqında toplanmış biliklərin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Etiraf edim ki, kitabın məlumat zənginliyi və əhatə dairəsi onun diqqətlə oxunmasını tələb edir. Lakin tar sənətinə olan marağım və bu ecazkar alətə bəslədiyim sosuz məhəbbət məni onu sona qədər oxumağa sövq etdi. İnanıram ki, əsəriniz gələcəkdə də öz aktuallığını qoruyacaq, tarın tarixi və ifaçılıq ənənələri ilə maraqlanan insanların müraciət etdiyi mənbələrdən birinə çevriləcək.

Sizə bu böyük və məsuliyyətli işinizdə yeni uğurlar arzulayıram!

Tarın tarixi və onun bədii imkanları

İlqar müəllim, kitabınız haqqında təəssüratlarımı bölüşməklə yanaşı, uzun illərdir məni düşündürən bəzi məsələlərə də toxunmaq istəyirəm. Bunlar yalnız bir musiqiçinin şəxsi müşahidələri deyil, eyni zamanda tar sənətinin inkişafı, ifaçılıq mədəniyyətinin qorunması və gələcək perspektivləri ilə bağlı düşüncələrimdir.

Tarın tarixi, quruluşu və digər telli musiqi alətləri ilə əlaqəsi haqqında danışarkən gitara məsələsi də xüsusi maraq doğurur. Bu gün gitara dünyanın müxtəlif ölkələrində geniş yayılmış, klassik və müasir musiqinin bir çox janrlarında istifadə olunan mühüm simli alətlərdən biridir. Tar və gitara quruluş, ifa texnikası və musiqi ənənələri baxımından fərqlənsələr də, hər ikisi simli alətlərin zəngin bədii-estetik imkanlarını nümayiş etdirir.

Gitara sözünün mənşəyi və onun tar aləti ilə mümkün tarixi əlaqələri də araşdırılmağa layiq mövzulardandır. Bununla belə, adların oxşarlığı və ya ayrı-ayrı söz hissələrinin səsləşməsi öz-özlüyündə bir alətin digərindən törədiyini sübut etmir.

Bu məsələyə aydınlıq gətirmək üçün etimoloji, tarixi və orqanoloji tədqiqatlara əsaslanmaq vacibdir. Məncə, bu istiqamətdə aparılacaq elmi araşdırmalar telli musiqi alətlərinin tarixi haqqında təsəvvürlərimizi daha da zənginləşdirə bilər.

Tar ifaçılığında düzgün texnika və peşəkarlıq məsələsi

Məni tar sənətində narahat edən məsələlərdən biri ifaçılıq ənənələrimizin qorunması və düzgün texniki vərdişlərin gələcək nəsillərə ötürülməsidir.

Tarı düzgün tutmaq, sağ əlin və biləyin vəziyyətini düzgün müəyyənləşdirmək, mizrabı sərbəst və dəqiq idarə etmək, səsin keyfiyyətinə nəzarət etmək, bütün bu kimi cəhətlər ifaçılıq sənətinin zahiri tərəfləri deyil. Bunlar peşəkar ifanın təməlini təşkil edən, musiqiçinin bədii-texniki ifadə imkanlarına birbaşa təsir göstərən mühüm amillərdir.

İfa zamanı əlin qeyri-təbii vəziyyətdə saxlanılması, tarın düzgün tutulmaması və mizrab texnikasının lazımi səviyyədə formalaşdırılmaması səsin keyfiyyətinə, texniki sərbəstliyə və musiqi ifadəsinə mənfi təsir göstərə bilər. Belə vərdişlər zaman keçdikcə ifaçının bədii-texniki cəhətdən inkişafını çətinləşdirə, onun alətin imkanlarından tam istifadə etməsinə mane ola bilər.

Təəssüf ki, bəzən tarın ifa zamanı tutulmasında, sağ əlin vəziyyətində və mizrabın idarə edilməsində müxtəlif texniki çatışmazlıqlarla rastlaşırıq. Bəzi ifaçılar aləti bədənin üzərində düzgün yerləşdirmir, bəziləri isə biləyin hərəkət sərbəstliyini məhdudlaşdıran vəziyyətdə çalırlar. Halbuki tarın düzgün tutulması, əlin rahatlığı və hərəkətlərin təbiiliyi səsin dolğunluğu, təmizliyi və ifadəliliyi üçün mühüm şərtlərdir.

Bu baxımdan, Azərbaycanın görkəmli tarzəni, bəstəkarı, pedaqoqu və Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Əkrəm Məmmədli və Azərbaycanın Xalq artisti Ağasəlim Abdullayev kimi tanınmış tarzənlərin ifaçılıq təcrübəsi mənim üçün xüsusi əhəmiyyət daşıyır. Onların ifasında alətin bədii-texniki ifadə imkanlarından məqsədyönlü istifadəni, səsin keyfiyyətinə diqqəti və peşəkar ifaçılıq mədəniyyətini müşahidə etmək mümkündür.

Əlbəttə, hər bir sənətkarın öz fərdi üslubu, səsə münasibəti və ifa xüsusiyyətləri ola bilər. Sənət məhz bu fərdilik sayəsində dahada zənginləşir. Lakin fərdi üslubun formalaşması möhkəm texniki təmələ, düzgün ifa vərdişlərinə və musiqi təfəkkürünə əsaslanmalıdır. İfaçılıq məktəbinin əsas vəzifələrindən biri də ənənə ilə fərdilik arasında bu tarazlığı qorumaqdır.

Tremolo - tarın ifadə imkanlarını üzə çıxaran mühüm vasitə

Tar ifaçılığı haqqında düşünərkən tremolo texnikasına ayrıca diqqət yetirməyi vacib hesab edirəm. Tremolo tarın səs imkanlarını üzə çıxaran, melodiyanın axıcılığını təmin edən və musiqi fikrinin emosional təsirini gücləndirən mühüm ifa üsullarından biridir. Xüsusilə muğam ifasında tremolonun düzgün tətbiqi melodik xəttin davamlılığını, səsin dolğunluğunu, şəffaflığını və musiqi ifadəsinin dərinliyini artıra bilər.

Tremolonun əhəmiyyəti yalnız mizrab hərəkətlərinin sürətində deyil. Burada ritmik sabitlik, səsin bərabərliyi, rəvanlığı, dinamik nəzarət, biləyin sərbəstliyi və musiqi məzmununun düzgün duyulması əsas rol oynayır. Texniki baxımdan qüsursuz, lakin musiqi fikrindən uzaq tremolo dinləyiciyə gözlənilən bədii təsiri verməyə bilər. Əksinə, yerində və ölçülü tətbiq olunan tremolo muğamın emosional məzmununu daha sanballı, dolğun ifadə edə bilər.

Son dövrlərdə bəzi tar ifaçılarını dinləyərkən tremolonun imkanlarından kifayət qədər istifadə edilmədiyini müşahidə etməkdəyəm. Bu, əlbəttə, bütün ifaçılara aid edilə bilməz. Muğamın xarakteri, melodik quruluşu və ifaçının bədii-emosional məqsədi müəyyən məqamlarda tremolonun istifadəsini məhdudlaşdıra bilər. Əsas məsələ hər yerdə eyni ştrixi tətbiq etmək deyil, onun musiqi daxilində hansı funksiyanı yerinə yetirdiyini anlamaqdır. 

Bununla belə, yüksək peşəkarlıq tələb edən bu texnikanın tədrisinə daha çox diqqət yetirilməsinin tərəfdarıyam. İfaçının sənət adı və ya fəxri adı onun hər bir texniki bacarığının mütləq qüsursuz olması demək deyil. Əsl sənətkarlıq davamlı məşq, özünə tələbkarlıq və daim inkişaf etmək istəyi ilə ölçülür.

Tar yalnız muğam aləti deyil

Mənə görə, tar tədrisinin ixtisas və muğam istiqamətlərinə bölünməsi məsələsinə də geniş prizmadan yanaşmaq lazımdır. Bu istiqamətlər bir-birini tamamlamalı, ifaçının hərtərəfli inkişafına xidmət etməlidir.

Tar, Azərbaycan muğam sənətinin ayrılmaz hissəsi olmaqla yanaşı, geniş texniki və bədii-estetik ifadə imkanlarına malik müstəqil musiqi alətidir. Onun vasitəsilə Azərbaycan bəstəkarlarının klassik və müasir əsərlərini, konsert pyeslərini, kamera musiqisini və müxtəlif janrlarda yazılmış musiqi nümunələrini ifa etmək mümkündür. Müvafiq bədii və texniki hazırlıq olduqda, tarın ifadə imkanlarını daha mürəkkəb əsərlərdə də nümayiş etdirmək olar.

Bəs nə üçün tar ifaçılığının inkişafı bəzən əsasən muğam ifası ilə əlaqələndirilir? Nə üçün tar aləti üçün yazılmış iri həcmli əsərlərin, konsertlərin və müasir bəstəkarlıq nümunələrinin ifasına daha çox diqqət yetirilmir? Nə üçün bu alətin bədii-texniki imkanlarını geniş şəkildə üzə çıxaran yeni əsərlərin yaradılması və təbliği daha fəal şəkildə təşviq olunmur?

Bu suallar muğamın əhəmiyyətini azaltmaq məqsədi daşımır. Əksinə, mən muğam sənətini Azərbaycan musiqi mədəniyyətinin ən böyük mənəvi sərvətlərindən biri hesab edirəm. Lakin tarın bədii-estetik imkanlarını yalnız bir ifa istiqaməti ilə məhdudlaşdırmaq doğru olmazdı. Muğam, tar sənətinin möhtəşəm sütunlarından biridir, amma onun bütün bədii-estetik mahiyyətli ruhi dünyasını əhatə edən yeganə istiqamət deyil.

Mənim fikrimcə, tar ifaçılığına hərtərəfli yiyələnmək istəyən musiqiçi həm muğamın incəliklərini dərindən bilməli, həm də notla ifa, texniki hazırlıq, ansambl və orkestr təcrübəsi, müxtəlif üslubların təhlili kimi sahələrdə inkişaf etməlidir. Belə hazırlıq ifaçının dünyagörüşünü genişləndirər, onun musiqi təfəkkürünü zənginləşdirər və alətin texniki cəhətcə yeni ifadə imkanlarını üzə çıxarar.

Əgər ifaçı yalnız bir istiqamətdə inkişaf edirsə və tarın digər imkanlarını öyrənməyə maraq göstərmirsə, onun peşəkar potensialı tam açılmamış halda yarımçıq qala bilər.

Mən belə yanaşmanı hərtərəfli tar ifaçılığı baxımından məhdud hesab edirəm. Əsl məqsədimiz kimisə mühakimə etmək deyil, tar məktəbimizin daha geniş bilik və bacarıqlara əsaslanmasına nail olmaqdır.

Bu sahədə bəstəkarlarla ifaçıların əməkdaşlığının gücləndirilməsi xüsusilə vacibdir. Tar üçün yeni konsertlərin, kamera əsərlərinin və yüksək texniki ustalıq tələb edən pyeslərin yazılması alətin imkanlarını genişləndirə bilər. Bu əsərlərin tədris proqramlarına daxil edilməsi, konsertlərdə ifası və beynəlxalq səhnələrdə təqdim olunması milli musiqimizin şah əsəri olan tar alətimizin dünya miqyasında daha geniş tanınmasına şərait yaradar.

Tarın gələcəyi yalnız ənənələrin qorunmasından deyil, həm də bu ənənələrin yaradıcı şəkildə inkişaf etdirilməsindən asılıdır.

Muğam - milli musiqi təfəkkürümüzün zirvəsi

Azərbaycanın dünya mədəniyyət xəzinəsinə bəxş etdiyi ən qiymətli incilərdən biri muğam sənətidir. Muğam əsrlər boyu formalaşmış, zəngin melodik dili, mürəkkəb inkişaf prinsipləri və dərin emosional məzmunu ilə seçilən musiqi ənənəsidir.

Muğam ifası vokal və ya vokal-instrumental formada təqdim olunur və onun mühüm xüsusiyyətlərindən biri improvizasiyadır. Lakin improvizasiya burada təsadüfi melodik dəyişikliklər demək deyil. O, müəyyən musiqi qanunauyğunluqlarına, məqam sisteminə, melodik inkişaf prinsiplərinə və ifaçılıq ənənələrinə əsaslanır. İfaçı həmin çərçivə daxilində öz musiqi təfəkkürünü, emosional dünyasını və fərdi yaradıcılıq qabiliyyətini nümayiş etdirir. Muğamı yalnız bir-birinin ardınca səslənən melodiyaların məcmusu kimi deyil, daxili məntiqə, dramaturji inkişaf xəttinə və bədii bütövlüyə malik fəlsəfi məzmunlu ecazkar musiqi hadisəsi kimi qəbul etmək lazımdır. Xüsusilə dəstgah ifasında ayrı-ayrı şöbələr bir-biri ilə əlaqələnərək ümumi musiqi inkişafını formalaşdırır.

Dəstgahın quruluşunda dəraməd, bərdaşt, mayə və sonrakı şöbələr mühüm yer tutur. İfa ənənəsindən, dəstgahın növündən və konkret ifaçılıq məktəbindən asılı olaraq bu bölmələrin funksiyası və təqdimat xüsusiyyətləri dəyişə bilər. Dəstgahın müvafiq hissələrində rənglər, diringələr və təsniflər də səsləndirilərək musiqi inkişafına yeni bədii-estetik çalarlar gətirir.

Mayə muğamın əsas məqam dayağını və melodik mərkəzini təşkil edir. Sonrakı şöbələrdə melodik fikir genişlənir, yeni ifadə çalarları yaranır, musiqi inkişafı müxtəlif mərhələlərdən keçərək daha yüksək gərginliyə çata bilir. Kulminasiyadan sonra isə ifa ənənəsinə uyğun olaraq musiqi yekunlaşır.

Beləliklə, muğamın hər bir şöbəsi ümumi dramaturji inkişaf daxilində müəyyən məna və funksiya daşıyır. İfaçı bu əlaqələri dərindən anlamadan yalnız melodik materialı düzgün səsləndirməklə kifayətlənərsə, muğamın bədii-emosional məzmununu tam şəkildə açmaqda çətinlik çəkə bilər.

Dəraməd, uvertüra və musiqi dramaturgiyası

Muğamın quruluşu ilə bağlı diqqətəlayiq məsələlərdən biri də dəramədin funksiyasıdır. Dəraməd dinləyicini qarşıdakı musiqi mühitinə hazırlayan, dəstgahın xarakteri haqqında ilkin təsəvvür yaradan giriş xarakterli bölmə kimi çıxış edə bilər.

Onun konkret funksiyası isə ifa ənənəsinə və əsərin quruluşuna uyğun müəyyənləşdirilməlidir. Bu xüsusiyyət mənə Avropa musiqisindəki uvertüra anlayışını xatırladır. Uvertüra bir çox opera və səhnə əsərində dinləyicini qarşıdakı musiqi hadisəsinə hazırlayır, əsərin xarakteri və bədii atmosferi haqqında təsəvvür yaradır. Bəzi uvertüralarda sonrakı səhnələrdə səslənəcək musiqi mövzularından istifadə olunur.

Dəraməd və uvertüra arasında funksional baxımdan müəyyən müqayisələr aparmaq mümkündür. Lakin bu oxşarlıq onların birinin digərindən yarandığını və ya birbaşa mənşə əlaqəsinə malik olduğunu sübut etmir. Belə bir nəticəyə gəlmək üçün tarixi və nəzəri faktlara əsaslanan ayrıca araşdırma aparılmalıdır.

Məncə, məhz bu cür müqayisəli tədqiqatlar milli musiqi irsimizin özünəməxsus xüsusiyyətlərini daha dərindən anlamağa kömək edə bilər. Muğamın quruluşunu Avropa musiqi formaları ilə müqayisə edərkən oxşar cəhətlərlə yanaşı, onların fərqli tarixi inkişafını, bədii-estetik prinsiplərini və musiqi təfəkkürünü də nəzərə almaq lazımdır.

Muğamın dramaturji inkişafını sonata-alleqro forması ilə müqayisə etmək məsələsi də bu baxımdan maraqlıdır. Sonata-alleqro müəyyən tematik münasibətlərə, inkişaf və təkrar prinsiplərinə əsaslanan formadır. Muğam dəstgahında da musiqi materialının inkişafı, gərginliyin yüksəlməsi və yekunlaşma kimi dramaturji proseslər müşahidə olunur. Bununla belə, bu iki quruluşun musiqi məntiqi və formalaşma prinsipləri eyni deyil. Ona görə də mən bu münasibəti birbaşa mənşə əlaqəsi kimi deyil, musiqi dramaturgiyasının müxtəlif ənənələrdə necə təzahür etdiyini araşdırmağa imkan verən müqayisəli yanaşma kimi dəyərləndirərdim. Eyni zamanda, muğamın improvizasiya prinsipləri ilə caz musiqisinin improvizasiya ənənələri arasında da müqayisəli araşdırmalar aparmaq mümkündür.

Hər iki musiqi mühitində ifaçının yaradıcılıq sərbəstliyi mühüm əhəmiyyət daşıyır. Lakin bu ümumi xüsusiyyət muğamın caz musiqisinin yaranmasına birbaşa təsir göstərdiyini öz-özlüyündə sübut etmir. Belə məsələlər musiqi tarixi, qarşılıqlı mədəni əlaqələr və konkret tarixi mənbələr əsasında araşdırılmalıdır.

Mən hesab edirəm ki, muğamın elmi əsaslarla öyrənilməsi, onun məqam sisteminin, melodik inkişafının, şöbə və guşələrinin, improvizasiya prinsiplərinin və ifa xüsusiyyətlərinin tədqiqi Azərbaycan musiqişünaslığının qarşısında duran mühüm vəzifələrdəndir. Bu sahədə Sizin (Prof.Dr. İlqar İmamverdiyev) kimi araşdırma aparan, musiqi irsimizi öyrənən və əldə etdiyi bilikləri yazılı şəkildə gələcək nəsillərə ötürən mütəxəssislərin fəaliyyəti xüsusi qiymətə layiqdir.

Milli musiqi irsimizin qorunması və gələcək nəsillər

İlqar müəllim, sizin gördüyünüz işləri yalnız bir kitabın nəşri ilə məhdudlaşdırmaq olmaz. «Saz havaları antologiyası», «Koroğlu havaları», «Dədə Şəmşir ifacılığı sənətində ənənəvi saz havaları», 6 cilddən ibarət «Azərbaycan xalq mahnıları» və «Azərbaycan rəqs  havaları atlası», «Azərbaycan muğam dəramədləri və rənkləri Ensiklopediyası» adlı fundamental əsərlərin, xalq havalarının nota köçürülməsi, musiqi nümunələrinin toplanması və sistemləşdirilməsi istiqamətindəki fəaliyyətin milli musiqi irsimizin qorunması baxımından əhəmiyyətlidir.

Şifahi ənənəyə əsaslanan musiqi nümunələrinin toplanması, nota köçürülməsi və elmi şəkildə araşdırılması onların gələcək nəsillərə çatdırılması üçün mühüm vasitədir. Çünki musiqi irsini qorumaq yalnız onu ifa etməklə bitmir. Həmin irsi sənədləşdirmək, tarixi kontekstini öyrənmək, ifa xüsusiyyətlərini müəyyənləşdirmək və gələcək tədqiqatçılar üçün etibarlı mənbələr yaratmaq da vacibdir.

Milli musiqi mədəniyyətinin inkişafı ifaçıların, bəstəkarların, musiqişünasların və pedaqoqların birgə fəaliyyətindən asılıdır. Hər birinin öz vəzifəsi, öz yanaşması və məsuliyyəti var. İfaçı sənətkar milli ənənəni yaşadır, bəstəkar onun bədii imkanlarını yeni əsərlərlə genişləndirir, musiqişünas isə bu prosesləri araşdıraraq elmi biliklərin formalaşmasına töhfə verir.

Bu baxımdan, tar sənətinin gələcəyini düşünərkən yalnız bugünkü ifaçıların uğurlarına deyil, həm də onların hansı bilikləri və ifaçılıq mədəniyyətini gələcək nəsillərə ötürəcəklərinə diqqət yetirməliyik. Gənc musiqiçilərə düzgün texniki vərdişlər aşılamaq, onların musiqi dünyagörüşünü genişləndirmək, muğamla yanaşı, müxtəlif bəstəkarlıq məktəblərini öyrənmələrinə şərait yaratmaq vacibdir.

Mənim üçün milli musiqiyə xidmət etmək yalnız onu sevmək və təbliğ etmək deyil, həm də onun inkişafına mane olan problemləri görmək, həmin problemlər haqqında düşünmək və mümkün həll yollarını axtarmaq deməkdir. Sənətə olan həqiqi məhəbbət insandan həm də tələbkarlıq, məsuliyyət və daim öyrənmək əzmi istəyir.

Sənətə xidmət və dostluq haqqında

Əziz İlqar müəllim, sizə çox başağrısı vermək istəmirəm. Sadəcə, ürəyimdən keçənləri bir sənətkar, musiqiçi və savadlı həmkarım kimi sizinlə  bölüşmək istədim.

İnanıram ki, siz də mənim kimi tar sənətinin inkişafını, onun həqiqi imkanlarının üzə çıxarılmasını və milli musiqi ənənələrimizin daha mükəmməl şəkildə gələcək nəsillərə ötürülməsini arzulayırsınız.

Kaş ki, Bakıda olardınız! Sizin kimi geniş biliyə, dərin dünyagörüşünə və araşdırma qabiliyyətinə malik insanların Azərbaycan musiqi mühitində daha fəal iştirak etməsi çox vacibdir. Elmi düşüncənin, ifaçılıq təcrübəsinin və pedaqoji fəaliyyətin bir araya gəlməsi musiqi mədəniyyətimizin inkişafına yeni imkanlar aça bilər.

Azərbaycanı dünyada tanıdan ən böyük mənəvi sərvətlərimizdən biri onun zəngin musiqisi, istedadlı sənətkarları və əsrlər boyu formalaşmış mədəniyyət ənənələridir.

Tar, saz və muğam yalnız musiqi alətləri və ya ifa janrları deyil; onlar xalqımızın tarixi yaddaşını, estetik dünyagörüşünü və mənəvi təcrübəsini yaşadan dəyərlərdir.

Bu dəyərləri qorumaq, öyrənmək və dünya arenasında tanıtmaq hər birimizin məsuliyyətidir. Siz  öz araşdırmalarınız, 78 sayda monoqrafiyalarınız və yaradıcılığınızla Azərbaycan ənənəvi musiqi mədəniyyətimizə mükəmməl töhfələr verirsiniz. Arzu edirəm ki, gördüyünüz işlər daha geniş miqyasda tanınsın, elmi və sənət ictimaiyyəti tərəfindən layiqincə qiymətləndirilsin, əsərləriniz musiqiçilər, tələbələr və tədqiqatçılar üçün faydalı mənbələrə çevrilsin.

Əminəm ki, milli musiqimizin gələcəyi ənənələrə sədaqətlə yanaşı, yeni düşüncəyə, elmi araşdırmaya və yaradıcı təşəbbüslərə də bağlıdır. Biz keçmişimizi nə qədər dərindən öyrənsək, bu günümüzü bir o qədər düzgün qiymətləndirə və gələcəyimizi daha inamla inşa edə bilərik.

Əziz dostum, sizə ilk növbədə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, yaradıcılıq enerjisi və yeni-yeni uğurlar arzulayıram! Qoy qələminiz heç vaxt dayanmasın, düşüncələriniz  yeni ideyalarla zənginləşsin, elmi axtarışlarınız və yaradıcılığınız  Azərbaycan musiqi mədəniyyətinin inkişafına bundan sonra da xidmət etsin.

Qoy tarımızın səsi daim yüksək arenalardan gəlsin, muğamımızın sehri könülləri fəth etsin, milli musiqi irsimiz gələcək nəsillərin əlində daha da zənginləşərək yaşasın!

Yolunuz  açıq, qələminiz  iti, sənət eşqiniz daim olsun, əziz İlqar!

Sizə və milli musiqimizin qorunması, öyrənilməsi və dünyada təbliği naminə çalışan bütün sənət adamlarına böyük hörmət və ehtiramla

Qorxmaz Axundov

Rusiya Azərbaycanlı Gənclər Birliyinin nəzdindəki “Şuşa” Azərbaycan Musiqi Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Əməkdar artisti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью