Tarixi Qələbə yaddaşlarda necə yaşayır? SORĞU

02.11.2026

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan, milli qürur və tarixi Qələbəmizin təcəssümü olan əlamətdar gündür. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər ölkəmizin ərazi bütövlüyünün bərpasına, uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların yurdlarına qayıdışına yol açdı. Bu Qələbə xalqımızın birliyini, həmrəyliyini və çətin sınaqlar qarşısında nümayiş etdirdiyi iradəni bir daha ortaya qoydu. Hər il 8 Noyabrın qeyd olunması şəhidlərimizin qəhrəmanlığını yad etmək, qazilərimizin fədakarlığını unutmamaq və Zəfər tarixini gələcək nəsillərə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Bəs şəhər sakinləri 8 Noyabr - Zəfər Gününü necə dəyərləndirir, bu tarixi gün onlar üçün hansı məna ifadə edir?

SİA bu mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Meriban Sözəliyeva: “Bu hadisələr bizdə böyük qürur hissi yaradır. Çünki gənclərimiz həmin torpaqlar uğrunda canlarından, qanlarından keçiblər. Bu, insana həqiqətən də çox təsir edir.

Cənab Prezidentin bir fikri var idi: torpaq qanla alınır. Bu sözlər həmin günlərdə yaşananların nə qədər ağır və eyni zamanda şərəfli olduğunu bir daha göstərir. 44 gün ərzində keçirdiyimiz hissləri sözlə ifadə etmək çox çətindir.

Mənim də qız övladım var. Həmişə düşünürdüm ki, öz övladımın yaşında olan gənclər Vətən uğrunda döyüşlərə gediblər. Onların qəhrəmanlığı qarşısında baş əyirəm. Sağ olsun Prezident, sağ olsun o qəhrəman gənclər. Otuz il ərzində həsrətində olduğumuz torpaqlara qovuşduq.

Hələ işğaldan azad edilmiş ərazilərdə olmamışam, amma ailəmlə birlikdə ora səfər etməyi planlaşdırırıq. “44” filmi ilə bağlı treylerlərə baxmışıq və özümüzə söz vermişik ki, mütləq gedib filmə baxacağıq. Çünki mən həqiqətən də vətənpərvər insanam, Vətənimi çox sevirəm”.

Şəhər sakini Sabir Muradov: “Hələ Qarabağa getməmişəm. Orada yaşayan qohumlarım, yaxınlarım var. Lakin səhhətimlə əlaqədar olaraq ora getməyimə icazə vermirlər. Çox istəyirəm ki, həmin torpaqları ziyarət edim.

İşğaldan azad edilmiş ərazilərimizlə bağlı xəbərləri eşidəndə keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Mən özüm şəhid atasıyam. Oğlum Birinci Qarabağ müharibəsində, atəşkəsin elan olunmasına təxminən on gün qalmış şəhid olub.

Qələbə sevincimin həddi-hüdudu yoxdur. Cəmi 44 gün ərzində bu məsələlərin həll olunması mənim üçün möcüzə kimi bir hadisədir. Bu gün şəhid atası kimi həm də böyük Qələbənin sevincini yaşayıram. Dediyim kimi, keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. Əgər insanların ümumi sevincini bir vahid hesab etsək, mənim sevincim on beş-iyirmi vahid olar. Bu Qələbə mənə sözlə ifadə edə bilməyəcəyim qədər böyük sevinc yaşatdı”.

Şəhər sakini Xatirə Cəfəriva: “Şuşada mənim xalamın nəvəsi şəhid olub. O, hələ ailə həyatı qurmamış, gənc yaşında Vətən uğrunda canından keçib. Onun kimi neçə-neçə gənc torpaqlarımızın azadlığı uğrunda həyatını qurban verib. Bu gün həmin torpaqların azad olduğunu görmək həm sevindirir, həm də şəhidlərimizin xatirəsini bir daha yada salır. İstərdim ki, mən də həmin torpaqları ziyarət edim, şəhidlərimizin canı bahasına azad edilən yerləri öz gözlərimlə görüm. Allah qismət etsin, mən də ora gedə bilim”.

Şəhər sakini Həsən Əsgərov: “Hazırda 17 yaşım var. Həmin vaxt, yəni təxminən altı il əvvəl 11 yaşım var idi. Otuz ilə yaxın işğal altında olan torpaqlarımıza qayıtdığımız gün yaşadığımız hissləri sözlə ifadə etmək mümkün deyil. Bu hissləri anlamaq üçün onları yaşamaq lazımdır. Həqiqətən də, çox qürurverici anlar idi.

Ali Baş Komandanın Şuşanın azad edilməsi xəbərini Dağüstü Parkda elan etməsi zamanı böyük qürur hissi yaşamışdıq. Bu, bizim üçün unudulmaz hadisə idi. Həmin xəbəri eşitmək hər bir azərbaycanlı kimi məni də çox sevindirmişdi.

Təəssüf ki, hələ işğaldan azad edilmiş ərazilərə getmək qismət olmayıb. Səfər etmək imkanım olsaydı, Xankəndiyə və ya Şuşaya getmək istəyərdim. Xüsusilə Cıdır düzündən mənzərəni seyr etmək çox gözəl olardı.

Şuşanın azad edilməsindən bəhs edən “44” bədii filminə baxmışam. Çox təsirli və möhtəşəm filmdir. Filmdə qəhrəmanlarımızın necə böyük şücaət göstərdikləri əks olunub. Xüsusilə onların Cıdır düzündə Azərbaycan bayrağını ucaltmaları çox qürurverici səhnədir. Hesab edirəm ki, hər kəs bu filmə baxmalıdır. Çünki belə ekran əsərləri gənc nəslin Vətənə bağlılığının və tarixi yaddaşının formalaşmasında mühüm rol oynayır”.

Şəhər sakini Ceyhun Həsənov: “Mən özüm Füzulidənəm və müharibə zamanı Füzulidə olmuşam. Həmin dövrdə Füzuli ön cəbhə bölgələrindən biri idi. Arxa cəbhədən də, ön cəbhədən də bir-birinə dəstək göstərilirdi. İnsanlar bir-birinə kömək edir, hər kəs öz imkanları daxilində mübarizəyə töhfə verməyə çalışırdı.

8 Noyabr bizim Zəfər Günümüz, eyni zamanda Şuşanın işğaldan azad edildiyi gündür. Həmin hadisələr baş verəndə mənim 13-14 yaşım olardı. O dövrdə çox fərqli və unudulmaz hisslər yaşayırdıq. Torpaqlarımızın azad olunması xəbərini eşitmək bizim üçün böyük sevinc idi.

Bəli, işğaldan azad edilmiş ərazilərdə olmuşam. Özüm də qeyd etdiyim kimi, Füzulidənəm. Füzulidə və Şuşada olmuşam. Bu torpaqları yenidən görmək insana böyük qürur və fərəh hissi yaşadır. Doğma torpaqlarımızın azad və abadlaşdığını görmək hər birimiz üçün çox sevindiricidir”.

Şəhər sakini Həlimə Hüseynli, şagird: “Zəfər Günü mənim üçün çox əlamətdar və qürurverici tarixdir. Bu gün həm böyük Qələbəmizi qeyd edir, həm də Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizi dərin ehtiramla yad edirik. Onlar torpaqlarımızın bütövlüyü və xalqımızın gələcəyi naminə həyatlarını qurban veriblər. Bu gün sahib olduğumuz azadlığın və Qələbənin arxasında onların böyük qəhrəmanlığı dayanır.

Mən hesab edirəm ki, şəhidlərimizin xatirəsi heç vaxt unudulmamalıdır. Onların göstərdiyi fədakarlıq hər birimiz üçün nümunədir. Məktəblərdə də müəllimlərimiz şagirdlərə şəhidlərimizin həyatı, qəhrəmanlığı və Vətən uğrunda mübarizəsi haqqında danışmalıdırlar. Çünki gənc nəsil bu tarixi bilməli, torpaqlarımızın hansı çətinliklər və itkilər hesabına azad edildiyini dərk etməlidir. Biz bu Qələbə ilə fəxr edirik və şəhidlərimizin ruhu qarşısında baş əyirik”.

Şəhər sakini Adəm Əsgərov, şagird: “Zəfər qazanmaq üçün çox böyük itkilər verdik, çoxlu şəhidlərimiz oldu. Buna görə böyük kədər hissi keçiririk. Amma əsas odur ki, torpaqlarımızı geri qaytara bildik. Çoxsaylı şəhidlər verməyimizə baxmayaraq, torpaqlarımızı azad etməyi bacardıq. Bununla qürur duyur, ölkəmizlə fəxr edirik.

Mən Şuşanın azad edilməsi xəbərini ilk dəfə eşidəndə sevincimdən ağlamışdım. Həqiqətən də, diz çöküb ağladım. Çünki uzun illərdən sonra torpaqlarımız yenidən özümüzə qayıtmışdı. Biz ölkəmizlə fəxr etməli, şəhidlərimizi daim qürurla anmalıyıq. Məhz onların qəhrəmanlığı sayəsində torpaqlarımızı geri qaytara bildik.

Bu ay Şuşaya və Kəlbəcərə səfər etdim. Həmin rayonlarımız çox böyük sərvətlərə malikdir. Məsələn, Kəlbəcərin İstisu mineral suyu bizim dəyərli sərvətlərimizdən biridir. Şuşa qalasını da ziyarət etdim. Həmin yerləri öz gözlərimlə görmək mənim üçün çox qürurverici idi. İstəyirəm ki, hər bir azərbaycanlı bu torpaqları ziyarət etsin və onların gözəlliyini görsün”.

Şəhər sakini Elşad Məmmədli: “Azərbaycanlı olduğum üçün böyük qürur duyuram. Bu hadisəni özüm yaşadığım üçün özümü şanslı hesab edirəm. Deyə bilərəm ki, bu tarixi hadisənin şahidi olan sonuncu nəsillərdən birinin nümayəndəsiyəm.

Bu, bizim üçün çox böyük hadisə idi. İlk dəfə bu xəbəri eşidəndə hamımız çox sevindik. İnsanlar küçələrə çıxaraq bir yerə toplaşmışdılar. Həmin gün hər kəs üçün unudulmaz bir hadisə oldu. Xalqımızın sevincini, birliyini və həmrəyliyini görmək çox təsirli idi.

Təəssüf ki, hələ işğaldan azad edilmiş ərazilərə səfər etmək qismət olmayıb. Amma ora getməyi çox istərdim. Həmin ərazilərin təbiəti çox gözəldir. Xüsusilə Xocalı mənim ən sevimli rayonumdur. Oranın təbiəti, yaşıllığı və dağları valehedicidir. Xocalı, həqiqətən də, çox gözəl yerdir. İnanıram ki, bir gün həmin torpaqlara səfər edərək onların gözəlliyini yaxından görmək imkanım olacaq”.

Şəhər sakini Nazim Cavadlı: “Şuşanın azad olunması xəbərini ilk dəfə sosial mediadan eşitdim və çox sevindim. Çünki dövlətimizin nə qədər güclü olduğunu bütün dünyaya sübut edə bildik. Düşmənə qarşı qazandığımız tarixi Qələbə böyük qürur hissi yaşatdı. Biz öz gücümüzü göstərdik və heç kimdən asılı olmadığımızı sübut etdik.

Hələ Şuşaya getməmişəm, amma ora səfər etməyi çox istərdim. Şuşa bizim ədəbiyyat ocağımızdır. Bir çox tanınmış şairlərimiz bu şəhərdən yetişib. Şuşa həm də muğam mərkəzi, mədəniyyətimizin beşiyidir. Bu şəhər Azərbaycan mədəniyyəti üçün xüsusi əhəmiyyət daşıyır. İstərdim ki, bir gün Şuşanın küçələrini gəzəm, tarixi məkanlarını ziyarət edəm və bu gözəllikləri öz gözlərimlə görəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью