Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Vətən müharibəsi şəhidlərinin ölməz xatirəsi Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə də ehtiramla anılıb. Bu münasibətlə xatirə məclisləri keçirilib və torpaq uğrunda canlarını qurban vermis soydaşlarımızın qəhrəmanlığından ətraflı bəhs edilib.
Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 27 Sentyabr Anım Günü ilə bağlı bəyanatlar yayıblar.
Latviyadakı “Azəri” Gənclər Təşkilatı, Almaniyada fəaliyyət göstərən Heydər Əliyev adına Dünya Boks Komitəsi, Almaniya Azərbaycanlıları Alyansı, Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurası, Avstriya Azərbaycanlıları Cəmiyyəti, Avropa Azərbaycan Mərkəzi, İsveç-Azərbaycan Birliyi (SAF) və Estoniyada fəaliyyət göstərən Azərbaycan Evi, “FC Qarabağ Tallin” komandası adından yayılan bəyanatlarda ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən hərbçilərin və mülki şəxslərin xatirəsi dərin ehtiramla yad edilib, müharibə iştirakçılarına cansağlığı arzulanıb.
Vətən müharibəsində şəhid olanların cəsarəti, fədakarlığı və Vətənə sədaqəti minnətdarlıqla xatırlanıb. Bildirilib ki, şəhidlərin qanı bahasına qazanılan tarixi Zəfər ədaləti bərpa etməklə yanaşı, gələcək nəsillər üçün qəhrəmanlıq salnaməsidir və dünya azərbaycanlıları üçün milli ləyaqət və qürur nümunəsinə çevrilib.
Bəyanatlarda müharibə cinayətlərinin bir daha təkrarlanmaması, bütün xalqlara sülh, təhlükəsizlik və qarşılıqlı hörmət arzulandığı qeyd edilib.
Anım Günü ilə bağlı müxtəlif tədbirlər də keçirilib. Almaniyanın Maqdeburq şəhərindəki Azərbaycan Evində yaradılan guşədə Azərbaycanın ərazi bütövlüyünün bərpasını əks etdirən fotolar nümayiş etdirilib, şəhidlərin xatirəsi anılıb.
Almaniya
Almaniyadakı səfirliyimiz 27 Sentyabr Anım Günü ilə əlaqədar Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində mərasim təşkil edib.
Mərasimdə Türkiyənin Almaniyadakı səfiri Gökhan Turan, Türkiyənin Berlindəki baş konsulu İlker Okan Şanlı, Azərbaycan və türk icmalarının üzvləri, diaspor fəalları, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında Anım Gününün xalqımızın müasir tarixində xüsusi yer tutduğunu, Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin ən yüksək ehtiramla yad olunduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan uzun illər davam edən işğala şəhidlərimizin qəhrəmanlığı sayəsində son qoyaraq tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edib.
Türkiyənin Almaniyadakı səfiri Gökhan Turan 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfərin bütün Türk dünyası üçün böyük önəm daşıdığını bildirib. O, Türkiyənin həmin çətin günlərdə Azərbaycanla nümayiş etdirdiyi həmrəyliyin iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisi olduğunu deyib.
Çıxışlardan sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Kino Agentliyinin dəstəyi ilə “Mozg Media Group” tərəfindən çəkilən “Torpağı sanı yaşayasan” adlı qısametrajlı bədii film nümayiş etdirilib.
Lüksemburq
Azərbaycan–Lüksemburq Dostluq Assosiasiyasında şəhidləri anım mərasimi keçirilib.
Assosiasiyanın vitse-prezidenti Sevinc Ömərli şəhidlərin xatirəsinin ehtiramla yad edilməsinin və tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışıb. Gənclər və idman məsələləri üzrə vitse-prezident İlkin Səmədov çıxış edərək 27 Sentyabr Anım Gününün Azərbaycan xalqı üçün daşıdığı mənəvi əhəmiyyətə toxunub və Vətən uğrunda həyatını itirənlərin xatirəsinin hər zaman ehtiramla anılacağını bildirib.
Sonra çıxış edən Azərbaycanın Belçika Krallığındakı səfirliyinin birinci katibi Emin Rüstəmov 27 Sentyabr tarixinin Böyük Zəfərə gedən yolun başlanğıcı olduğunu və müasir tariximizdə xüsusi yer tutduğunu bildirərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaət nəticəsində düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad olunduğunu, 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatları zamanı Azərbaycanın dövlət suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edildiyini diqqətə çatdırıb. O, həmçinin Azərbaycanın Zəfərinin regionda tarixi ədalətin bərpasına, sülh və sabitliyin möhkəmləndirilməsinə, qarşılıqlı etimadın və dinc əməkdaşlıq mühitinin formalaşdırılması üçün yeni imkanlara zəmin yaratdığını vurğulayıb.
Mərasimdə iştirak edən 1-ci Qarabağ müharibəsinin iştirakçısı, 44 günlük Vətən müharibəsinin qazisi Cəlal Ələsgərovun atası Fəxrəddin Ələsgərov çıxışında şəhidlərin xatirəsinə və qazilərə göstərilən diqqətə görə təşəkkürünü bildirib və bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Mərasim Vətən müharibəsinə həsr edilmiş “Biz” adlı sənədli filmin nümayişi ilə yekunlaşıb.
Estoniya
Estoniya Azərbaycan İcması “Birliy”in (Eesti Aserbaidžaani kogukond “Birlik”) və respublikamızın bu ölkədəki Səfirliyinin yaxından iştirakı ilə Tallin şəhərində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş Anım mərasimi keçirilib.
Məclisdə Estoniyada yaşayan çoxsaylı həmvətənlərimizlə yanaşı, Türkiyə Səfirliyinin nümayəndələri də iştirak ediblər. İcmanın həmsədri Zakir Miriyev çıxışında Estoniyada yaşayan soydaşlarımızın keçmişin ağrılı tarixini və şəhidlərimizin xatirəsini gələcək nəsillərə ötürməyi mənəvi borc hesab etdiklərini vurğulayıb.
Bildirilib ki, keşməkeşli tariximizə baxmayaraq, Estoniyada yaşayan azərbaycanlılar keçmiş tariximizi və yaşananları tanıtmağa çalışır, gələcəyə sülh ümidi ilə baxır, eyni zamanda, müxtəlif xalqlar arasında dostluğun və qarşılıqlı hörmətin möhkəmlənməsi üçün əllərindən gələni edirlər.
Mərasimdə şəhidlərimizin xatirəsinə həsr olunmuş videoçarx göstərilib və onların əziz xatirəsinə ithaf olunmuş Azərbaycan və dünya bəstəkarlarının klassik musiqi əsərləri səsləndirilib.
Çexiya
Sentyabrın 27-də Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi Çexiyanın paytaxtı Praqada kinosevərlərə təqdim edilib.
Filmin təqdimatını Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Land of Fire” cəmiyyətinin və Azərbaycan diasporunun Şərqi Avropa üzrə Koordinasiya Şurasının Çexiya təmsilçiliyi təşkil edib. “Cinema City – Slovanský dům” kinoteatrında filmə baxsışdan əvvəl çıxış edənlər Anım Gününün Azərbaycan xalqı üçün daşıdığı mənəvi əhəmiyyətdən danışıb, şəhidlərimizin xatirəsini yad edib və onların göstərdikləri fədakarlığın gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar.
Azərbaycan Respublikasının Çexiyadakı səfiri Yaşar Əliyev Vətən müharibəsində şəhid olan hərbçilərimizin qəhrəmanlığından və Azərbaycan xalqının tarixi Zəfərindən söz açıb. Səfir şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının və onların qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.
Sonra “Soy Production” tərəfindən hazırlanmış “Düşmənə qarşı tək” filmi nümayiş etdirilib. Natiq Qasımovun əmisi oğlu, hazırda Praqa şəhərində yaşayan Çingiz Qasımov film barədə təəssüratlarını, eləcə də Natiq Qasımov haqqında ailə yaddaşında qorunan məlumatları tədbir iştirakçıları ilə bölüşüb.
Niderland
Ölkənin 2-ci böyük şəhəri Rotterdamda Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının təşkilatçılığı ilə keçirilən mərasimdə Azərbaycanın Niderlanddakı səfirliyinin nümayəndəsi, diaspor təşkilatlarının rəhbərləri, ziyalılar, gənclər və Azərbaycan icmasının fəalları iştirak ediblər.
Gənc diaspor fəalı Əli Məmmədov Qurani-Kərimdən ayələr oxuyaraq şəhidlərin ruhuna dualar edib. Sonra şəhidlərin qəhrəmanlıq yolundan bəhs edən videoçarx nümayiş olunub.
Tədbirin açılışında çıxış edən Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov Anım Gününün Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyət daşıdığını bildirib. O, şəhidlərin qəhrəmanlığının, Vətənə sədaqətinin və fədakarlığının gələcək nəsillər üçün mühüm vətənpərvərlik nümunəsi olduğunu qeyd edib. Azərbaycanın Niderlanddakı səfirliyinin baş müşaviri Nurlan Əliyev, “Ana Vətən” Avropa Azərbaycanlıları Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva, Benilüks Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Yasəmən Əkbərova və şəhid qardaşı Niyazi Əmikışızadə çıxışlarında 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, Azərbaycan Ordusunun qəhrəmanlığından və şəhidlərin Vətən qarşısındakı xidmətlərindən danışıblar.
Sonda Koordinasiya Şurasının Anım Günü ilə bağlı hazırladığı bəyanat səsləndirilib və şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb.
Ə.DOSTƏLİ
XQ