Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Noyabrın 6-da YAP Zərdab rayon təşkilatı tərəfindən “8 Noyabr – Zəfər Günü”, “9 Noyabr – Dövlət Bayrağı Günü” və “12 Noyabr – Konstitusiya Günü” münasibəti ilə “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib.
Tədbiri YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev açıq elan etdikdən sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Möhtəşəm Zəfər yolu: yeni zirvələrə doğru” adlı video-çarx nümayiş olunub.
Çıxışında “8 Noyabr – Zəfər Gününün”, “9 Noyabr – Dövlət Bayrağı Gününün” və “12 Noyabr – Konstitusiya Gününün” xalqımızın tarixində mühüm əhəmiyyətə malik olan əlamətdar günlər olduğunu qeyd edən İlkin Əliyev bildirdi ki, bu tarixi günlər Azərbaycanın dövlətçilik ənənələrinin, milli birliyinin, müstəqillik və suverenlik ideallarının parlaq təcəssümüdür. Vurğulandı ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər xalqımızın çoxəsrlik tarixində yeni səhifə açaraq tarixi ədalətin bərpasını təmin etdi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində torpaqlarımız işğaldan azad olundu, üçrəngli Dövlət Bayrağımız bütün ərazilərimizdə əzəmətlə dalğalandırıldı. Eyni zamanda, Konstitusiyanın müstəqil dövlətimizin hüquqi əsaslarını müəyyənləşdirdiyi, ölkəmizdə qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rol oynadığı diqqətə çatdırıldı. Bildirildi ki, bu əlamətdar tarixlər hər bir azərbaycanlı üçün qürur mənbəyi olmaqla yanaşı, dövlət müstəqilliyimizin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından da böyük əhəmiyyət daşıyır.
Tədbirdə Vətən müharibəsi şəhidi, mayor Rəhim Hüseynovun atası Qədir Hüseynov, Vətən müharibəsi iştirakçısı Zaur İslamov, Partiya fəalları Selcan Məmmədli və Əli Salmanov çıxış edərək Vətən müharibəsində qəhrəman vətən övladlarının göstərdiyi misilsiz şücaətlərdən, xalqımızın qələbəyə gedən yolda nümayiş etdirdiyi sarsılmaz iradədən bəhs etdilər. Diqqətə çatdırıldı ki, müasir tariximizə qızıl hərflərlə yazılmış möhtəşəm Zəfər Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, xalqımızın milli birliyinin və tarixi ədalətin bərpasının təcəssümüdür. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri isə qazanılmış qələbənin real nəticələrini əks etdirməklə, Böyük Qayıdışın təmin olunmasına və həmin bölgələrin yeni inkişaf mərhələsinə qədəm qoymasına geniş imkanlar yaradır.