Tarixi bağlanmış məsələ

02.02.2026

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Bizim üçün uzun illər ərzində böyük problemə çevrilmiş, qürur məsələsi olan Qarabağ münaqişəsi tarixi bağlanmış məsələ kimi həll olundu. İdeologiyası terror, vandalizm və vəhşilik üzərində qurulan Ermənistanın, eləcə də onu xaricdən idarə edən və dəstəkləyən siyasi dayaqlarının məqsədli planları tarixə qovuşdu. Bu hadisə həm region üçün, həm də müasirləşən texnoloji inqilablar fonunda sürətlə inkişaf edən, sivil düşüncəyə inteqrasiya olunan dünya üçün son dərəcə önəmli bir məsələdir. Azərbaycan diplomatiyası bu prosesi təkcə regionda dayanıqlı sülhün bərqərar olması üçün deyil, həm də qlobal miqyasda məkrli və ədalətsiz planları həyata keçirməyə çalışan qüvvələrin çirkin niyyətlərinə son qoymaq məqsədilə uğurla reallaşdırdı. Nəticədə biz suverenliyimizi, azadlığımızı və ərazi bütövlüyümüzü bərpa etdik. Dünya isə bu prosesin həyata keçirilməsindən sonra yeni reallıqları qəbul etməyə məcbur qaldı və bunun fonunda yeni geosiyasi münasibətlərin formalaşması ortaya çıxdı. Azərbaycan xalqı, Ordumuz və diplomatiyamızın birliyi sayəsində hərbi, diplomatik və strateji üstünlük əldə edərək tarixi həqiqətlərə qarşı çıxan, tarixi saxtalaşdırmağa çalışan, ədalətsiz və haqsız mövqeləri dəstəkləyən bu toplum düşüncəyə bütün bu addımları ilə ciddi bir siyasi şapalaq vurdu. Qazanılmış bu tarixi dəyərin əhəmiyyətini qiymətləndirməyi bacarmayanlar isə, yumşaq desək, siyasi avaralardır.
Artıq bu çevrələrin mövqeləri mövcud siyasi reallıqlarla uzlaşmır və onların bugünkü reallıqlara uyğun davranış nümayiş etdirə bilməməsi açıq şəkildə görünür. Davranışlarını tənzimləyə bilməyərək səmərəsiz və dövlət əleyhinə yönəlmiş fəaliyyətlərin qarşısının alınması məqsədilə konkret addımlar atılır və bu addımlar Azərbaycan xalqı tərəfindən dəstəklənir. Vaxtilə Qarabağ məsələsində, Vətən müharibəsindən öncə indiki hakimiyyətə göstərilən münasibət tamamilə fərqli məqsədlər üçün istifadə olunsa da, qələbədən sonra biz belə düşündük ki, bu məsələ milli dava və qürur məsələsi olduğu üçün siyasi davranışlarda korrektələr ediləcək. Lakin bu baş vermədi və onlar avara siyasi xəttlərini davam etdirdilər. Çünki onların milli düşüncə tərzini həyata keçirən orqanlarını ildırım vuraraq sıradan çıxarıb
İlham Əliyev Ermənistanın və onun havadarlarının qalıcı işğala əsaslanan siyasi strategiyalarını darmadağın etdi. İşğal yolu ilə bizi zəiflədən, müəyyən mənada ölkə daxilində inamsızlıq yaratmağa nail olan vandal təfəkkürlü Ermənistanın siyasi rəhbərliyinin formalaşdırmağa çalışdığı “yeni Ermənistan modeli” talan edildi. Uzun illər ərzində qurduqları status-kvo dağıdıldı. Onlar yeni siyasi reallıqlarla razılaşmağa məcbur edildilər.
Biz isə regional üstünlüyümüzü diktə edən tərəf kimi mövqeyimizi möhkəmləndirdik Ümumiyyətlə, Cənubi Qafqaz uzun illər ərzində ədalətsizliyə, işğala və ikili standartlara məruz qalmışdı. Beynəlxalq hüquq bu regionda ayaqlar altına atılırdı. Cənab İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti zorakılıq və saxtakarlıq üzərində qurulan siyasi xətti məğlub edərək onu Cənubi Qafqazdan uzaqlaşdırdı. Bununla da yeni model, yeni yanaşma və yeni mərhələ başladı. Nəticədə beynəlxalq münasibətlərdə və beynəlxalq baxışlarda bizə olan münasibət dəyişdi: ədalətli, haqlı, beynəlxalq hüquq prinsiplərini vahid geosiyasi məkanda bərpa edən, regionun əsas aparıcı ölkəsi kimi Azərbaycan yanaşması formalaşdı. Ermənistanın siyasi sisteminə vurulan sarsıdıcı zərbə nəticəsində onun ideoloji xətləri iflasa uğradı. Biz hərbi qələbə ilə yanaşı, diplomatik qələbələr də qazanaraq dünyaya haqq səsimizi qəbul etdirdik. “Dəmir yumruq”la bir daha anladıldı ki, bugünkü reallıqlarda sülhün alternativi yoxdur və əbədi işğal illüziyaları dəfn olundu. Azərbaycan dünyada yeni siyasi, hərbi və diplomatik yanaşma ilə regional liderlik modelini ortaya qoydu. Cənab Prezidentin formalaşdırdığı bu liderlik modeli nəticəsində ölkəmiz enerji layihələri vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başladı. Nəqliyyat dəhlizləri vasitəsilə regionun logistika mərkəzinə çevrildik. Haqq mövqeyimizi beynəlxalq platformalarda qəbul etdirdik və bu gün biz güc mərkəziyik. Regionun siyasi xəritəsini dəyişən diplomatiyanın əldə etdiyi uğurları dəyərləndirə bilməyən avara siyasətçilərin niyyəti və məqsədi isə hamıya bəllidir. Bu addımları, bu uğurları, bu qələbələri və bu qürur inşasını kim həyata keçirsəydi, xalq onun ətrafında birləşərdi. Bəli, bu gün bu xoşbəxtlik İlham Əliyevə nəsib oldu. Müdrik, mütərəqqi, böyük düşüncə sahibi və uzaqgörən siyasi və diplomatik strategiyası ilə bütün sadaladığım qələbələr, uğurlar və nəticələr ölkəmizin xilası və qüdrətli bir siyasi məkana çevrildi.
Bütün xalqımız və gənclərimiz bu siyasi xətti dəstəkləyir və adını böyük ehtiramla çəkir.Yeri gəlmişkən, bu gün Gənclər Günüdür. Çiçəklənən Azərbaycan gəncləri ölkəmizin gələcəyinin, qüdrətinin və yüksəlişinin təminatıdır. Onlar yalnız elmi, mədəni və sosial sahələrdə deyil, həm də milli dəyərlərin qorunmasında, Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsində aparıcı qüvvədirlər. Bu gənclər bizim milli iradəmizi, müstəqilliyimizi və qürurumuzu yaşadacaq, ölkəmizi daha da güclü və hörmətli bir dövlətə çevirməkdə mühüm rol oynayacaqlar. Çiçəklənən Azərbaycan gənclərini ürəkdən təbrik edirəm.
Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью