Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Azərbaycan milli maraqlara əsaslanan müstəqil siyasəti, zəngin tarixi-mədəni irsi və tolerantlıq ənənələri ilə seçilən dövlətdir. Ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, dini etiqad azadlığının təmin edilməsi, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı hörmətin möhkəmləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu siyasət Konstitusiyaya, qanunun aliliyinə və dünyəvi dövlətçilik prinsiplərinə əsaslanır.
Azərbaycanda İslam dini xalqımızın milli-mənəvi irsinin mühüm tərkib hissəsi kimi qorunur. Dini abidələrin bərpasına, məscidlərin tikintisinə və İslam həmrəyliyinin təşviqinə xüsusi diqqət yetirilir. Hazırda ölkədə 2389 məscidin mövcudluğu, onların təmiri və yenidən qurulması istiqamətində görülən işlər dövlətin dini dəyərlərə qayğısını nümayiş etdirir. Dövlətin dəstəyi və Heydər Əliyev Fondunun təşəbbüsləri ilə müxtəlif bölgələrdə aparılan təmir-bərpa işləri, eləcə də işğaldan azad edilmiş ərazilərdə dini abidələrin dirçəldilməsi tarixi yaddaşın və mənəvi irsin qorunmasına xidmət edir.
Azərbaycan hüquqi, dünyəvi, demokratik və unitar dövlətdir. Dünyəvilik dini etiqad azadlığının, hüquq bərabərliyinin və qanunun aliliyinin təmin edilməsinin mühüm şərtlərindəndir. Ölkəmizdə müxtəlif dini konfessiyaların nümayəndələri qarşılıqlı hörmət və anlaşma şəraitində yaşayırlar. Bu model milli-mənəvi dəyərlərin qorunmasını, dini azadlıqları və ictimai həmrəyliyi uzlaşdıraraq cəmiyyətdə sabitliyin möhkəmlənməsinə şərait yaradır.
Müasir dövrdə informasiya məkanının genişlənməsi ideoloji təhlükəsizlik məsələlərini də aktuallaşdırır. Bəzi xarici dairələrin ictimai məsələləri təhrif olunmuş şəkildə təqdim etməsi, cəmiyyətdə ziddiyyət yaratmağa və dövlət siyasətinə qarşı qərəzli münasibət formalaşdırmağa çalışması diqqətli yanaşma tələb edir. Xüsusilə dini amildən istifadə etməklə qarşıdurma yaratmaq və dini dəyərləri siyasi məqsədlər naminə manipulyasiya etmək cəhdlərinə qarşı faktlara və qanunvericiliyə əsaslanan mövqe sərgiləmək vacibdir.
Son dövrlərdə dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli forması və təhsilverənlərin geyimi ilə bağlı tələblər ətrafında aparılan müzakirələr də hüquqi və dünyəvi dövlətçilik prinsipləri kontekstində qiymətləndirilməlidir. Bu qaydaların dini azadlıqlara qarşı yönəlmiş tədbir kimi təqdim edilməsi məsələnin mahiyyətini təhrif edə bilər. Halbuki geyim tələbləri qanunvericiliklə müəyyənləşdirilir və məktəbdə vahid yanaşmanın, nizam-intizamın və sağlam təhsil mühitinin təmin edilməsinə xidmət edir.
Vahid məktəbli forması şagirdlər arasında bərabərlik və kollektivə aidlik hissini gücləndirməyə kömək edir. Məktəb yalnız bilik verilən məkan deyil, həm də uşaqların dünyagörüşünün, davranış mədəniyyətinin və vətəndaşlıq məsuliyyətinin formalaşdığı mühüm ictimai mühitdir. Təhsilverənlər üçün müəyyənləşdirilən sadə və işgüzar geyim tələbləri isə peşəkarlığın, qarşılıqlı hörmətin və məktəbdaxili təşkilati mədəniyyətin möhkəmlənməsinə xidmət edir.
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununda millilik və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi müəyyən edilib. Bu prinsip milli və ümumbəşəri dəyərlərin qorunmasını, eyni zamanda dünyəvi təhsil sisteminin inkişafını nəzərdə tutur. Bir sıra türk və Mərkəzi Asiya ölkələrində də məktəbli geyiminə dair vahid tələblərin tətbiqi bu məsələnin təhsil idarəçiliyinin tərkib hissəsi olduğunu göstərir.
Əsas məsələ dini etiqad azadlığı ilə dünyəvi təhsilin hüquqi əsaslarını qarşı-qarşıya qoymamaqdır. Azərbaycan modeli dini dəyərlərin qorunmasını, hüquq bərabərliyini və dünyəviliyi bir-birini tamamlayan prinsiplər kimi birləşdirir. Təhsil mühitində vahid qaydaların təmin edilməsi, uşaqların sağlam dünyagörüşünün formalaşdırılması və dini inanclardan siyasi manipulyasiya vasitəsi kimi istifadə edilməsinin qarşısının alınması bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın gücü yalnız iqtisadi və siyasi imkanları ilə deyil, həm də milli birlik, qarşılıqlı etimad və həmrəylik mühiti ilə müəyyən olunur. Dini irsimizə ehtiram, qanunlara hörmət və milli kimliyə bağlılıq ideoloji təhlükəsizliyimizin əsas dayaqlarıdır. Milli-mənəvi dəyərlərin qorunması, dini abidələrin bərpası, dini etiqad azadlığının təmin edilməsi və dünyəvi təhsil prinsiplərinin müdafiəsi vahid dövlətçilik fəlsəfəsinin mühüm istiqamətləridir. Azərbaycan öz tarixi təcrübəsinə, Konstitusiyasına və milli maraqlarına əsaslanaraq bu tarazlığı qoruyur, gənc nəslin savadlı, vətənpərvər və müstəqil düşüncəli vətəndaşlar kimi yetişməsinə şərait yaradır.