Icma.az, Konkret.az saytına istinadən bildirir.
ABŞ administrasiyası Fələstin HƏMAS hərəkatı ilə razılaşma əldə edib.
KONKRET.az xəbər verir ki, razılaşmaya əsasən, qruplaşma silahsızlanacaq və Qəzza sektorundakı tunellərin xəritəsini təqdim edəcək, eyni zamanda siyasi partiya kimi fəaliyyətini davam etdirmək hüququnu saxlayacaq.
Bu barədə Fələstin mənbəsi Sky News telekanalına məlumat verib.
Mənbənin sözlərinə görə, sektoru tərk etmək istəyən siyasi və hərbi liderlər bunu öz təhlükəsizlikləri üçün risk olmadan edə biləcəklər. “ABŞ İsraildən onlara qarşı hər hansı addım atılmamasına dair təminat verilməsində israr edəcək”, – deyə mənbə qeyd edib.
Amerikan tərəfinin daha bir təşəbbüsü Qəzza sektorunda yaradılacaq yeni administrasiyaya HƏMAS-dan olan məmur və polis əməkdaşlarının cəlb edilməsini nəzərdə tutur. Bunun üçün həmin şəxslər həm İsrailin, həm də ABŞ-ın təhlükəsizlik xidmətlərinin yoxlamasından keçməlidirlər.
Amerikalı rəsmilərin bildirdiyinə görə, təklif olunan tədbirlərin bir çoxu İsraildə narazılıq doğurur. Xüsusilə HƏMAS-ın siyasi qüvvə kimi qorunub saxlanılması məsələsi kəskin müzakirələrə səbəb olur. Bu yanaşma ABŞ prezidenti Donald Trampın Qəzza sektorunda vəziyyətin tənzimlənməsi ilə bağlı planına zidd hesab olunur.
Müşviq Tofiqoğlu
KONKRET.az