Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
Əli Zərbəlinin ötən kitab sərgisində aldığım “Hər şey dəyişəndə” hekayələr kitabını böyük maraqla oxudum.
Ötən ilin noyabrında gənc yazıçı Orxan Cuvarının “Ədəbiyyat qəzeti”ndə oxuduğum “Musson küləkləri” hekayəsi yeni nəslin ədəbi perspektivinə inamımı xeyli artırmışdı. Son günlərdə oxuduğum Əli Zərbəlinin 12 hekayədən ibarət “Hər şey dəyişəndə” kitabı bu inamı daha da artırdı. Əslində bu fikri əksinə də demək olar. Çünki Əli Zərbəlinin hekayələri daha əvvəl nəşr olunub. Sadəcə mən onu gec oxumuşam.
Amma Zərbəlinin ilk kitabından sonrakı hekayələri də ədəbi mühitdə maraqla qarşılanmışdı. Ötən il “Park nəşriyyatı” tərəfindən nəşr olunan “Müstəqillik dövrünün ən yaxşı hekayələri” kitabında onun yenilik ruhu ilə seçilən “Qayıdış” hekayəsi də yer almışdı. Həmin (2025) ilin sonunda müəllifin “Entropiya”, xüsusilə bu il nəşr olunan “Kənd havası” hekayələri sözün tam mənasında ədəbiyyat havası üzərində köklənən bədii mətnlərdir.
Bu hekayələr yazı texnikasına, ədəbi üslubuna, təhkiyə tərzinə görə bir az da mənə Rüstəm İbrahimbəyovun ilk hekayələrini (“Mürəbbəsiz çörək”, “Qış gecəsi”, “Bağ evi”, “Nəğmə dərsi”, “Gecikmiş avqust” və s.) xatırlatdı.
Doğrusu, Əli Zərbəlinin “Hər şey dəyişəndə” adlı ilk kitabında toplanan, bir birindən fərqli, bir birini təkrar etməyən dramatik süjetli hekayələr qısametrajlı filmlər kimidir. Sanki bu hekayələri oxumursan, filmə baxırsan, canlı mənzərəni seyr edirsən. Kitabda yer alan “Yay tətilini necə keçirdim” essesi isə hekayədən daha çox ssenarini xatırladır. Bu ssenarivari hekayədə pul haqqında “fəlsəfi” mükalimədə hələ adı məlum olmayan personajlardan biri deyir ki, “bu xarabada halal pul qazananların hamısının belində yırtıq var.” (s. 127) Sərrast ifadədir və həm də Ənuşiravan padşah dövründə olduğu kimi dünyada belə xarabaların sayı çoxdur, həddindən çox.
Hekayələrin demək olar ki, hamısı qəfil başlanır, sonra hadisə yaranır, süjet şaxələnir, proses mətnləşir. “Harada qaldın?” (Ürəkbulanma), “Müdirə koronovirusa yoluxduğunu bildir” (Corab oğrusu), “Avqust idi. Dəqiq bilirəm…” (Adamlar və çinarlar), “Kinoteatrın qabağında dayanır və qol saatına baxır (Qan və süd), “Məcid getdikcə qızışırdı” (Başsağlığı), “Baba öləndən bəri nənə tamamilə tək qalıb” (Solğun pərdələr və parlaq qalstuklar), “Nəyə gülürsən?” (Yay tətilini necə keçirdim), “Z. Sonuncu cümləni tamamlayıb stula yayxındı” (Kölgə, yaxud itmiş sözlərin izahlı lüğəti), “Murad qapını taqqıldatdı” (Hər şey dəyişəndə) və sair.
Bu hekayələrdə baş verən hadisələr uzun zaman ərzində deyil, müasir oxucunun zövqünə və mənəvi ehtiyacına uyğun bir gündə, bəzən bir neçə saatda baş verir, hər bir mətn öz-özlüyündə zamanla ayaqlaşır.
Bu hekayələrin özəlliyi və gözəlliyi ondadır ki, müəllif yazdığı hekayə və esselərdə kənar seyrçi deyil, hadisələrə və proseslərə pəncərədən baxmır, kənardan seyr etmir, onlara nüfuz edir, onları yaşayır, onlarla yaşayır. Yazıçılığın təməl meyarlarından biri, bəlkə də birincisidir bu. Belə olanda mətn süni olmur, həyatın özü kimi canlı olur.
Bu hekayələrin biri barədə professor Cavanşir Yusiflinin ötən ilin iyun ayında “Ədəbiyyat qəzeti”ndə “Bədii mətnin sirlərini açan mətnlər” adlı çox maraqlı məqaləsi çıxıb. Cavabşir Yusifli yazır ki, Əli Zərbəlinin “Kölgə, yaxud itmiş sözlərin izahlı lüğəti” hekayəsi, “açıq və sirli, məlum və naməlum mənaların qovuşuğunun yaratdığı bir mətndir. Məna və onun formalaşdırdığı mətn xaraktercə təkrarsızdır, onun real gerçəklik və kosmosla əlaqələri bu və ya digər hekayənin arxasındakı aləmləri seyr etmək imkanını özündə ehtiva edir.” Çox dəqiq dəyərləndirmədir və təcrübəli ədəbiyyat tənqidçisi bədii mətnə zərgər dəqiqliyi ilə qiymət verir.
Əslində, professor Cavanşir Yusiflinin bu yanaşmasını kitabda yer alan hekayələrin bəzilərinə də aid etmək olar. Məsələn “Adamlar və çinarlar” hekayəsi müharibənin gətirdiyi ağrıların, faciənin, sarsıntıların insan ağlının və düşüncəsinin qavraya biləcəyindən, arzuların, xəyalların və ümidlərin ölməsindən daha dərininə nüfuz edib. Artıq həyatda olmayan döyüş yoldaşı leytenant Cavid Hospitalda yatan Nurlanın yanına gəlir (xəyalən), deyib-gülür, dərindən köks ötürür, beretini alaraq “qapıya doğru tərəddüdlü, məğlub addımlar” atır. (s.50)
Hospitalda ağır sarsıntılar keçirən Nurlan tez-tez qatar səsi eşidir və deyir “yalnız zülmət qatar səsini tamamilə udandan sonra fərqinə vardım ki, bu gördüyüm qatar deyildi, metal çarxlı tabut idi.” (s. 56) İnsan əzabların bütün ağrı-acısı hekayənin canına, ruhuna, sətirlərinin arasına səpələnib.
“Qan və süd” hekayəsində macara axtaran kişi “ömrünü yarı etmiş karandaşla rəsmlər çəkir” (s. 59) və “təsadüfən” rastlaşdığı “qadının ürək döyüntülərini qabırğalarına dəyən zəif yumruqlar kimi hiss edir”. (s. 70-71). “Başsağlığı” hekayəsinə Səməndərin başına gələn tragikomik əhvalat, hər kəsdən ünvanı bəlli olmayan başsağlığı alması onu ağlını itirmək dərəcəsinə çatdırır və o, sonda ağlı ilə bərabər özünü də itirir. Hekayənin sonunda başsağlıqlarından xəstəxanalıq olmuş keçmiş ərinin yanına gəlmiş Leyla ürkək baxışlarla onu müalicə edən həkimə yaxınlaşır və “həkim papağını əllərində dartışdıra-dartışdıra deyir: “Başınız sağ olsun.” Səməndəri də elə bu sözlər öldürmüşdü.
Adamın öz oxşarı ilə qarşılaşdığı qeyri-adi mənzərə də “1/2” hekayəsində bədii mətn kimi maraqla oxunur və gözlənilməz sonluqla qurtarır. Barda təsadüfən rastlaşdıqları irlandlarla birlikdə şən gecə keçirəndən sonra “əsnəyib evə getmək istəyən” Yaqubun sevgilisi onun oxşarı Raminə “sintetik bir təbəssümlə “gecəniz xeyrə” deyib qapıya doğru addımlamağa başladı” və hekayənin gözlənilməz dramatik sonluğu da bundan sonra baş verdi, Ramin bütün gecə boyu onu aşağılayn, lağa qoyan Yaqubdan öz qisasını alır. Yaqub dizi üstə çöküb ayaqqabısını bağlayanda Ramin əlindəki pivə butulkasını onun başında çilik-çilik edir. (s. 123) Ramin bu hadisədən sonra küçə boyu “işıq dirəklərinin altında dəli kimi qaçan kölgəsini görürdü.” (s.124)
Bu maraqla oxunan hekayələrdə təəssüf ki, bəzən yerinə düşməyən sözlər, ifadələr də var. Onların bəziləri hələ Azərbaycan dilinə tam daxil olmayan alınma sözlərdir. Məsələn, inqrediyent “kreativ” ifadə olsa da, bir sıra reklamlarda istifadə edilsə də, hələ ki, dilə oturuşmayıb. “Rumka” (s. 18), “adyal” (s. 40), “heksaqonal”, “oktaqonal” (s. 48) və sairlr də həmçinin.
Doğrudur müəllifin öz əsərində hansı sözdən necə və neçə dəfə istifadə etməsi onun müstəsna hüququdur. Lakin fikrimcə, Əli Zərbəli “Hər şey dəyişəndə” adlı hekayələr toplusunda yeri gəldi-gəlmədi “qapmaq” və “dürtmək” ifadələrindən həddindən çox istifadə edib. Sanki müəllif “dürtmək”, “dürtüşdürmək”, “dürtüşdürdü” ifadələrini bütün kitab boyu mətnə səpib.
Nəticədə, bu ifadələr su dəyirmanında çəkilmiş ağappaq düyünün içərisində qalmış çəltik kimi gözə dəyir. Məsələn, toplunun gözü olan “Kölgə” hekayəsinin birinci səhifəsi “masada qalaqlanmış kitabların arasına dürtüşdürdü” ifadəsi ilə başlayıb sonuncu səhifəsi “cild-cild lüğətlərin arasına dürtdüyü əlyazmanı dartıb çıxardı” ifadəsi ilə başa çatır.
Şübhəsiz ki, bunlar mənim oxucu qeydlərimdir. Ola bilsin ki haqlı deyiləm, amma söz yerin tapanda daha təbii görünür. Əli Zərbəli istedadlı yazıçıdır, özünə məxsus maraqlı təhkiyəsi və yazı tərzi var. Elə ilk hekayələrindən ədəbiyyat üçün vacib olan bu istedad, bu təhkiyə, bu yazı tərzi duyulmaqdadır.
Müəllif: Cəmil Həsənli