Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid səfəri çərçivəsində iki ölkə arasında münasibətləri daha da möhkəmləndirəcək “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” imzalanıb.
Bu sənəd iqtisadiyyat, təhlükəsizlik və regional əməkdaşlıq sahələrində yeni əməkdaşlıq imkanlarının əsasını qoyur. Prezident İlham Əliyev və Vitse-prezident Vens həm ikitərəfli gündəlikdəki prioritetləri vurğulayıblar, həm də Azərbaycan-ABŞ münasibətlərinin gələcək perspektivlərinə dair birgə mesajlar veriblər.
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın yeni tarixi mərhələsi başlayır.
O qeyd edib ki, bu vaxta qədər heç bir dövrdə Azərbaycan və Amerika münasibətləri bu qədər genişmiqyaslı və dərin olmayıb:
“İki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası da bunun bariz sübutudur. Xartiyada əksini tapan müddəalar belə deməyə əsas verir ki, bu məsələlər icra olunduqdan sonra yeni bir mərhələ üçün də potensial formalaşdırılacaq.
Bu isə münasibətləri strateji müttəfiqlik mərhələsinə qədər yüksəldə biləcək imkanlar yaradır ki, bu da son dərəcə mühüm hadisədir. Çünki ABŞ dünyanın bir nömrəli güc mərkəzlərindən biridir”.
Deputatın sözlərinə görə, Xartiyada Azərbaycandan Naxçıvana Zəngəzur dəhlizi vasitəsilə maneəsiz keçid öz əksini tapır və bu, tamamilə yeni bir hadisədir:
“Vensin də vurğuladığı kimi, ABŞ-Azərbaycan münasibətlərində açılan yeni səhifə bir neçə mühüm istiqaməti əhatə edir. Birincisi, Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması özü elə yeni bir səhifədir. İkinci vacib məqam sənəddə nəzərdə tutulan strateji məsələlərin icrası üçün işçi qrupunun yaradılmasıdır.
Bu da yeni mərhələnin başlanğıcıdır. Üçüncüsü, indiyədək əməkdaşlığın olmadığı sahələrdə də əməkdaşlıq ediləcək. Məsələn, buraya süni intellekt, təhlükəsizlik, eləcə də mülki nüvə enerjisi istiqamətində əməkdaşlıq daxildir. Şübhəsiz, yaxın vaxtlarda bu istiqamətlər üzrə daha geniş məlumatlar açıqlanacaq.
Bütün bunlar münasibətlərin dərinləşməsi baxımından sənəd çox əhəmiyyətlidir”.
Xartiyada diqqəti çəkən ən mühüm yeniliklərdən biri isə Naxçıvana Zəngəzur dəhlizi vasitəsilə maneəsiz keçid məsələsinin öz əksini tapmasıdır:
“Bu, tamamilə yeni bir hadisədir. Bu, əslində uzun illərdir mübarizə apardığımız Azərbaycandan Azərbaycana maneəsiz keçidin mandatını əldə etməyimiz kimi qiymətləndirilə bilər”.
Hikmət Babaoğlu vurğulayıb ki, bu, münasibətlər tarixində tamamilə yeni səhifə, mühüm bir hadisə kimi qiymətləndirilə bilər:
“İndiyədək Azərbaycan ABŞ ilə Əfqanıstanda sülhməramlı missiya çərçivəsində əməkdaşlıq edirdi. Yeni mərhələdə coğrafiyanın genişlənməsi və qarşıdakı perspektivdə daha böyük miqyasda proseslərin baş verməsi ehtimal olunur.
Bu baxımdan, Azərbaycan ilə ABŞ arasında hərbi, təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşməsi gündəmə gəlir və Xartiyada da bu istiqamətlər öz əksini tapıb. Şübhəsiz, münasibətlərin bu qədər genişlənməsi və strateji məzmun kəsb etməsini Azərbaycan və ABŞ iki böyük liderə borcludur.
Bunlardan biri ABŞ Prezidenti Donald Tramp, digəri Azərbaycan Prezidenti İlham Əliyevdir. Məhz bu iki uzaqgörən lider hazırda həm ABŞ və Azərbaycan dövlətinin, xalqının maraqlarının arxasında durmaqla bunu təmin edərək Cənubi Qafqaz, eləcə də Orta Asiya və Yaxın Şərq coğrafiyasında yeni bir tandem yaradır. Bunun özü də tamamilə yeni səhifədir və yeni bir tarixi hadisədir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər: Azərbaycan-ABŞ Hikmət Babaoğlu
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin