Tarixdə iz qoyanlar Cümhuriyyətin həbs olunan diplomatı

31.01.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Modern.az saytında “Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edirik.
Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.
Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 
Müsəlman Şərqinin ilk  demokratik dövləti - Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) tanınmış ictimai-siyasi və  dövlət xadimlərindən biri - Məmməd Yusif Cəfərovun ictimai-siyasi fəaliyyəti oxucular üçün da maraqlı olar.

Məmməd Yusif Cəfərov 1885-ci il martın 14-də Bakı şəhərində anadan olmuşdur. O, 1907-ci ildə Bakıda kişi gimnaziyasını bitirdikdən sonra Moskvaya gedərək Moskva Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuş və 1912-ci ildə həmin təhsil ocağını fərqlənmə diplomu ilə bitirmişdir. O, daha sonra “ Nikahın şəriət üzrə pozulması” haqqında rəy mövzusunda hüquq elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Moskvada ali təhsilini başa vurduqdan sonra M.Y. Cəfərov Bakıya qayıtmış və burada məhkəmədə andlı hakim köməkçisi vəzifəsində çalışmışdır.

1912-ci ilin sentyabr-oktyabr aylarında  keçmiş Rusiya imperiyasının hər yerində olduğu kimi Cənubi Qafqazda da  Dövlət Dumasına seçkilər  keçirildi. Hüquqşünas olaraq Bakı əhalisinin hörmətini qazanmış 27 yaşlı Məmməd Yusif Cəfərov əvvəl Bakıda, daha sonra isə oktyabrın 20-dəYelizavetpolda Bakı, Yelizavetpol və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən IV Dövlət Dumasına deputat seçilmiş və 1912-1917-ci illərdə Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərmiş IV Dövlət Dumasında deputat olaraq iştirak etmişdir.  Məmməd Yusif Cəfərov deputat olaraq Dumadakı çixişlarında çar hökumətinin Azərbaycanda yürütdüyü müstəmləkəçilik siyasətini daim tənqid etmişdir. M.Y. Cəfərov IV Dövlət Dumasının işində olduqca fəal iştirak edərək  Dumanın V bölməsinin, Müsəlman fraksiyasının, büdcə, köçürmə, sorğu, məhkəmə islahatı, hərbi və dəniz işləri üzrə komissiyaların üzvü seçilmişdir.

1917-ci ilin fevralında Rusiyada burjua-demokratik inqilabı baş verdi. 1917-ci ilin martın 9-da Müvəqqəti hökumətin təşəbbüsü ilə IV Dövlət Dumasının   Zaqafqaziyadan olan deputatlarından ibarət Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı. Onun tərkibinə V.Xarlamov(rus), A.Çxenkeli(gürcü), K.Abaşidze(gürcü), M.Papacanovla (erməni) yanaşı M.Cəfərov da daxil edilmişdir. Məmməd  Yusif Cəfərova  yeni yaradılmış  həmin komitədə sənaye və ticarət işlərinə rəhbərlik etmək tapşırılmışdır.

1917-ci il aprelin 15-20-də Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirildi. Tiflisdən gəlmiş Məmməd Yusif Cəfərov həmin qurultayda iştirak edərək təbrik nitqi söyləmişdir.

28 may 1918-ci ildə Rusiya İmperiyasının dağıntıları üzərində Şərqdə ilk demokratik dövlət sayılan  Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və müstəqil dövlət olaraq elan edildi.

Cümhuriyyət dövründə Azərbaycanın  tanınmış ictimai-siyasi  dövlət xadimlərindən biri də Məmməd Yusif Cəfərov olmuşdur. O, 1918-ci il mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişinin sarayında Azərbaycan  Müstəqillik Bəyannaməsini imzalamış 26 görkəmli ictimai-siyasi şəxslərdən biridir. Xatırladıram ki, İstiqlal Bəyannaməsinin qəbulu zamanı Azərbaycanın Milli Şurasının tərkibi aşağıdakı görkəmli ictimai-siyasi xadimlərdən ibarət olmuşdur: - Həsən bəy Ağayev, Mustafa Mahmudov, Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyov, Mir Hidayət bəy Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybətqulu Məmmədbəyli, Mehdi bəy Hacinski, Əli Əsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadad bəy Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Camo bəy Hacinski, Şəfi bəy Rüstəmbəyov, Xosrov bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad bəy Məlik-Yeqanov, Hacı Səlim Axundzadə.

Azərbaycan  Respublikası müstəqil dövlət kimi dünyaya bəyan edildikdən sonra Məmməd Yusif Cəfərov Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı  diplomatik nümayəndəsi təyin edilmişdir.

Məmməd Yusif Cəfərov Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı  diplomatik nümayəndəsi olaraq keçmiş Zaqafqaziya Federativ Demokratik Respublikasının əmlakının bölüşdürülməsi haqqında Gürcüstan hökuməti ilə apardığı danışıqların nəticələri haqqında I918-ci il iyunun  21-də Tiflis şəhərindən  Azərbaycan Respublikasının Xarici İşlər Naziri  M.H.Hacinskiyə məxfi məlumat göndərmişdir. Onun göndərdiyi həmin məxfi məlumatında o cümlədən qeyd edilirdi: "Xəbər verməyə tələsirəm ki,  indicə Gürcüstan Respublikası hökumətinin sədri ilə görüşdüm. Bizim həmin  danışıqlarımızda  Azərbaycan və Gürcüstana dair  bütün məsələlərə toxunuldu. Görünürdü ki, Gürcüstan hökuməti Azərbaycanla Gürcüstan arasındakı münasibətlərin daha da yaşılaşdırılmasını və onun möhkəmləndirilməsini istəyir. Bununla bağlı Gürcüstan hökumərinin sədri bildirdi ki, bu iki dövlətlər  arasında  soyuqluq gətirə biləcək  bəzi məsələlər yaxın vaxtlarda hər iki tərəfin maraqları və razılıqları nəzərə alınmaqla həll ediləcəkdir. Bizim fikrimizə görə ərazilərin müəyyən edilməsi məsələsi silah gücünə deyil, razılıq əsasında öz həllini tapmalıdır".

Azərbaycan Respublikasının Gürcüstan Respublikasında  diplomatik nümayəndəsi Məmməd Yusif Cəfərov öz fəaliyyətində Azərbaycanın ərazi bütövlüyü və onun  toxunulmazlığı prinsiplərinə xüsusi diqqət yetirmişdir. Məsələn, Məmməd Yusif Cəfərovun  1918-ci il avqustun 15-də Ermənistan Respublikasının Gürcüstan Respublikasındakı  müvəkkili A.Camalyana ünvanladığı notada qeyd edilirdi:
"Mənim hökumətimin tapşıriğı ilə sizə bildirirəm ki, Azərbaycan hökumətində olan məlumata görə gen.Andranikin dəstəsindən ibarət olan erməni hərbi hissələri Ermənistan ərazisindən keçib  Azərbaycan ərazisinə daxil olaraq Şuşa şəhərinə gedən yolu(Əskəranı) və Zəngilan qəzasının bir hissəsi olan Gorusu işğal etmişlər. Erməni hərbi hissələrinin bu  hərəkəti Azərbaycan Respublikasına qarşı düşmən aktıdır  və bu gələcəkdə iki respublika arasında dostluq əlaqələrinin saxlanılmasını qeyri-mümkün edir. Erməni qoşunlarının Azərbaycan ərazisinə soxulmasına qarşı hökumətimin adından qətriyyətlə etiraz edərək  xoş qonşuluq əlaqələrinin qorunub saxlanılması naminə həmin hərbi hissələrin təcili olaraq Azərbaycan ərazisindən geri çıxarılması üzrə təcili tədbirlərin görülməsini xahiş edirəm, əks halda baş verə biləcək sonrakı hadisələ görə Azərbaycan hökuməti məsuliyyət daşımır və bütün məsuliyyət məhz yalnız Ermənistan Respublikası hökumətinin üzərinə düşəcəkdir".

11 noyabr 1918-ci il tarixli 32 saylı rus dilində nəşr olunan “Азербайджан” qəzetində dərc olunmuş məlumatda qeyd edilirdi ki,  Zaqafqaziya Konfransına Azərbaycanın nümayəndəsi olaraq doktor M.A.Vəkilov və Gürcüstan hökuməti nəzdindəki Azərbaycan nümayəndəsi M.Y. Cəfərov seçilmişdir.[4] Əlavə olaraq bonların buraxılması haqqında 1918-ci il noyabrın 15-də Tiflis şəhərində  Azərbaycan və Gürcüstan Respublikaları arasında müqavilə imzalanmışdır. Həmin müqavilə Azərbaycan Respublikası tərəfindən M.Y. Cəfərov, Gürcüstan Respublikası tərəfindən isə Juruli imzalamışdır.

Tarixi faktlar və sənədlər subut edir ki, Azərbaycan və Gürcüstan dövlətləri bir-biri ilə dinc və qarşılıqlı anlaşma və hörmət əsasında yaşayaraq fəaliyyət göstərmişlər. Lakin  Ermənistan Respublikası Qafqazda qonşu dövlətlərlə-Azərbaycan və Gürcüstan Respublikaları ilə dinc yaşamaq istəməmiş və daim münaqışə mənbəyi olmuşlar. Münaqişənin də əsas səbəbi ermənilərin xaincəsinə qonşu dövlət olan Azərbaycan və Gürcüstanın  ərazi bütövlüyünə müdaxilə etməyə çalışması olmuşdur. Lakin ermənilərin həmin müdaxilələrinin qarşısı hər zaman vaxtında alınaraq yerlərində otuzdurulmuşdular. Məsələn, 21 yanvar 1919-cu il tarixli rus dilində nəşr olunan “Азербайджан” qəzetində Azərbaycan Respublikasının Xariçi İşlər Nazirinin müavini A.x. Ziyadxanovun İravana Ermənistan Respublikasın xarici işlər nazirinə ünvanladığı nota dərc edilmişdir. Həmin notada qeyd edilirdi: "Bizim hökumət tərəfindən məlumat əldə edilmişdir ki, erməni hakimiyyəti Qazax qəzasında Azərbaycanın ərazisi hüdudlarında-Uzuntalada gömrük keçidi təşkil etmişdir. Bu akt əlbəttə ki,   Azərbaycanın qanuni hüquqlarının pozulması deməkdir. Bununla əlaqədar mənim hökumətim öz etirazını bildirməklə yanaşı həmin keçidin aradan qaldırılması haqqında sizin hökumətin qərarını gözləyir".

Azərbaycanda Gürcüstan Respublikasının diplomatik nümayəndəsi nəzdində Gürcüstan hökuməti tərəfindən hərbi attaşesinin təyin etməsi haqqında Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı diplomatik nümayəndəsi Məmməd  Yusif Cəfərov 1919-cu il fevralın 19-da  Azərbaycan Respublikasının Nazirlər Şurasının sədri və Xarici işlər naziri F.X. Xoyskiyə  772 saylı məlumatı  məktub göndərmişdir. Həmin məktubda  qeyd edilirdi:”  Gürcüstan Respublikasının xarici işlər naziri fevralın 17-də 1312 saylı məlumatla mənə bildirmişdi ki, polkovnik Karqaleteli və onun yanında iki ober-zabit-poruçik Zaldatanov və poruçik Orbeliani Azərbaycanda Gürcüstan Respublikasın diplomatik nümayəndəsi nəzdində hərbi attaşesi təyin edilir və adı çəkilən zabitlər həmin tarixdən etibarən Bakıya yollanırlar”. 1919-cu il martın 8-də Azərbaycan Respublikası ilə Gürcüstan Respublikaları arasında dəmiryolu əlaqələri haqqında müqavilə imzalanmışdır. Həmin tarixi dövrdə bu müqavilə hər iki dövlət üçün böyük iqtisadi və siyasi əhəmiyyət daşıyırdı. 1919-cu il  oktyabr 14-də Zaqafqaziyadakı İtalyan hərbi missiyasının rəisi N.R. Qabba Qafqaz ilə İtaliya arasında komersiya dəniz yolunun qurulması haqqında xarici işlər naziri M.Y.Cəfərova məlumat təqdim etmişdir.

Arxiv sənədləri təsdiq edir ki, Məmməd Yusif Cəfərov ayrı-ayrı dövrlərdə fəaliyyəti boyu  müxtəlif vəzifələrdə olmuşdur. O, 1917-ci ilin noyabrından Zaqafqaziya Komissariyatında ticarət və sənaye komissarı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 28 may 1918-17 iyun 1918-ci il tarixində fəaliyyət göstərmiş I hökumət kabinəsində sənaye və ticarət naziri; 14 aprel – 22 dekabr 1919-cu il tarixdə fəaliyyət göstərmiş IV hökumət kabinəsində isə musavat partiyasını təmsil edərək Xarici işlər naziri vəzifəsini tutmuş və bu vəzifədə həmin ilin dekabrın 22-ə dək çalışmışdır. M.Y. Cəfərov Xarici işlər naziri olaraq fəaliyyətində daim Azərbaycan Respublikasının və xalqımızın  maraqlarını müdafiə etmişdir. Onun mövqeyi imzaladığı bir sıra sənədlərdə, o cümlədən Azərbaycan və Gürcüstan respublikaları arasında müdafiə sahəsində əməkdaşlıq haqqında sazişdə, eləcə də azərbaycanlılara qarşı soyqırımı və ayrı-seçkilik siyasəti əleyhinə Ermənistan xarici işlər nazirliyinə yolladığı notalarda, eləcə də  müsəlman əhalisinin mənafeyinin, əmlakının müdafiə edilməsinə , Azərbaycanın ərazi bütövlüyünün qorunması haqqında B. Britaniyanın Cənubi Qafqazdakı və Bakıdakı qoşunlarının komandanlıqlarına göndərdiyi notalarda öz əksini tapmışdır.

Xüsusi olaraq qeyd edilməlidir ki, M.Y. Cəfərovun  imzaladığı sərəncamla çar Rusiyasının Cənubi Qafqazda yürütdüyü siyasətinə dair sənədlər toplusunun hazırlanması üçün xüsusi kimissiya yaradılmışdır. Məmməd Yusif Cəfərov 1920-ci il fevralın 2-də Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə Azərbaycan Parlamenti sədrinin birinci müavini seçilmiş və Cümhuriyyətin sonunadək həmin vəzifədə çalışmışdır.

Arxiv sənədləri təsdiq edir ki, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sonuncu iclası məhz Parlamentin sədr müavini Məmməd Yusif Cəfərovun sədrliyi və  Rza bəy Qaraşarlının katibliyi ilə 1920-ci il aprelin 27-də keçirilmişdir. Parlamentin sonuncu iclasında gərgin müzakirələrdən sonra müstəqil respublikanın şimal sərhədlərindən Qızıl ordunun gözlənilən hərbi müdaxiləsi təhlükəsi qarşısında ölkədə  vəziyyətin ağırlığını aydın  dərk edərək  əksər səs çoxluğu ilə "istiqlaliyyət, millət və məmləkəti layiqincə müdafiə etmək şərtilə hakimiyyətin kommunistlərə təhvil verilmədinə razılaşdılar və hakimiyyətin Azərbaycan Müvəqqəti İnqilab Komitəsinə verilməsi haqqında qərar qəbul edildi.

Azərbaycan Parlamentinin son iclasına yuxarıda qeyd etdiyimiz kimi məhz Parlamentin sədr müavini Məhəmməd Yusif Cəfərov sədrlik etmişdir.  1920-ci il aprelin 27-də keçirilən Azərbaycan parlamentinin təcili fövqəladə iclasında Hökumətin taleyi Azərbaycan kommunist firqəsinə təslim edildi. Ancaq elə həmin günün səhəri, yəni aprelin 28-də bir gün əvvəldən Bakıya soxulmuş Qızıl ordunun görünməmiş cinayətlər törətməsinə şərait yaradan kommunistlər öz vədlərini asanlıqla unutdular. Nəticədə Azərbaycanın müstəqilliyinə son qoyuldu, demokratik cümhuriyyətin timsalında milli dövləti süquta uğradıldı. Azərbaycan xalqı ilə bərabər, Azərbaycanın dövlət və hökumət rəhbərlərinin, o cümlədən, Məmməd Yusif Cəfərovun həyatında ən ağır və məşəqqətli günlər başlandı. Müstəqillik yolunda az-çox xidmətləri olmuş ictimai xadimlərimiz, vətənpərvər qüvvələr bolşevik terrorunun qurbanına çevrildilər. Minlərlə insan yerindəcə güllələndi, həbsxanalara atıldı, kütləvi repressiyalara məruz qaldı. Bolşeviklər milli hökumətə xidmət göstərmiş şəxslərin hamısını cəzalandırdılar. Bu siyahıda adı birincilər sırasında olan M.Y.Cəfərov da istisna təşkil etmədi. O, ömrünün 5 ilini həbsxana divarları arasında və kütləvi cəza orqanının nəzarəti altında keçirdi.

M.Y. Cəfərov Cümhuriyyətin süqutundan sonra Azərbaycanın pambıqçılıq və şərabçılıq trestlərində hüquq məsləhətçisi vəzifəsində çalışmışdır. Məmməd Yusif Cəfərov 1938-ci il, may ayının 15-də Bakının Şağan kəndində vəfat etmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin varisi sayılan müasir Azərbaycan  Respublikasında Cümhuriyyət nümayəndələrinin heç birinin, o cümlədən Məmməd Yusif Cəfərovun xatirəsi və fəaliyyəti unudulmamış və daim böyük hörmət və ehtiramla yad edilir.
 

Rafiq Səfərov,
Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və
informasiya təminatı şöbəsinin baş məsləhətçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью