Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində, Bərgüşad və Həkəri çaylarının hövzəsində yerləşir. Qərbdən Ermənistan Respublikası ilə həmsərhəd olan rayon, eyni zamanda Cəbrayıl, Zəngilan, Laçın və Xocavənd rayonları ilə qonşudur. Zəngəzur dağ silsiləsinin ətəklərində yerləşən bu ərazi relyef baxımından mürəkkəb dağlıq və təpəlik xarakter daşıyır. Bu cür coğrafi mövqe Qubadlıya həm hərbi-strateji, həm də iqtisadi-logistik baxımdan xüsusi çəki qazandırır.
Bərəkətli torpaqları, zəngin su ehtiyatları və təbii resursları ilə seçilən Qubadlı rayonu işğaldan əvvəl respublikanın mühüm kənd təsərrüfatı, heyvandarlıq və üzümçülük mərkəzlərindən biri olmuşdur. Qubadlı relyefi və strateji yüksəklikləri Ermənistanla dövlət sərhədinin nəzarətdə saxlanması və bütün cənub-qərb zonasının təhlükəsizliyinin təmin edilməsində həlledici rola malikdir.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Cəbrayıl, Hadrut, Füzuli və Zəngilanın azad edilməsindən sonra növbəti əsas hədəf Qubadlı istiqaməti idi. Qubadlı əməliyyatı xüsusi relyef şəraitində, düşmənin illərlə qurduğu mühəndis-istehkam xətlərinin və sıldırım dağlıq yüksəkliklərin yarılması ilə həyata keçirildi. Rəşadətli Azərbaycan Ordusunun bölmələri yüksək dağlıq ərazidə manevr imkanlarından peşəkarlıqla istifadə edərək, düşmənin gözləmədiyi istiqamətlərdən zərbələr endirdi. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin və rayonun kəndlərinin işğaldan azad edilməsi Vətən müharibəsində dönüş nöqtələrindən biri oldu. Qubadlının azad edilməsi ilə Laçın koridoruna vizual və hərbi nəzarət təmin edildi, düşmənin təchizat yolları kəsildi və Şuşa əməliyyatına gedən yol tam açıldı.
1993-cü il avqustun 31-də Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduqdan sonra, 30 ilə yaxın müddətdə burada sistemli şəkildə vandalizm və qanunsuz məskunlaşma siyasəti həyata keçirilmişdir. Beynəlxalq hüququn təməl prinsiplərini, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozan rəsmi İrəvan, Qubadlı ərazisində Suriya, Livan və digər ölkələrdən gətirilən erməni mənşəli şəxsləri məskunlaşdırmağa cəhd göstərmişdir. Bu siyasətin əsas məqsədi regionun tarixi, mədəni və demoqrafik mənzərəsini süni şəkildə dəyişdirmək və işğal faktını əbədiləşdirmək idi. Yaşayış məntəqələrinin adları dəyişdirilmiş, kəndlər, məktəblər, tarixi-dini abidələr, məscidlər və qəbiristanlıqlar tamamilə dağıdılaraq təhqir edilmişdir. Lakin 2020-ci ilin Zəfəri Ermənistanın bu riyakar planlarını darmadağın etdi və tarixi ədaləti tam bərpa etdi. Zəfərdən dərhal sonra dövlət başçısının azad olunmuş ərazilərə müntəzəm səfərləri regionun sürətli bərpası və dirçəlişinin təməlini qoydu:
Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı çərçivəsində Qubadlı rayonunda kompleks bərpa və yenidenqurma işləri sürətlə davam edir. Şəhərin Baş planına əsasən Qubadlı ekoloji təmiz, 'yaşıl enerji' konseptinə əsaslanan, müasir şəhərsalma standartlarına cavab verən yaşayış məskəninə çevrilir.
2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev 'Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında' Sərəncam imzaladı. Bu strategiya Şərqi Zəngəzur iqtisadi rayonunun nəqliyyat infrastrukturunu birləşdirən ana arteriyalardan biridir.
'Qubadlı' yarımstansiyasının inşası və Bərgüşad çayı üzərində su elektrik stansiyalarının qurulması ilə rayonun dayanıqlı və 'yaşıl' enerji təminatı həyata keçirilir.
Rayonun münbit torpaqlarının minlərdən təmizlənməsi və yenidən əkin dövriyyəsinə qatılması ilə heyvandarlıq, bağçılıq və taxılçılığın inkişafı üçün böyük perspektivlər açılır.
Qubadlının azad edilməsi təkcə 44 günlük müharibənin hərbi zəfəri deyil, həm də Şərqi Zəngəzurun sürətli intibahının təməl daşıdır. Müzəffər Ali Baş Komandan cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq işləri sayəsində Qubadlı öz doğma sakinlərinə qucaq açan, regionun ən müasir və çiçəklənən guşələrindən birinə çevrilməkdədir.
Həbibə Vəliyeva
YAP Culfa rayon təşkilatının fəalı