Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
Tarixdə elə günlər olur ki, xalqın yaddaşında əbədi iz buraxır. İllər, əsrlər ötsə də unudulmur, əhəmiyyəti daha da çoxalır, əzəməti artır. Məhz hər bir azərbaycanlı üçün şərəf, qürur hissi ilə daim xatırlanan həmin tarixi gündən 33 il ötür artıq. Xalqımızın taleyində əbədiyyət günəşinin parladığı 1993-cü ilin 15 iyun günü... Məşhur bir aforizmdə deyilir ki, tarix şəxsiyyətləri deyil, şəxsiyyətlər tarixi yaradır! Bəli, ictimai-siyasi hadisələrin cərəyan etdiyi ayrı-ayrı dövrlərə, ölkələrin həyatına, zaman-zaman dəyişilən dünya düzəninə nəzər yetirəndə aydın olur ki, tarix dahi insanların ideya və əməllərinin üzərində yaranır, qərar tutur. Məhz Ümummilli Liderimiz Heydər Əliyev də belə nadir şəxsiyyət, fenomen insanlardan biridir ki, onun əbədiyaşar ideyaları üzərində müasir, müstəqil, qüdrətli, qalib, bütöv Azərbaycan bərqərar olunub. Bu baxımdan Ulu Öndərin adı ilə bağlı olan 15 iyun – Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində çox mühüm əhəmiyyətə, həlledici rola malikdir. Bu mühümlüyü artıran əsas məqam isə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra onu yenidən itirmək təhlükəsi ilə üz-üzə qalması idi. Belə ki, həmin dövrdə ölkəyə rəhbərlik edənlərin siyasi səriştəsizliyi, idarəçilik qabiliyyətsizliyi Azərbaycanın mövcudluğunu, sözün həqiqi mənasında sual altında qoyurdu. Bir tərəfdə xaos, anarxiya, özbaşınalıq, digər tərəfdə torpaqlarımızın işğal olunması xalqımıza müstəqillik sevincini yaşamaq imkanı verməmişdi. Belə çətin və mürəkkəb bir dövrdə Azərbaycan xalqı üzünü əsl xilaskarına – Ulu Öndər Heydər Əliyevə tutaraq öz varlığını qorudu.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”,-deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Dahi şəxsiyyətin müdrik siyasətinin nəticəsi idi ki, ölkəmiz bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsindən xilas oldu, müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhran aradan qaldırıldı və uçurumun bir addımlığından qayıdan Azərbaycanda inkişafın təməli qoyuldu. Məhz həmin gündən etibarən sabitlik, inkişaf və güclü Azərbaycan quruculuğu başladı. Qurtuluş yolu uzun və şərəfli yol idi. Bu yolda böyük zəhmət güclü iradə və xalqın birliyi dayanırdı. İllər keçdikcə Azərbaycan daha da gücləndi, iqtisadiyyatı inkişaf etdi, ordusu qüdrətləndi və beynəlxalq nüfuzu artdı. Azərbaycan xalqı belə cəsarətli, düşünülmüş və məqsədyönlü, ümummilli mənafelərə xidmət edən addımların ölkə miqyasında da atılmasını tələb edirdi. Beləliklə, 1993-cü il iyunun 15-də dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bununla da ölkəmizdə milli qurtuluşa aparan tarixi yolun əsası qoyulmuş və 15 iyun müstəqil Azərbaycan dövlətinin tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olmuşdur.
Ulu Öndər Heydər Əliyev hakimiyyətə elə bir dövrdə qayıtmışdı ki, Azərbaycanda iqtisadi tənəzzül güclənmiş, siyasi böhran dərinləşmiş, cəbhədə hərbi uğursuzluqlar artmış, ölkədə vətəndaş qarşıdurması parçalanma həddinə çatmış, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində acınacaqlı vəziyyət yaranmışdı.
Ulu Öndər Heydər Əliyev uğrunda illərlə mübarizə apardığı Azərbaycanı dağılmaq və məhv olmaq təhlükəsindən qurtarmış, onun itirilməkdə olan müstəqilliyini qoruyub saxlamışdır. Beləliklə, dahi rəhbərimiz xilaskarlıq missiyasının növbəti mərhələsini həyata keçirmişdir. Sonralar Ümummilli Lider özü bu barədə deyirdi: “İndi bütün həyatımı təhlil edəndə görürəm ki, hər halda, bir başlıca hadisə var, o da budur ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam”.
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürmüş, eyni zamanda bu mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Onun dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli olmuşdur. Dövlətçiliyin mükəmməl təməl prinsiplərini yaradan xalqımızın böyük oğlu idarəçilikdə səriştəsizliyə, qətiyyətsizliyə, bəsitliyə birdəfəlik son qoyaraq uğurlu daxili və xarici siyasət yeritmiş, dünyanın fövqəlgüc dövlətlərini Azərbaycanla hesablaşmaq məcburiyyətində qoymuşdur. Yeni dünyanın aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yeridən müstəqil Azərbaycan, nəticədə, Cənubi Qafqazın aparıcı dövlətinə çevrilmişdir.
Ölkəmiz dinc və sabitlik şəraitində öz müstəqil dövlətini inkişaf etdirmək imkanı qazandı. Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq naminə geniş islahatlar dövrünə qədəm qoyuldu. Azad bazar münasibətlərinə keçidlə əlaqədar nəhəng iqtisadi islahatlar həyata keçirilməyə başlandı. Xarici siyasətdə mühüm nailiyyətlər əldə edildi. Bunun nəticəsində böyük dövlətlərin, beynəlxalq maliyyə mərkəzlərinin, iri şirkətlərin ölkəmizə inam və maraqları artdı. Hakimiyyətə gəlmək üçün silahlı dəstələrdən, zorakılıqdan və digər qeyri-qanuni yollardan istifadə etmək ənənəsinə son qoyuldu.
Ötən dövrün təhlili bir daha təsdiqləyir ki, Azərbaycanın inkişafında 15 İyun–Milli Qurtuluş Günündən başlanan yeni mərhələnin alternativi yoxdur. Azərbaycan dövlətini labüd fəlakətlərdən, hərc-mərclikdən xilas edən dahi şəxsiyyət Heydər Əliyev müstəqilliyimizi qoruyub əbədiləşdirdiyi kimi, xalqımızın xoşbəxt və firavan gələcəyini də təmin etmişdir.
Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Bu siyasi xəttin uğurlu davamının nəticəsidir ki, Azərbaycanın hər bir bölgəsi inkişaf edir, quruculuq obyektlərinin sayı günbəgün artır, əhalinin yaşayış səviyyəsi yüksəlir. Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan təkcə Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yolların baş keçidi deyil, habelə, siyasi iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkan, qarşılıqlı tamamlanma və vəhdət rəmzidir.
Müstəqil dövlətçilik tariximizin ən qürurlu günlərindən olan Vətən müharibəsindəki möhtəşəm zəfər Ümummilli Lider yolunun layiqincə davam etdirilməsinin və ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsidir. Dövlət başçımızın qətiyyətli mövqeyi və möhkəm iradəsi sayəsində müzəffər Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi azad edərək xalqımıza sevinc bəxş etdi. Qarabağın işğaldan azad edilməsinin zəruri əsaslarını yaradan Ulu Öndərin böyük arzusunu da uğurla gerçəkləşdirdi.
Bütün bunlar isə zamanın dahisi, böyük xilaskar Heydər Əliyev siyasətinin təntənəsidir. Bu siyasət yolumuza daim işıq saçır, bizi zəfərlərə aparır. Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsi, regionların sürətlə müasirləşməsi, xalqın rifah halının günbəgün yaxşılaşdırılması Milli Qurtuluş Gününün bəhrələridir. Odur ki, qədirbilən xalqımız hər zaman Milli Qurtuluş Gününü əziz tutur, bu günü böyük sevinc və fərəh hissi ilə qeyd edir. Milli Qurtuluş xalqımızın, dövlətçiliyimizin qurtuluşudur. Bu qurtuluş üçün də hər birimiz Ulu Öndər Heydər Əliyevə borcluyuq.
Qoy Milli Qurtuluş Gününün yaratdığı birlik, həmrəylik və vətənpərvərlik ruhu daim xalqımızı uğurlara aparsın. Bu müqəddəs yol gələcək nəsillərə örnək olsun.
Turanə Baxşəliyeva
Şahbuz Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin direktoru,
YAP fəalı