Tarakanların təbiətdə rolu nədir? ARAŞDIRMA

31.08.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Yaponiyanın Kobe Universitetinin alimləri quru hermit xərçənglərinin və Avstraliya tarakanlarının parazit bitki növü olan Balanophora fungosa toxumlarının yayılmasında mühüm rol oynadığını müəyyən ediblər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri göstərib ki, adətən zərərverici hesab olunan bu canlılar Okinava prefekturasının İşiqaki adasındakı rütubətli meşələrdə bitkilərin yayılmasına kömək edən əsas canlılardan biridir. Araşdırmanın nəticələri Ecological Society of America-nın elmi nəşrində dərc olunub.

Balanophora fungosa fotosintez etməməsi və digər ağacların köklərində parazitlik etməsi ilə fərqlənir. Bitki həyatının böyük hissəsini torpağın altında keçirir. Onun səthə çıxan meyvələri göbələklərə bənzəyir və fermentasiya qoxusu yayır.

Bioloq Kendzi Suetsuqu bitkiləri müşahidə etmək üçün fototələlər quraşdırıb. 89 saatlıq müşahidə zamanı 6427 foto çəkilib. Görüntülərdə gecə saatlarında müxtəlif həşərat və xərçəngkimilərin bitkinin meyvələrinin ətrafına toplandığı qeydə alınıb.

Məlum olub ki, quru hermit xərçəngləri qidalanarkən orta hesabla 86 meyvəni caynaqları ilə daşıyır, həmçinin onların bir hissəsini udurlar. Alimlər müəyyən ediblər ki, toxumlar bu canlıların həzm sistemində parçalanmır və ifrazatla xaric olduqdan sonra da həyat qabiliyyətini qoruyur.

Tarakanlar da bitkinin meyvələri ilə qidalanaraq toxumların yayılmasına kömək edir. Bununla belə, onların daşıdığı toxumların sayı xərçəngkimilərlə müqayisədə daha azdır. Quru hermit xərçənglərinin uzun məsafələr qət edə bilməsi isə mikroskopik toxumların meşə ərazisində onlarla metr məsafəyə yayılmasına imkan verir.

Tədqiqatın müəllifi Kendzi Suetsuqu bildirib ki, araşdırma quru hermit xərçəngləri və tarakanların toxum yayıcısı kimi çıxış edə bildiyini göstərən ilk empirik sübutdur.

Onun sözlərinə görə, əldə olunan nəticələr meşə ekosistemlərinin öyrənilməsi zamanı çox vaxt diqqətdən kənarda qalan kiçik onurğasızların ekoloji roluna dair təsəvvürləri genişləndirir.

Əvvəllər alimlər toxumların əsasən quşlar və məməlilər vasitəsilə yayıldığını düşünürdülər. Tarakanlar isə dünyada daha çox insanlarla sıx əlaqədə yaşayan həşəratlar və infeksiyaların daşıyıcıları kimi tanınır. Lakin yeni araşdırma onların vəhşi təbiətdə rolunun daha mürəkkəb olduğunu göstərib.

Alimlərin fikrincə, tarakanlar üzvi maddələrin parçalanmasında iştirak etməklə yanaşı, həssas bitki növlərinin yaşamasına və biomüxtəlifliyin qorunmasına da töhfə verə bilirlər.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью