Tarixi qardaşlıqdan çağdaş strateji birliyə doğru

03.10.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türk dünyası qlobal siyasi sistemdə mövqeyini gücləndirir

Tarixi proseslər göstərir ki, bəzi strateji addımlar adi diplomatik sənədlər çərçivəsində qalmır, geniş coğrafiyaların siyasi və iqtisadi reallıqlarına təsir göstərir. Türk dövlətləri arasında müasir inteqrasiya prosesinin təməli də məhz belə mühüm addımlardan biri ilə qoyulub. 2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanan Naxçıvan Sazişi türk dövlətləri arasında institusional əməkdaşlığın əsasını formalaşdırdı. Saziş yalnız tarixi və mədəni yaxınlığı möhkəmləndirməklə kifayətlənməyərək, siyasi və iqtisadi əlaqələrin sistemli şəkildə inkişaf etdirilməsi üçün yeni platforma yaratdı. Bunun ardınca əvvəllər əsasən Zirvə görüşləri formatında həyata keçirilən təmaslar institusional xarakter aldı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasına gətirib çıxardı.

Sənədin arxasında dayanan fəaliyyət məntiqi ilk gündən iqtisadi, tranzit, təhlükəsizlik və diplomatik maraqların vahid strateji xətt üzrə əlaqələndirilməsini zəruri edirdi. Bəşəriyyəti əhatə edən dağıdıcı maliyyə böhranının mənfi fəsadlarının daxili resursları zəiflətdiyi bir dövrdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan rəhbərləri vahid platforma ətrafında həmrəylik nümayiş etdirərək mövcud riskləri minimuma endirməyə yönəlmiş iradəli qərar qəbul etdilər. Məhz həmin strateji mərhələdən etibarən təşkilatın miqyası və fəaliyyət dairəsi davamlı şəkildə genişlənməyə başladı. 2010-cu ildə İstanbulda Şuranın Daimi Katibliyinin fəaliyyətə başlaması üzv dövlətlər arasında əlaqələrin daha sistemli və institusional xarakter almasını təmin etdi. Prosesin sonrakı inkişafında Macarıstanın müşahidəçi statusu ilə təşkilata qoşulması Mərkəzi Avropaya açılan mühüm diplomatik imkan kimi diqqəti çəkdi. Bu xəttin məntiqi davamı olaraq 2019-cu ildə Bakıda keçirilən 7-ci Zirvə Görüşündə Özbəkistanın tamhüquqlu üzv kimi təşkilata qəbul edilməsi inteqrasiya prosesinin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirdi. Paytaxtımızda qəbul edilən bu qərar Mərkəzi Asiyanın böyük demoqrafik və iqtisadi potensiala malik dövlətlərindən birinin təşkilatın strateji proseslərinə fəal şəkildə qoşulması baxımından mühüm əhəmiyyət daşıyırdı.

Həyata keçirilən genişlənmə siyasəti regionda inteqrasiya dinamikasını daha da sürətləndirməklə yanaşı, Asiya ilə Avropa arasında formalaşan quru nəqliyyat marşrutlarında təşkilatın strateji rolunu və nüfuzunu artırdı. Beləliklə, təşkilat təkcə siyasi və diplomatik əməkdaşlıq platforması deyil, həm də geniş Avrasiya məkanında iqtisadi, nəqliyyat və təhlükəsizlik əlaqələrinin uzlaşdırılmasında mühüm mexanizm kimi formalaşmağa başladı. 2020-ci ilin ağır pandemiya şəraitində Azərbaycanın təşəbbüsü ilə keçirilən fövqəladə videokonfrans formatında Zirvə Görüşü isə türk dövlətlərinin qlobal böhranın yaratdığı ən mürəkkəb çağırışlar qarşısında həmrəylik nümayiş etdirmək və qarşılıqlı dəstək mexanizmlərini operativ şəkildə işə salmaq imkanlarını ortaya qoydu. Bu hadisə təşkilat daxilində əməkdaşlığın yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, real böhranlar zamanı praktiki həmrəylik və koordinasiya mexanizmlərinə söykəndiyini nümayiş etdirdi.

2021-ci il TDT-nin tarixində mühüm dönüş nöqtəsi oldu. İstanbulda keçirilən 8-ci Zirvə görüşündə Türk Şurasının adı rəsmən dəyişdirilərək Türk Dövlətləri Təşkilatı yaradıldı. Bu dəyişiklik təşkilatın fəaliyyətinin yeni mərhələyə keçidini ifadə etməklə yanaşı, siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi üçün yeni imkanlar açdı. Sonrakı mərhələdə Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusu ilə təşkilata qoşulması onun coğrafi və siyasi əhatəsini daha da genişləndirdi. 2022-ci ildə Səmərqənddə qəbul edilən “Türk dünyasına baxış – 2040” sənədi isə qarşıdakı dövr üçün əməkdaşlığın əsas strateji istiqamətlərini müəyyənləşdirdi.

Şübhəsiz, Azərbaycanın regionun transformasiya mərhələsindəki lokomotiv rolu və güclü liderlik potensialı inkaredilməzdir. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər yeni geosiyasi reallıqlar yaratmaqla yanaşı, Zəngəzur dəhlizi və digər quru tranzit marşrutlarının açılması məsələsini də aktuallaşdırıb. Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu türk dövlətlərinin yerləşdiyi strateji coğrafiyadan keçərək Şərqlə Qərbi birləşdirən mühüm logistika arteriyasına çevrilir. Qlobal geosiyasi və təhlükəsizlik riskləri fonunda bu marşrutun əhəmiyyəti daha da artır. 2024-cü ilin iyulunda Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü iqlim, logistika və kollektiv təhlükəsizlik məsələlərinin müzakirəsi ilə yadda qaldı. Şuşa Bəyannaməsi isə qardaş dövlətlər arasında siyasi-strateji əməkdaşlığın, o cümlədən müdafiə sənayesi sahəsində birgə fəaliyyətin dərinləşdirilməsi üçün mühüm zəmin formalaşdırdı.

2024-cü ilin noyabrında Bişkekdə keçirilən 11-ci Zirvə görüşü TDT çərçivəsində iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından mühüm mərhələ oldu. Vahid rəqəmsal ticarət mühiti, gömrük prosedurlarının sadələşdirilməsi və ticarət maneələrinin aradan qaldırılması istiqamətində müzakirələr üzv dövlətlər arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsinə zəmin yaratdı. Qlobal sanksiyalar və geoiqtisadi risklər fonunda Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin əhəmiyyəti də artmaqdadır. Qazaxıstandan Xəzər üzərindən Azərbaycana, oradan isə Türkiyəyə uzanan marşrut regional ticarət və tranzit imkanlarının genişlənməsinə xidmət edir. Bu prosesin davamı olaraq, 2025-ci il oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində keçirilən 12-ci Zirvə görüşü təşkilatın iqtisadi, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlığının inkişafına yeni impuls verdi. Rəqəmsal transformasiya, enerji infrastrukturu, nəqliyyat və investisiya imkanlarının genişləndirilməsi əsas müzakirə istiqamətlərindən oldu. Zirvə görüşü türk dövlətləri arasında praktiki əməkdaşlığın və ortaq iqtisadi layihələrin inkişaf etdirilməsi baxımından mühüm mərhələ kimi yadda qaldı.

Türk İnvestisiya Fondunun fəaliyyətinin genişləndirilməsi, yüksək texnologiyalar əsasında birgə istehsal mərkəzlərinin yaradılması və logistika imkanlarının əlaqələndirilməsi TDT-nin iqtisadi potensialını daha da artırır. Rəqəmsal transformasiya şəraitində kibertəhlükəsizlik, ortaq informasiya platformaları, peyk şəbəkələri və kosmik layihələr də əməkdaşlığın yeni istiqamətlərinə çevrilir. Aqrar sektordan müdafiə sənayesinə qədər müxtəlif sahələrdə rəqəmsal texnologiyaların tətbiqi iqtisadi səmərəliliyin yüksəldilməsinə xidmət edir. Təşkilata üzv və müşahidəçi dövlətlərin geniş əhali və iqtisadi resursları böyük bazar, insan kapitalı və investisiya imkanları formalaşdırır. Azərbaycanın və Qazaxıstanın yaşıl enerji layihələri, Türkiyənin sənaye və texnoloji imkanları, Mərkəzi Asiya dövlətlərinin təbii və logistika resursları bu potensialı tamamlayan əsas amillər sırasındadır.

TDT çərçivəsində əməkdaşlıq yalnız iqtisadiyyatla məhdudlaşmır. Diplomatik əlaqələrin, təhsil və mədəniyyət layihələrinin, ortaq tarix və əlifba istiqamətində təşəbbüslərin inkişaf etdirilməsi dövlətlər arasında institusional və humanitar bağları möhkəmləndirir. Beynəlxalq məsələlərdə qarşılıqlı dəstək mexanizmlərinin gücləndirilməsi də təşkilatın siyasi dialoq imkanlarını genişləndirir. Eyni zamanda, parlamentlərarası əlaqələrin, hüquqi və iqtisadi prosedurların uyğunlaşdırılması vahid biznes və investisiya mühitinin formalaşdırılmasına zəmin yaradır. Kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması, ərzaq təhlükəsizliyi və iqlim dəyişiklikləri ilə mübarizə kimi məsələlərdə birgə yanaşmaların inkişaf etdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Xəzər və Aral hövzələrində yaranan ekoloji çağırışlar regional əməkdaşlığın vacibliyini artırır.

2009-cu ildə Naxçıvan Sazişi ilə əsası qoyulan proses bu gün daha geniş siyasi, iqtisadi, nəqliyyat və humanitar əməkdaşlıq platformasına çevrilib. TDT-nin inkişafı üzv dövlətlərin qarşılıqlı əlaqələrini dərinləşdirməklə yanaşı, Avrasiyanın mühüm geosiyasi və geoiqtisadi məkanında yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradır.

Yusif ŞƏRİFZADƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью