Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana həyata keçirdiyi dövlət səfəri zamanı səsləndirdiyi bəyanat Azərbaycan-Özbəkistan münasibətlərinin strateji mahiyyətini bir daha nümayiş etdirməklə yanaşı, iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın gələcək inkişaf perspektivlərini də aydın şəkildə ortaya qoydu. Dövlət başçısının fikirləri qardaş ölkələr arasında mövcud tərəfdaşlığın yüksək səviyyəsini əks etdirərək, qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımların əhəmiyyətini vurğuladı.
Dövlət başçısı həmçinin mətbuata çıxışı zamanı açıqlamasında Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın konkret layihələr və qarşılıqlı təşəbbüslər əsasında genişləndiyini vurğulayıb. Bildirib ki, əlaqələr yalnız Bakı və Daşkəndlə məhdudlaşmır, iki ölkənin müxtəlif regionları arasında da birbaşa əməkdaşlıq imkanları getdikcə artır. Regionlararası əməkdaşlıq forumunun keçirilməsi bu baxımdan yeni layihələrin formalaşmasına və mövcud imkanların bir araya gətirilməsinə mühüm zəmin yaradır. Eyni zamanda, investisiya fondunun fəaliyyəti, Azərbaycanın turizm və avtomobil sənayesinə yönələn layihələr iki ölkə arasında iqtisadi münasibətlərin böyük maliyyə potensialına malik olduğunu göstərir.
Bu baxımdan, Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni iqtisadi və geosiyasi reallıqlar Özbəkistanın Mərkəzi Asiyada həyata keçirdiyi inkişaf və islahatlarla uzlaşaraq hər iki ölkə üçün geniş imkanlar yaradır. Bu əməkdaşlıq Azərbaycanın Mərkəzi Asiyada iqtisadi və ticari mövqelərini möhkəmləndirməsinə, Özbəkistanın isə Azərbaycan üzərindən Qərb və Avropa bazarlarına çıxış imkanlarını artırmasına şərait yaradır. Nəticə etibarilə, iki qardaş ölkənin birgə fəaliyyəti qarşılıqlı iqtisadi maraqların təmin olunmasına və regionlararası əlaqələrin daha da genişlənməsinə mühüm zəmin formalaşdırır.
Günay Nəsrəddinova
YAP Yevlax rayon təşkilatının fəalı