Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Yeni tarixin siyasi xronikasına baxdıqda açıq aydın görmək olur ki, Azərbaycan sülh, təhlükəsizlik və regional inkişaf üçün bütün vasitələrdən istifadə edən, beynəlxalq arenada özünəməxsus yerə malik olan və bütün ölkələrlə bu yönümdə qarşılıqlı əməkdaşlıq etməyə hazır olan ölkədir.
Azərbaycan daim sülhpərvər və ədalətli mövqe sərgiləməklə bütün dövlətlərlə təhlükəsizlik şəraitində qarşılıqlı əməkdaşlıq etməyə üstünlük verib. Sülhə, sabitliyə və dinamik inkişafa xidmət edən dövlət siyasətimiz bu gün dost ölkələrin sayını artırmaqla yanaşı dünya dövlətlərini bizimlə tərəfdaşlıq etməyə və əlaqələrini daha da genişləndirməyə sövq edir.
Bunu mövcud geosiyasi mənzərə, ölkəmizin yeni dünya nizamına verdiyi töhfələr və dünya dövlətləri ilə əlaqələri, xüsusilə də yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-Vyetnam münasibətlərinin hazırki gedişatı əyani şəkildə təsdiq edir.
Ölkəmizin dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələri qurduğu dövlətlər içərisində Vyetnamın xüsusi yeri vardır və tarixi köklərə malik olan, yeni inkişaf mərhələsində qədəm qoyan Azərbaycan-Vyetnam əlaqələri bu gün qarşılıqlı etimada və dövlət maraqlarının qorunmasına əsaslanır.
Azərbaycan və Vyetnam arasında münasibətlərin uzun və zəngin tarixi vardır. Xalqlarımız arasında dostluq əlaqələrinin əsası hələ ötən əsrdə qoyulub. 1959-cu ildə Vyetnamın böyük dövlət xadimi Ho Şi Minin Bakıya səfəri bu münasibətlərin inkişafına mühüm töhfə verib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə şərait yaradıb və bu tarixi əlaqələr bu gün də öz əhəmiyyətini qoruyub saxlayır.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Vyetnamla münasibətlərin bugünkü səviyyəyə çatması da bu siyasətin nəticələrindən biridir.
Belə ki, 2014-cü ildə dövlət başçısının Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana səfəri ölkələrimiz arasında siyasi dialoqun davamlılığını təmin edib. 2025-ci ilin may ayında Vyetnam Prezidenti To Lamın Azərbaycana dövlət səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın imzalanması ilə münasibətlərdə yeni mərhələ başlanıb. Bu sənəd Azərbaycan və Vyetnam arasında əlaqələrin daha geniş sahələri əhatə etməsinə imkan yaradır.
Bu gün Cənub Şərqi Asiyanın dinamik inkişaf edən ölkələrindən olan Vyetnamla Azərbaycanın dostluq və qardaşlıq münasibətləri bir çox dünya dövlətləri arasında əlaqələr baxımından nümunə sayılır. Ölkə rəhbərlərinin siyasi iradəsi dövlətlər arasında münasibətlərin möhkəm təməllər üzərində qurulmasına, konstruktiv dialoq və əməkdaşlıq şəraitində dinamik inkişafına xidmət edir.
Bu baxımdan Prezident İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnama səfəri iki ölkə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin növbəti təsdiqi kimi qiymətləndirilir. Səfər çərçivəsində hər iki ölkə liderinin görüşü, səsləndirilən bəyanatlar, xüsusilə Azərbaycan-Vyetnam əlaqələrinin mahiyyəti, qarşılıqlı hörmət və dövlət maraqlarına əsaslanan əməkdaşlıq modelini bir daha nümayiş etdirdi.
Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə iki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olundu, qarşılıqlı maraq doğuran məsələlərə toxunuldu, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirildi.
Azərbaycan və Vyetnamın bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, ölkələr arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Hər iki dövlət öz milli maraqlarına uyğun olaraq beynəlxalq əlaqələrini inkişaf etdirir. Dünyada iqtisadi və siyasi münasibətlərin sürətlə dəyşdiyi dövrdə müxtəlif regionlarda yerləşən dövlətlərin bir-biri ilə əməkdaşlıq etməsi, təcrübə mübadiləsi aparması və yeni iqtisadi imkanlardan istifadə etməsi böyük əhəmiyyət daşıyır.
Azərbaycan və Vyetnam arasında əməkdaşlığın əsas istiqamətlərindən biri iqtisadi münasibətlərin inkişafıdır. Hər iki ölkənin iqtisadi imkanları və təcrübəsi bir-birini tamamlayır. Azərbaycanın zəngin enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu mövcuddur. Vyetnam isə sənaye, istehsal, kənd təsərrüfatı və beynəlxalq ticarət sahələrində böyük imkanlara malikdir. İqtisadi əməkdaşlığın genişlənməsi ölkələr arasında ticarət dövriyyəsinin artmasına, yeni investisiyaların cəlb olunmasına və birgə müəssisələrin yaradılmasına kömək edə bilər.
Dövlətlər arasında yaradılan əlverişli şərait özəl sektorun da inkişafına müsbət təsir göstərir. Enerji sahəsində əməkdaşlıq yeni perspektivlər açır Azərbaycan uzun illərdir enerji sahəsində böyük təcrübəyə malik ölkə kimi tanınır. Neft və qaz sənayesinin inkişafı ölkəmizin iqtisadiyyatında mühüm rol oynayır. Bununla yanaşı, son illərdə bərpa olunan enerji mənbələrindən istifadə məsələsinə də xüsusi diqqət yetirilir. Günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi Azərbaycanın gələcək enerji siyasətində mühüm yer tutur.
Səfər zamanı Azərbaycan tərəfi ilə Vyetnamın ROX Group şirkəti arasında günəş və külək elektrik stansiyalarının layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı sənədin imzalanması bu istiqamətdə yeni imkanlar yaradır.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq Azərbaycanın coğrafi mövqeyi ölkəmizə mühüm üstünlüklər verir. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycan beynəlxalq nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. Son illərdə ölkəmizdə avtomobil yolları, dəmir yolları, limanlar və digər nəqliyyat infrastrukturu yenilənib və inkişaf etdirilib. Xüsusilə Orta Dəhlizin əhəmiyyəti getdikcə artır. Bu marşrut Asiya ilə Avropa arasında yükdaşımaların həyata keçirilməsində mühüm imkanlar yaradır. Vyetnam kimi Asiya ölkələri ilə nəqliyyat və logistika sahəsində əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın tranzit imkanlarının genişlənməsinə də töhfə verə bilər.
Humanitar sahədə əlaqələrin inkişafı da mühüm əhəmiyyət kəsb edir. Təhsil, elm, mədəniyyət və gənclər siyasəti istiqamətində birgə tədbirlərin keçirilməsi xalqlarımızın bir-birini daha yaxından tanımasına kömək edəcək. Universitetlər arasında əlaqələrin qurulması, tələbə mübadiləsinin təşkili və mədəniyyət günlərinin keçirilməsi gələcək nəsillər arasında dostluq münasibətlərinin inkişafına xidmət edə bilər.
Bir sözlə, Prezident İlham Əliyevin Vyetnama səfəri Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətinin geniş imkanlara malik olduğunu göstərməklə yanaşı, hər iki ölkə arasında imzalanan sənədlər, birgə layihələrin hazırlanması və iqtisadi əlaqələrin genişləndirilməsi tərəfdaşlığın real faydası olacağını yəqin etdi.
Bütün bunlar onu göstərir ki, Azərbaycan və Vyetnam arasında münasibətlər yalnız bugünkü əməkdaşlıqla məhdudlaşmır. Bu əlaqələr gələcək illər üçün yeni imkanlar yaradır. Tarixi dostluq, qarşılıqlı hörmət və ortaq maraqlar hər iki ölkənin münasibətlərinin daha da inkişaf etməsi üçün möhkəm əsasdır və əminik ki, ölkələrimiz arasında formalaşan strateji tərəfdaşlıq gələcəkdə daha böyük nəticələr verəcək, yeni iqtisadi imkanlar yaradacaq və hər iki xalqın rifahına mühüm töhfələr verəcək.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri