Tarixə qarışmaq ... Nardaran adını yol lövhələrindən siliblər: AYNA bəhanə axtarmağa başlayıb

06.03.2025

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Sea Breeze” layihəsi barədə son vaxtlar çox danışılır. Nardaranda dəniz kənarında salınan yaşayış və turizm kompleksinə hətta əcnəbilər də maraq göstərir. Sosial mediada “Sea Breeze”-in adı bu dəfə başqa məsələ ilə bağlı çox hallanmağa başlayıb. Buzovna-Bilgəh-Nardaran yolundakı lövhələrdə məhz sonuncunun əvəzinə kompleksin adı peyda olub.

Bizimyol.info xəbər verir ki, Nardaranın adını yol lövhələrindən siliblər. Məsələ sosial platformalarda ciddi müzakirəyə səbəb olub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) addımı ciddi etiraz yaradıb. İnsanlar hesab edir ki, orta əsrlərin yadigarı olan Bakı kəndi ilə belə davranmaq olmaz.

AYNA bu yolverilməz addıma bəhanə tapa bilibmi? Əlbəttə! AYNA-nın açıqlamasında deyilir ki, cəlbetmə məntəqəsi “Sea Breeze” olduğundan, məhz bu ad fərqləndirilib. Sosial şəbəkələrdə adın ingiliscə yazılmasına da etiraz olunub. AYNA deyir ki, dünyada belə təcrübə var, orijinallıq qorunmalıdır. Halbuki heç bir halda dövlət qurumunun hazırladığı rəsmi yol lövhələrində biznes obyektlərinin adı bu cür, özü də xarici dildə fərqləndirilməməlidir.

AYNA atdığı addımda hər hansı problem görmür. Hesab edirlər ki, sürücülər istənilən halda söhbətin hansı istiqamətdən gedəcəyini anlayacaq: “Məlumat lövhələrinin əsas funksiyası sürücülərə istiqamət vermək və hərəkəti tənzimləmək olduğundan, əsas cəlbetmə məntəqələrini və hərəkət istiqamətlərini göstərmək prioritet sayılır. Həmin istiqamətdə Nardaran, Pirşağı, Fatmayı, Goradil, Novxanı və digər ərazi vahidləri mövcuddur və bu adların hamısının eyni anda məlumat lövhələrində göstərilməsi mümkün olmayıb”.

Çox yanlış addım atılıb. İnsanların etirazı təbiidir. AYNA son cümlə ilə demək istəyir ki, təkcə Nardaranın adı silinməyib, başqa kəndlərin də fərqlədirilməsi vacib hesab olunmayıb. Onda niyə məhz “Sea Breeze”? Sürücüləri düşünürlərsə, adları çəkilən yerlərə yaşayış və turizm kompleksi ilə müqayisədə daha çox insan üz tutur. AYNA belə zəif arqumentlər səsləndirməkdənsə, qısa zamanda səhvini düzəltməlidir.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью