Tarixi mesaj verildi: İki ölkənin birləşməsi qaçılmazdır

12.11.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çin dövlət başçısı Si Cinpin Tayvanın Çinlə birləşməsinin qaçılmaz olduğunu bəyan edib.

"Cebheinfo.az" xəbər verir ki, o bu prosesi Çin Kommunist Partiyasının dəyişməz tarixi vəzifəsi adlandıraraq “Tarixin axarını dayandırmaq mümkün deyil”,- deyib. Çin lideri Tayvanın müstəqilliyinə yönələn təşəbbüslərə qarşı çıxmağa çağırsa da, birləşmənin sülh yolu ilə həyata keçirilməsini hədəflədiklərini bildirib. Si Cinpin bu barədə noyabrın 12-də Pekindəki Böyük Xalq Sarayında inqilabçı lider Sun Yat-senin anadan olmasının 160-cı ildönümü münasibətilə keçirilən anım mərasimində çıxışı zamanı danışıb. 

O, çıxışında Tayvan məsələsinə geniş yer ayıraraq adanın Çinlə tam birləşməsinin qaçılmaz olduğunu vurğulayıb. Tayvan məsələsinin həllini Çin Kommunist Partiyasının dəyişməz tarixi vəzifələrindən biri kimi qiymətləndirən Si Cinpin bildirib ki, tarixin axarını dayandırmaq mümkün deyil:

“Vətənin tam birləşməsi həyata keçirilməli və mütləq həyata keçiriləcək”.

Çin lideri ölkəsinin Tayvanla birləşmə məsələsində sülh yolu ilə həllə üstünlük verdiyini və “Bir ölkə, iki sistem” prinsipinə sadiq olduğunu qeyd edib. O, Pekin rəhbərliyinin “Vahid Çin” prinsipi əsasında Tayvanla danışıqlara hazır olduğunu bildirib və Tayvan boğazının hər iki sahili arasında münasibətlərin sülh yolu ilə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Si Cinpin Tayvanda müstəqilliyi müdafiə edən hərəkatlara qarşı çıxaraq dünyanın müxtəlif bölgələrində yaşayan çinliləri birliyə çağırıb. O, Tayvanın müstəqilliyini dəstəkləyən qüvvələrə qarşı birgə hərəkətin vacibliyini bildirib və milli birliyin Çinin gələcəyi baxımından tarixi məsuliyyət daşıdığını qeyd edib. 

Çin liderinin açıqlamalarına Tayvan rəhbərliyi də münasibət bildirib. Tayvanın Çin materiki ilə münasibətlərə cavabdeh olan Materik İşləri Şurası Pekinin təklif etdiyi “Bir ölkə, iki sistem” modelini qəbul etmədiklərini açıqlayıb. Şuranın sözçüsü Liang Ven-chieh bildirib ki, bu model Tayvanın Çin Kommunist Partiyasının idarəçiliyi altına keçməsi deməkdir. Onun sözlərinə görə, nə hökumət, nə də Tayvan xalqı belə bir yanaşmanı qəbul edə bilər. Liang, həmçinin Si Cinpinin birləşmə ilə bağlı açıqlamalarının Pekin rəhbərliyinin əvvəlki mövqeyindən ciddi şəkildə fərqlənmədiyini bildirib.

Açıqlamalar Tayvan ətrafında hərbi fəallığın davam etdiyi bir vaxta təsadüf edib. Tayvanın Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 12-də Çinə məxsus 29 hərbi təyyarə ada ətrafında fəaliyyət göstərib. Həmin təyyarələr arasında J-16 qırıcıları və pilotsuz uçuş aparatları da olub. Hava vasitələrinin Çin hərbi gəmiləri ilə birlikdə birgə döyüş hazırlığı patrulu həyata keçirdiyi bildirilib. Si Cinpin çıxışında hərbi gücdən istifadə məsələsinə toxunmasa da, Pekin rəhbərliyi Tayvanla bağlı güc tətbiqi variantından imtina etməyib. Çin hakimiyyəti demokratik yolla idarə olunan Tayvanı öz ərazisinin bir hissəsi hesab edir.

Tayvan rəhbərliyi isə Pekinin suverenlik iddialarını qəbul etmir. Tərəflər arasındakı siyasi ayrılığın tarixi 1949-cu ildə Çində vətəndaş müharibəsindən sonra millətçi hökumətin Tayvana çəkilməsinə gedib çıxır. Həmin vaxtdan Pekin adanın Çinlə birləşməli olduğunu müdafiə edir. Tayvandakı əsas siyasi partiyalar isə Çinin təklif etdiyi “Bir ölkə, iki sistem” modelinə qarşı çıxırlar.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью