Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 11 dekabr, AZƏRTAC Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hələ birinci dövründə respublikada güclü iqtisadi potensial yaratdı.
O, 1969-1982-ci illərdə çoxsaylı sənaye müəssisələrinin tikintisi üçün mərkəzdən vəsaitlər ayrılmasına nail oldu, əvvəlki 50 ildə tikilən müəssisələrin sayından qat-qat çox - 250-dən çox zavod, fabrik və digər istehsalat sahələri tikilib istifadəyə verildi.
Bakı ilə yanaşı, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma müəssisələri istifadəyə verildi.
Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı tarix üzrə fəlsəfə doktoru Xalidə İbrahimova söyləyib.Xalidə İbrahimova vurğulayıb ki, Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin məzunu olan Heydər Əliyev tarixi yazan deyil, tarixi yaradan oldu.
Heydər Əliyevi ən çox maraqlandıran məsələlərdən biri də Azərbaycan tarixinin öyrənilməsi, tədqiqi və təbliği idi.
Azərbaycanlıların soyqırımı, Qərbi Azərbaycan, Şimali Azərbaycan xanlıqlarının Rusiya imperiyası tərəfindən zəbt olunması, Azərbaycan Xalq Cümhuriyyəti haqqında həqiqətlərin üzə çıxarılmasını tarix elminin mühüm bir problemi kimi rəsmi şəkildə əsaslandırması, Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi, “Kitabi-Dədə Qorqud”un 1300 illiyinin geniş miqyasda qeyd olunması Heydər Əliyevin Vətən sevgisinin zirvəsi, tariximizə və millətimizə böyük elmi xidmət nümunəsidir.
Heydər Əliyev bütün sahələr üzrə, xüsusən hərbi sahədə milli kadrların hazırlanması məqsədilə Moskvadakı bəzi qüvvələrin etirazına baxmayaraq Azərbaycanda hərbi məktəbin açılmasına nail oldu.