Tarixçidən türk serialına etiraz: Tarixi oxusunlar!

18.09.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

“Mehmet: Fəthlər Sultanı” serialındakı o epizod tarixi reallığı əks etdirmir. Çünki dövrün bütün mənbələrində Həsən padşahın Avropa diplomatlarını, göndərilən elçiləri qarşılaması prosesinin o dövrün ənənəsinə uyğun, yəni protokol qaydasında həyata keçirildiyi göstərilir. Diplomatların iməkləyə-iməkləyə onun qarşısına gəlməsi o ssenarini yazanların uydurmasıdır. Belə bir məlumat dövrün heç bir qaynağında yoxdur.

Bu sözləri AMEA Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın XV-XVIII əsrin tarixi” şöbəsinin müdiri Tofiq Nəcəfli Kult.az-a açıqlamasında Venesiya elçisi Zenonun Həsən padşahın hüzuruna sözügedən filmdə ayaqyalın və sürünərək gəlməsi epizodu barədə danışarkən deyib.

“Yaxşı olardı ki, heç olmasa, o ssenarini yazanlar vaxtilə venesiyalı səyyahların, diplomatların Həsən padşahın sarayında olması ilə bağlı kitablarına baxmış olardılar. O kitablar Tufan Gündüz tərəfindən 2006-cı ildən başlayaraq ardıcıl şəkildə farscadan türkcəyə tərcümə olunub. Orada Katerino Zeno da var, Ambroko Kantarini də var və bilavasitə onunla bağlı olan digər qaynaqlar da mövcuddur. Onlara baxmış olsaydılar, belə bir yalanı geniş ictimaiyyətə təqdim etməzdilər”, - o bildirib.

Tarixçinin sözlərinə görə, Həsən padşahın dövrünün görkəmli sərkərdəsi və dövlət xadimi olması ilə bağlı kifayət qədər yazılar var:

“Elm və mədəniyyətin təmsilçisi kimi çıxış edən, bütün cümə günləri öz sarayında məclislər təşkil edib elmi müzakirələr keçirən bir adam necə qəddar ola bilərdi? Digər tərəfdən, onu müşahidə edən Avropa səyyahlarının, diplomatların gündəlikləri var. Bunlar da göstərir ki, deyilənlər uydurmadan başqa bir şey deyil.

Otluqbeli döyüşündə Ağqoyunlular məğlub olmuşdular. II Mehmet qalib gəlmişdi. O, ələ keçirdiyi Ağqoyunlu əsgərlərinə necə rəftar etmişdi? Qəddarlığı orada göstərdi, oradan bir salamat adam çıxmışdı? Yalnız Teymurilərin Ağqoyunlu sarayına, yəni Həsən padşahın sarayına sığınmış şəxslər çıxmaq şərti ilə, digərlərinin hamısı öldürülmüşdü.

Vaxtilə biz “Möhtəşəm Yüzil” ilə bağlı etirazımızı bildirmişdik, onu da qarşı tərəf düzgün qiymətləndirmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan o zamankı mədəniyyət nazirini vəzifədən uzaqlaşdırmışdı.

İndi bu serial hələlik davam edir və serialda əks olunan informasiyaların tarixi gerçəkliyi əks etdirib-etdirməməsini sorğulayanda qarşı tərəf dərhal bildirir ki, bu, ssenaristin düşüncəsidir, belə düşünüb. Hər düşünülən şey filmə gətirilməz ki! Nəzərə almaq lazımdır ki, filmi izləyənlər onu tarixi reallıq kimi qəbul edir. Ona görə də bununla bağlı düşünməyin və tədbir görməyin vaxtı çatıb”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью