Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prezident İlham ƏLİYEV: “Ölkəmizdə belə mötəbər yarışın keçirilməsi də böyük hadisədir”
Azərbaycanın dinamik inkişafı nəticəsində əldə olunan uğurlar onun bütün istiqamətləri üzrə modelini ortaya qoymasına səbəb olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanan ölkəmizin beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara ev sahibliyi etməsi ölkəmizin elmə, təhsilə, mədəniyyətə, idmana və digər sahələrə olan diqqəti ilə yanaşı, bu və ya digər sahələrdə qazanmış olduğu uğur və nailiyətlərin təsdiqidir. Paytaxtımızda NATO Parlament Assambleyasının seminarı, Bakı Beynəlxalq Humanitar, Gənclər siyasəti üzrə I Qlobal forumu, Caz Festivalı, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi mühüm əhəmiyyət kəsb edən müxtəlif məzmunlu tədbirləri təşkil olunmasında Azərbaycanın qazandığı mövqeyi, ölkəmizin beynəlxalq çəkisi, yüksək imici səbəb olmuşdur. Beynəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmə malik olduğundan təşkilatçılıq, təhlükəsizlik, iqtisadi imkanların mövcudluğu da həlledici rola malikdir ki, ölkəmizdə bütün bu və ya digər tədbirlərin yüksək səviyyədə təşkili öz həllini tapır. Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Azərbaycanda keçirilən Dünya və Avropa çempionatları bir daha sübut etdi ki, həqiqətən də, Azərbaycanda idman uğurla və sürətlə inkişaf edir. Prezident İlham Əliyevin dediyi kimi: "İdman Azərbaycanda dövlət siyasətidir. Dövlət bu istiqamətdə öz siyasətini apararkən idmanın hərtərəfli inkişafına nail ola bilmişdir".
“BU AÇILIŞ OYUNUNDA AZƏRBAYCAN KOMANDASININ İNAMLI QƏLƏBƏSİ – BU, ARTIQ TARİXDƏ ƏBƏDİ QALACAQ”
Bu gün Bakı daha bir yarışa ev sahibliyi edir. Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino mərasimi izləyiblər. Əvvəlcə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri FIFA prezidenti Canni İnfantino və digər qonaqlar ilə görüşüblər. Canni İnfantino dövlətimizin başçısına xatirə hədiyyələri təqdim edib.
Azərbaycanın 189 ölkənin milli komandasını bir araya gətirən bu böyük turnirə ev sahibliyi edir. Tarixdə ilk dəfə təşkil olunan 15 yaşadək oğlanlar arasında futbol üzrə dünya çempionatının ən qısa müddətdə və yüksək standartlar əsasında keçirilməsi təmin edilib. Bu konsepsiyanın reallığa çevrilməsi Azərbaycan Prezidentinin göstərdiyi liderliyə və qətiyyətli dəstəyinə əsasən mümkün olub. FIFA prezidenti Canni İnfantino çıxışında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatının və festivalının dünyanı birləşdirdiyini vurğulayıb, Bakıda üç mindən çox futbolçunun və rəsmi nümayəndənin turnirdə iştirak etdiyini diqqətə çatdırıb. Canni İnfantino növbəti yeddi gün ərzində dünyanı bir araya gətirdiklərinə görə Prezident İlham Əliyevə və təşkilat komitəsinə təşəkkürünü bildirib, Azərbaycanla bir yerdə möhtəşəm tarix yazacaqlarını qeyd edib.
Dövlətimizin başçısı, birinci xanım, ailə üzvləri və FIFA prezidenti, həmçinin Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyiblər. Matç Azərbaycan milli komandasının 6:0 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Azərbaycan komandasının futbolçuları ilə görüşüblər. Prezident İlham Əliyev bildirib: “Bir daha təbrik edirəm. Gözəl oyun nümayiş etdirdiniz. Bütün qollar da çox gözəl, hamısı bir-birindən gözəl idi. Görünür ki, böyük məharət və peşəkarlıq tələb edən kombinasiyalar qurulmuşdu. Ona görə hamını sevindirmisiniz.
Əlbəttə ki, ölkəmizdə belə mötəbər yarışın keçirilməsi də böyük hadisədir. Bu, tarixdə qalacaq, çünki ilk çempionatdır. Bu günə qədər futbol üzrə bu miqyasda çempionatlar keçirilməmişdir. Bu açılış oyununda Azərbaycan komandasının inamlı qələbəsi – bu, artıq tarixdə əbədi qalacaq. Ona görə sizi bir daha təbrik edirəm. Bütün xalqımızı sevindirmisiniz. Sizə yeni uğurlar arzulayıram. Sağ olun”. Bildiyimiz kimi, Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalamışdı. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurası Bürosu 2026-cı il iyunun 25-də 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) bu il oktyabrın 22–31-də Azərbaycanda keçirilməsi barədə qərar qəbul etmışdi.
“İDMAN NƏTİCƏLƏRİ ƏLDƏ ETMƏK ÜÇÜN VASİTƏ DEYİL, İDMANIN İNKİŞAFI XALQIN SAĞLAMLIĞIDIR”
Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın "İdman Paytaxtı" seçməsi təsadüfü hal deyil. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib. İdman sahəsinə ayrılan diqqət və göstərilən qayğı gənclərin bu sahəyə olan marağını artırıb. Kütləvi olaraq bu sahəyə axın var. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğulayıb ki, idmanın kütləviliyini təmin edərək biz xalqımızın sağlamlığını qoruyacağıq və bizim gənclərimiz, gənc nəsil sağlam olacaq - həm fiziki cəhətdən, həm mənəvi baxımdan: "Çünki fiziki cəhətdən güclü insan adətən öz gücündən yalnız çətin məqamda istifadə etməlidir. Güclü insanda özünə əminlik var. Fiziki cəhətdən güclü insan heç vaxt ondan zəif insana qarşı zor tətbiq etməməlidir. Ancaq özünü, öz yaxınlarını, öz torpağını qorumalıdır. Ona görə idmanın inkişafı, sadəcə olaraq, idman nəticələri əldə etmək üçün vasitə deyil, idmanın inkişafı xalqın sağlamlığıdır və Azərbaycan xalqı sağlam olmalıdır".
“BİZ QARABAĞI DÜŞMƏNDƏN AZAD EDƏN XALQIQ”
Müasir dövrümüzdə Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər mühiti formalaşıb. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Xalqımızın qəhrəmanlıq tarixini yazanlar da gənclərdir. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir. 44 günlük Vətən müharibəsində gənclərimiz vətənpərvərlik nümayiş etdirdilər. Yüksək milli ruhlu gənclərimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etdi. 30 illik həsrətə son qoyuldu.
"Biz ləyaqətli xalqı və böyük hörmətə layiq olan ölkəni təmsil edirik" – deyən Prezident qeyd edib ki, siz idmançılar bundan sonra, sizdən sonra gələn nəsillər həmişə müzəffər ölkəni təmsil edəcəksiniz: "Bizim Qələbəmiz əbədidir, biz Qarabağı düşməndən azad edən xalqıq və o torpaqlarda həyat yaradan, həyat quran xalqıq".
ƏN MÜASİR İDMAN İNFRASTRUKTURU
Son illərdə Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. "Təkcə onu demək kifayətdir ki, Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksi tikilmişdir. Bakıda isə bu gün ən müasir idman infrastrukturu mövcuddur. Əvvəlki illərdə tikilmiş idman obyektləri əsaslı təmir olundu və eyni zamanda, son illərdə bir neçə böyük stadion, idman zalı inşa edildi. Onların arasında əlbəttə ki, təxminən 70 min tamaşaçı yeri olan Olimpiya Stadionunu qeyd etməliyəm", - deyə Azərbaycan Prezidenti bildirib. Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisi böyük investisiya tələb edən müasir idman qurğularıdır. Eyni zamanda, Bakıda idman şəhərciyi fəaliyyət göstərir". Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və digər idman kompleksləri müxtəlif növ yarışların keçirilməsinə imkan verir. İndi, nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya idman kompleksləri fəaliyyət göstərir.
Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda – paytaxt Bakıda irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Son illərdə dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilən Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilib. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Bu yarışların Azərbaycanda keçirilməsi bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb. Dünyaya əminliklə bəyan etdiyi gücünü, qüdrətini və təhlükəsizlik tədbirlərinə cavabdehliyini göstərib.
Zümrüd BAYRAMOVA