Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
UNESCO-nun 80 illik tarixində Azərbaycanın mədəni irs mübarizəsi
1946-cı il noyabrIN 4-də təsis nizamnaməsinin qüvvəyə minməsi ilə fəaliyyətə başlayan BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) 80 il ərzində qlobal humanitar təhlükəsizliyin və beynəlxalq əməkdaşlığın inkişafında vacib platformalardan birinə çevrilib.
Təsisatın əsas fəlsəfəsi müharibələrin əvvəlcə insanların şüurunda başlaması və məhz həmin səbəbdən sülh müdafiəsinin də insanların şüurunda qurulması zərurətinə söykənir. Qlobal qütbləşmə prosesləri, ideoloji qarşıdurmalar fonunda formalaşan təşkilat dünya miqyasında mədəni irsin qorunmasını, təhsilin hamı üçün əlçatanlığını və elmi tərəqqinin ümumbəşəri dəyərlərə xidmət etməsini siyasi gündəliyin mərkəzinə gətirdi. Beynəlxalq münasibətlər sistemində mədəni diplomatiya təkcə humanitar əlaqə vasitəsi sayılmır, dövlətlərin xarici siyasətində suverenliyin möhkəmləndirilməsi və beynəlxalq nüfuzun artırılması üçün güclü geostrateji alət rolunu oynayır.
Azərbaycanın 3 iyun 1992-ci ildə UNESCO-ya üzv qəbul olunması müstəqilliyin bərpasından sonra çoxtərəfli diplomatiyanın xarici siyasətin prioritet istiqamətlərindən birinə çevrildiyini göstərirdi. Lakin hərbi təcavüz, daxili siyasi gərginlik və beynəlxalq informasiya blokadası həmin dövrdə təşkilatla fəal əməkdaşlıq imkanlarını məhdudlaşdırırdı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra isə mədəni diplomatiya xarici siyasətdə yeni məzmun qazandı.
2004-cü ildən Azərbaycan–UNESCO münasibətləri yeni mərhələyə yüksəldi. Heydər Əliyev Fondunun yaradılması və onun prezidenti Mehriban Əliyevanın təşəbbüsləri ölkəmizin beynəlxalq humanitar fəaliyyətini gücləndirdi. Həmin ilin sentyabrında Mehriban Əliyevanın ənənəvi musiqi, şifahi xalq ədəbiyyatı və mədəniyyət sahəsindəki xidmətlərinə görə UNESCO-nun Xoşməramlı Səfiri adına layiq görülməsi Azərbaycanın mədəni diplomatiyada artan nüfuzunun göstəricisi oldu. Bu fəaliyyət ölkəmizin zəngin irsinin beynəlxalq səviyyədə tanıdılmasına və ümumbəşəri dəyərlərin qorunmasına verdiyi töhfələrin artmasına xidmət etdi.
Heydər Əliyev Fondunun beynəlxalq humanitar layihələri Azərbaycanın mədəni diplomatiyasının təsir imkanlarını genişləndirdi. Fondun dəstəyi ilə Luvr Muzeyində İslam incəsənəti bölməsinin yaradılması, Versal sarayının parkındakı abidələrin, Strasburq kafedralının vitrajlarının, Romadakı katakombaların və Kapitoli Muzeyindəki filosoflar zalının bərpası bu fəaliyyətin parlaq nümunələridir. Bosniya və Herseqovina, eləcə də Bolqarıstanda həyata keçirilən restavrasiya işləri Azərbaycanın humanitar missiyasının beynəlxalq miqyasını göstərdi. Avropanın xristian irsinin qorunmasına verilən bu töhfələr dinlər və sivilizasiyalar arasında qarşılıqlı hörmətin təcəssümü oldu.
Milli qeyri-maddi irsin UNESCO səviyyəsində tanıdılması da əməkdaşlığın əsas istiqamətlərindəndir. Muğam, aşıq sənəti, xalçaçılıq, tar ifaçılığı, kəlağayı, lavaş hazırlanması, Çovqan və Yallı kimi milli dəyərlərin müvafiq siyahılara daxil edilməsi onların beynəlxalq səviyyədə tanıdılmasına və qorunmasına xidmət etdi. Bu nailiyyətlər Azərbaycanın tarixi-mədəni irsinin dünyada tanınmasını gücləndirdi.
2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan və UNESCO tərəfindən dəstəklənən “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun inkişafında mühüm platformaya çevrildi. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları müxtəlif ölkələri, beynəlxalq təşkilatları və dini icmaları bir araya gətirdi. Ksenofobiya, islamofobiya və dözümsüzlüyün artdığı bir dövrdə Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında qarşılıqlı anlaşmanın təşviqinə töhfə verdi.
Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə vurulan ziyan isə UNESCO-nun 80 illik yubileyi ərəfəsində xüsusi aktuallıq daşıyır. Qarabağ və Şərqi Zəngəzurda məscidlər, türbələr, qəbiristanlıqlar və muzeylər dağıdılıb, talan edilib. Şuşanın tarixi-memarlıq irsinə vurulan zərər, Ağdam və Füzulidəki genişmiqyaslı dağıntılar həm milli mədəni yaddaşa, həm də ümumbəşəri irsə ağır zərbə oldu. Azərbaycanın UNESCO-ya dəfələrlə faktaraşdırıcı missiyanın göndərilməsi ilə bağlı müraciətlərinə baxmayaraq, Ermənistanın maneələri bu prosesin reallaşmasına imkan vermədi.
***
2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başladı. Heydər Əliyev Fondunun dəstəyi ilə Şuşadakı Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa və Saatlı məscidləri, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Ağdam Cümə məscidi və digər tarixi məkanlar bərpa olundu. Bu proses yalnız tarixi abidələrin dirçəldilməsi deyil, həm də milli yaddaşın və tarixi ədalətin bərpasıdır. Xristian irsi də daxil olmaqla müxtəlif konfessiyalara məxsus abidələrə göstərilən qayğı Azərbaycanın multikulturalizm ənənələrinə sadiqliyini nümayiş etdirir.
Azərbaycan abidələrinin dağıdılmasına yetərli diqqət göstərilməməsi, müharibədən sonra isə məsələyə fərqli yanaşmaların sərgilənməsi beynəlxalq humanitar mexanizmlərə inamı zəiflədir. Azərbaycan UNESCO ilə əməkdaşlıqda konstruktiv mövqeyini qoruyur, eyni zamanda, beynəlxalq hüququn aliliyinin və milli maraqların təmin edilməsini vacib sayır.
Rəqəmsallaşma, süni intellekt və iqlim dəyişmələri UNESCO-nun qarşısında yeni vəzifələr qoyur. Mədəni irsin ekoloji təhlükələrdən qorunması, su ehtiyatlarının səmərəli idarə edilməsi və dayanıqlı təhsil modellərinin inkişafı bu gündəliyin əsas istiqamətlərindəndir. 2024-cü ildə Bakıda keçirilən COP29 da Azərbaycanın qlobal ekoloji çağırışların müzakirəsində fəal iştirakını nümayiş etdirdi. İqlim təhlükəsizliyi ilə mədəni irsin qorunması arasında qarşılıqlı əlaqə gələcək nəsillər üçün tarixi və təbii sərvətlərin saxlanılmasını zəruri edir.
UNESCO-nun 80 illik yubileyi təşkilatın fəaliyyətinə nəzər salmaqla yanaşı, onun gələcək missiyasını da dəyərləndirmək üçün fürsətdir. Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq mədəni irsin qorunması, beynəlxalq humanitar əlaqələrin genişləndirilməsi və sivilizasiyalararası dialoqun təşviqi baxımından əhəmiyyət daşıyır. Heydər Əliyev Fondunun beynəlxalq layihələri və Mehriban Əliyevanın təşəbbüsləri ölkəmizin mədəni diplomatiyasının əsas dayaqlarından birinə çevrilib.
Bütövlükdə, Azərbaycanın UNESCO çərçivəsində fəaliyyəti milli mədəni irsin beynəlxalq səviyyədə tanıdılması və dövlətin humanitar nüfuzunun gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. UNESCO ilə tərəfdaşlığın gələcək inkişafı tarixi yaddaşın qorunmasına, milli dəyərlərin dünyada tanıdılmasına və beynəlxalq humanitar əməkdaşlığın genişlənməsinə xidmət edəcək.
Yusif Şərifzadə
XQ