Tarixi irs və yeni əməkdaşlıq mərhələsi ŞƏRH

24.11.2026

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətləri uzun illər bundan əvvəl formalaşmış, zaman keçdikcə möhkəmlənərək dövlətlərarası əməkdaşlığın mühüm istiqamətlərindən birinə çevrilmişdir. Bu münasibətlərin təməlində xalqların qarşılıqlı hörməti, çətin tarixi şəraitdə nümayiş etdirilən həmrəylik və ortaq əməkdaşlıq arzusu dayanır. İki ölkənin müasir əlaqələrinə nəzər saldıqda aydın görünür ki, bu dostluq yalnız diplomatik münasibətlərlə deyil, həm də tarixi hadisələr, insanların şəxsi təmasları və qarşılıqlı dəstək ənənələri ilə zənginləşmişdir.

Bu tarixi əlaqələrin davamlılığını təmin edən mühüm hadisələrdən biri də 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri olmuşdur. Həmin dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyevin Vyetnamla əlaqələrə göstərdiyi diqqət iki xalq arasındakı münasibətlərin daha da möhkəmlənməsinə xidmət etmişdir. Ho Şi Minin 1959-cu ildə Bakıya, Heydər Əliyevin isə 1983-cü ildə Vyetnama səfəri Azərbaycan–Vyetnam dostluğunun tarixində mühüm mərhələlər kimi yadda qalmışdır.

İki ölkə arasındakı münasibətlərin formalaşmasında insan amili də xüsusi rol oynamışdır. Vaxtilə Azərbaycanda təhsil alan vyetnamlı gənclər burada qazandıqları bilik və təcrübə ilə öz ölkələrinin inkişafına töhfə vermişlər. Onların bir çoxu sonradan müxtəlif sahələrdə fəaliyyət göstərmiş, Azərbaycanla bağlı xoş xatirələrini qoruyub saxlamışdır. Bu gün həmin məzunların yaratdığı mənəvi bağlar iki xalq arasında dostluğun yaşadılmasına xidmət edir. Sovet dövründə minlərlə Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması bu əlaqələrin miqyasını göstərən mühüm tarixi göstəricidir.

Azərbaycanın Vyetnamla münasibətlərində humanitar həmrəylik də diqqətəlayiq yer tutur. Bu baxımdan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusi əhəmiyyət daşıyır. Vyetnamın Ha Giang əyalətində ibtidai məktəbin inşasına göstərilən dəstək sosial məsuliyyətin və xeyriyyəçilik ənənələrinin nümunəsidir. Eyni zamanda, təbii fəlakətlər nəticəsində çətin vəziyyətə düşən Vyetnam əhalisinə Azərbaycanın göstərdiyi yardımlar qarşılıqlı dəstək münasibətlərinin davam etdiyini nümayiş etdirir. Belə təşəbbüslər dövlətlərarası münasibətlərin yalnız rəsmi görüşlərdən ibarət olmadığını, insanların həyatına toxunan real məzmun daşıdığını göstərir.

Azərbaycan və Vyetnam arasında mədəni əlaqələrin də özünəməxsus tarixi vardır. Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 1955-ci ildə yaratdığı “Vyetnam süitası” iki xalq arasında mədəni yaxınlığın erkən nümunələrindəndir. Bundan başqa, Azərbaycan kinorejissoru Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda fəaliyyəti ölkənin kino sənətinin inkişafına mühüm töhfə vermişdir. Onun yerli kino mütəxəssislərinin hazırlanmasında iştirakı Azərbaycan mədəniyyət xadimlərinin beynəlxalq əməkdaşlıq tarixində xüsusi yer tutur. Bu faktlar Azərbaycanla Vyetnam arasında mədəni dialoqun uzun müddətdir davam edən qarşılıqlı maraq üzərində qurulduğunu göstərir.

Müasir mərhələdə bu tarixi ənənələr yeni məzmun qazanır. 1992-ci il sentyabrın 23-də diplomatik münasibətlərin qurulması ilə dövlətlərarası əlaqələr rəsmi xarakter almışdır. 2025-ci il mayın 7–8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri zamanı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi isə əməkdaşlığın tarixində yeni mərhələnin başlanğıcı olmuşdur. Bu qərar siyasi dialoqla yanaşı, iqtisadiyyat, energetika, humanitar sahə və digər istiqamətlərdə əlaqələrin genişləndirilməsi üçün əlavə imkanlar yaratmışdır.

Elm və təhsil sahəsində əməkdaşlığın inkişafı da müasir münasibətlərin əsas istiqamətlərindəndir. Əvvəlki illərdə formalaşmış təhsil ənənələrinin davam etdirilməsi, universitetlər arasında əlaqələrin genişləndirilməsi, tələbə və müəllim mübadiləsinin təşviqi hər iki ölkənin gələcək inkişafı baxımından əhəmiyyətlidir. Birgə elmi tədqiqatlar, təqaüd proqramları və akademik əməkdaşlıq gənclərin yeni biliklər əldə etməsinə, müxtəlif elmi yanaşmalarla tanış olmasına şərait yaradır.

Beləliklə, Azərbaycan–Vyetnam münasibətləri tarixi yaddaş, qarşılıqlı etimad və uzunmüddətli əməkdaşlıq ənənələri üzərində formalaşmışdır. 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri ilə mühüm tarixi mərhələyə qədəm qoyan bu dostluq sonrakı onilliklərdə müxtəlif nəsillərin səyi ilə qorunub saxlanılmışdır. Bu gün həmin tarixi irs iki müstəqil dövlət arasında strateji tərəfdaşlığın inkişafı üçün möhkəm zəmin yaradır. Azərbaycan və Vyetnam xalqlarını birləşdirən dostluq münasibətləri keçmişin qiymətli irsi olmaqla yanaşı, gələcək əməkdaşlıq üçün də mühüm əhəmiyyət daşıyır.

Aysun Hüseynli

Güney Qışlaq kənd tam orta məktəbində müəllim, Partiya fəalı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью