Tarixi yurd yerlərimizdə “ikiayaqlı goreşənlər”

28.11.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Erməni millətçiləri cansız məzarlıqlara da qənim kəsiliblər

Qəbiristanlıqlar, sadəcə, dəfn yeri deyil, xalqın keçmişini, mədəniyyətini və memarlığını, sosial həyatını dövrümüzə çatdıran bir tarixi dövrün yaddaş kitabəsidir. Tarixi şəxsiyyətləri, dövrün memarlığını, etnoqrafik təsvirləri, sosial və demoqrafik vəziyyəti öyrənmək baxımından qəbiristanlıqlar əvəzolunmaz mənbələrdir. Bu mənada, Qərbi Azərbaycanda xeyli sayda qədim azərbaycanlı qəbiristanlıqlar xalqımızın bu coğrafiyanın əzəli, köklü sakinləri olduğunu sübut edən ən dəyərli hüquqi-mədəni dəlillərdir.

Səfəvilərdən çar Rusiyasına qədər olan dövr ərzində bu coğrafiyada mövcud olan qəbiristanlıqlar VII əsrdən başlayaraq fa­siləsiz bir tarixi zənciri əks etdirir. 

Hələ çarizm dövründən əvvəl və ya hə­min dövrdə Qərbi Azərbaycanda nəsil, tay­fa və məhəllə prinsipi ilə formalaşan “özəl” qəbiristanlıqlar mövcud olmuşdur. 5 aprel 1872-ci ildə II Aleksandr “Zaqafqaziya müsəlmanları ruhanilərinin idarə edilməsi haqqında” Əsasnamə təsdiq etmişdir. Əsas­namənin başlıca siyasi və inzibati məqsədi Cənubi Qafqazdakı azərbaycanlı ruhanilə­ri, məscidləri, özəl dini vəqf mülklərini Rusiya imperiyasının mərkəzləşdirilmiş nəzarətinə tabe etdirmək idi. Bu əsasnamə əsasında əsrlər boyu nəsillərin, xeyriyyə­çilərin və icmaların müstəqil sərəncamında olan qəbiristanlıqlar da məcburən çarizmin təsis etdiyi ruhani idarələrinin balansına və dövlət reyestrinə salındı. Çarizmin qanun­vericiliyinə əsasən, İrəvan quberniyasında­kı bir çox bəy, xan, ağa, zadəgan nəsilləri öz qəbiristanlıqlarını rəsmi dövlət qeydiy­yatına verməyə məcbur oldular. 

İrəvan quberniyasındakı özəl məzar­lıqlar da vəqf torpaqları siyahısında rəsmi dövlət qeydiyyatına alındı. İrəvan şəhərinin nüfuzlu bəyləri və xeyriyyəçiləri Hacı Rza Əlizaman oğlu, Hacı Məhəmmədağa Sul­tanov, Hacı Mirabbas ağa Mirbaba oğlu, Hacı Həsənağa Ağamirzə bəy oğlu, Hacı Cəfər bəy Səfər bəy oğlu şəxsi mülk tor­paqlarındakı qəbiristanlıqları məhəllə ic­malarının dəfn ehtiyaclarını ödəmək üçün vəqf etmişdilər. Əldə etdiyimiz faktlar göstərir ki, 1909-cu ildə İrəvan şəhərində azərbaycanlılara məxsus 10 qəbiristanlığın hər birində dəfn mərasimləri icra olunmuş­dur. 1909-cu ilin arxiv sənədlərində İrəvan şəhərində yerləşən 10 qəbiristanlığın 5-inin kimə məxsus olduğu, əraziləri, eni-uzunu haqqında dəqiq məlumatlar qeyd olunmuş­dur. 

1. Vəqf edən: Hacı Rza Əlizamanoğlu. Dəfn icra olunur. Hasarlıdır. Qəbristanlığın uzunluğu 290 metr, eni isə 260 metr. 

2. Vəqf edən: Hacı Məhəmmədağa Sul­tanov. Dəfn icra olunur. Hasarlıdır. Qəbiris­tanlığın uzunluğu 280 metr, eni 180 metr. 

3. Vəqf edən: Hacı Həsənağa Ağamirzə bəy oğlu. Hasarlıdır. Qəbiristanlığın uzun­luğu 301 metr, eni 151 metr.

4. Vəqf edən: Hacı Mirabbas Ağa Mir­baba oğlu. Hasarlıdır. Qəbiristanlığın uzun­luğu 175 metr, eni 90 metr.

5. Vəqf edən: Hacı Cəfər bəy Səfər bəy oğlu. Hasarlı, qəbiristanlığın uzunluğu 160 metr, eni 65 metr. 

Bu qəbiristanlıqların şərq tərəfi dağlıq hissə olduğu üçün həmin hissənin hasa­rını bu dağlıq hissə əvəz edirmiş. Bundan başqa, mövcud olan daha 5 qəbiristanlığı vəqf edənlərin adları məlum deyil. 

6. Vəqf edən şəxs məlum deyil, hasar­sız, qəbiristanlığın uzunluğu 97 metr, eni isə 77 metr. 

7. Vəqf edən şəxs məlum deyil, hasar­sız, qəbiristanlığın uzunluğu 60 metr, eni 45 metr. 

8. Vəqf edən şəxs məlum deyil, hasar­sız, qəbiristanlığın uzunluğu 170 metr, eni 37 metr. 

9. Vəqf edən məlum deyil, hasarsız, qə­biristanlığın uzunluğu 84 metr, eni 36 metr. 

10. Vəqf edən şəxs məlum deyil, hasar­sız qəbiristanlığın uzunluğu 82 metr, eni 30 metr. Bu 5 qəbiristanlıq məhəllə içində və yaşayış ərazilərində yerləşmişdir. 

Üçmüədzin qəzasının qazısı Axund Molla Məhəmmədəlinin Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinə İrəvan qə­zasındakı qəbiristanlıqlarla bağlı verdiyi 10 dekabr 1909-cu il tarixli 135 nömrəli mək­tubundakı məlumatlarda göstərilir ki, bu­rada 84 müsəlman qəbiristanlığı olmuşdur. Təkiyə kəndindəki 2 qəbiristanlığın hər birində dəfn icra edilmişdi. Əkərək kəndin­dəki 2 qəbiristanlıq tarixi yerə çevrildiyin­dən, camaat qəbiristanlıq üçün başqa yer seçmişdilər. Bu 2 kənd Üçmüədzin qəza­sında ən böyük “Qüra-yi-Kəbirə” (Böyük kəndlər) kəndlərdən idi. 

Orta səviyyəli kəndlərdən olan Əyar­lı kəndində də (Qüra-yi-Mütəvəssitə) 2 hasarsız qəbiristanlıq olmuşdur. Qəzanın ən böyük kəndlərindən olan İşnək və Üşü kəndlərində isə hər birində hasarlanmış 2 qəbiristanlıq olmuşdur. Qəbiristanlıqların hər birində dəfn icra olunurdu. 

Gümrü qəzasının 23 böyük kəndindəki müsəlman qəbiristanlıqlarının hər birinin uzunluğu 80, eni isə 40 metr, orta səviyyəli 40 kənddə isə qəbiristanlıqların hər birinin uzunluğu 60, eni isə 30 metr olmuşdur. 18 kənddən ibarət kiçik kəndlərdə hər bir qəbristanlığın uzunluğu 30, eni isə 20 metr olmuşdur. 

15 noyabr 1909-cu ildə İrəvan Qu­berniyası Ruhani Məclisinin və qəza po­lis sahələrinin hesabatlarından aydın olur ki, 1901-1911-ci illərdə İrəvan qəzasında müsəlman qəbiristanlıqlarının sayı aşağı­dakı kimi olmuşdur. Ağhəmzəli kəndində Qaradağlıda, Xarratlıda, Muğamlıda, Rey­hanlıda, Qaraqalada 1 qəbiristanlıq olmuş­dur. Qaradağlı kəndində isə 2 qəbiristanlıq olub. Birinci qəbiristanlığın uzunluğu 60, eni 7, ikinci qəbiristanlığın isə uzunluğu 20, eni 20 metr olmuşdur. Alpava kəndin­dəki uzunluğu 30, eni 18 metr, Sarıcalar kəndində uzunluğu 26, eni 22, Abbas­kənddə uzunluğu 17, eni 14, Məmməda­bad kəndində, Seyidkənddə uzunluğu 78, eni 41, İlxıqoruğu kəndində uzunluğu 50, eni 35, Ülya Sərvanlar kəndində uzunlu­ğu 90, eni 70, Hacı Elyas kəndində birin­ci qəbiristanlığın uzunluğu 450, eni 134, ikinci qəbiristanlığın uzunluğu 188, eni 75, Yenicə kəndində uzunluğu 70, eni 50, Ağcaqışlaq kəndində uzunluğu 90, eni 37, Çarbaxda uzunluğu 84, eni 48, Uluxanlı, Muxtarabad, Qulucan kəndlərində uzun­luğu 1200, eni 750, Xaraba Sərvanlarda uzunluğu 50 eni 30, Göykümbət kəndində birinci qəbiristanlığın uzunluğu 60, eni 40, ikinci qəbiristanlığın uzunluğu 50, eni isə 25 metr olmuşdur. 

Arbat kəndində uzunluğu 100, eni 50, Xaçaparaq kəndində uzunluğu 89, eni 62, Şöllü-Dəmirçi kəndində 1, uzunluğu 60, eni 66, Doqquzkənddə birinci qəbiristanlı­ğın uzunluğu 60, eni 70, Yuxarı Necili kən­dində uzunluğu 102, eni 58, Aşağı Necili kəndində birinci qəbiristanlığın uzunluğu 60, eni 70, ikinci qəbiristanlığın uzunluğu 40, eni 35, İsgəndərabad kəndində uzunlu­ğu 30, eni 20, Şöllü-Mehmandar kəndində birinci qəbiristanlığın uzunluğu 150, eni 145, ikinci qəbiristanlığın uzunluğu 85, eni 78, Rəhimabad kəndində uzunluğu 30, eni 25, Qaraqışlaq kəndində uzunluğu 25, eni 70 metr olmuşdur. 

Tatarlı-Qəmərli kəndində uzunluğu 100, eni 100, Axund-Buzovand kəndində uzunluğu 200, eni 200, Çiləxanlı kəndində uzunluğu 300, eni 240, Qara Həmzəli kən­dində uzunluğu 120, eni 30 metr, dəfn olu­nanların sayı 62 nəfər, Sabunçu kəndində uzunluğu 375, eni 51, dəfn olunanların sayı 61 nəfər, İpəkli kəndində uzunluğu 40, eni 30, dəfn olunanların sayı 62 nəfər, Yaman­calı kəndində uzunluğu 100, eni 50, dəfn olunanların sayı 61 nəfər, Torpaqqala kən­dində uzunluğu 30, eni 20, dəfn olunanların sayı 30 nəfər, Məsimli kəndində, uzunluğu 20, eni 15, dəfn olunanların sayı 20 nəfər, Çatmadağ kəndində uzunluğu 20, eni 15, dəfn olunanların sayı 19 nəfər, Zimmi kən­dində uzunluğu 15, eni 20, dəfn olunanla­rın sayı 15 nəfər, Xaraba Kotanlı kəndində uzunluğu 20, eni 15, dəfn olunanların sayı 20 nəfər, Seyid Kotanlı kəndində uzunluğu 20, eni 15, dəfn olunanların sayı 20 nəfər, Şuqaib kəndində uzunluğu 20, eni 15, dəfn olunanların sayı 20 nəfər, Molla Əhməd kəndində uzunluğu 20, eni 15, dəfn olunan­ların sayı 15 nəfər, Yuxarı Ağbaş kəndində hər iki qəbiristanlığın uzunluğu 30, eni 40 metr, dəfn olunanların sayı isə 40 nəfər, Cənnətli kəndində qəbiristanlıq, uzunluğu 40, eni 30 metr, dəfn olunanların sayı 15 nəfər olmuşdur . 

22 mart 1909-cu ilə dair hesabatlarda Vedibasarın Dəvəli kəndində 1, Ağasıbəy­li kəndində 2, Yuxarı Qarabağlar kəndində 1, Dəhnəz kəndində 1, Keşişdağ kəndində 1, Çimənkənddə 3, Goravanda 1, Taytanda 1, Yenicədə 1, Böyük Vedidə 4, Avşarda 2, Xalisada 1, Şidlidə 1, Şirazlıda 1, Qaralarda 1, Armaşlıda 3, Qaraxaçda 1, Camışbasar 1, Çatqıran 1, Cığın Qaraqoyunlu 2, Gero­nis 2, Punt Qaraqoyunlu 1, Küsüs 1, Zimmi 2, Məngük 1, Ağkilsə 1, Göl Cığın 2; 12 dekabr 1909-cu il hesabatlarında Şahablı­da 1, Qədirlidə 1, Qaraxaçda 1, Hortunda (Yuxarı Çabaxçı) 1, Cəfərlidə 1, Günnütdə 1, Livandarda 1 qəbiristanlıq qeydə alın­mışdır. 

Kamal kəndində uzunluğu 300, eni 200 metr olan qəbiristanlıqda dəfn olunanların sayı 21 nəfər, Manqas kəndində uzunluğu 200, eni isə 100 metr olan qəbiristanlıqda dəfn olunanların sayı 7 nəfər, Zar kəndin­də uzunluğu 140, eni 130 metr olan qəbi­ristanlıqda dəfn olunanların sayı 30 nəfər, Oxçabert kəndində uzunluğu 80, eni 50 metr olan qəbiristanlıqda dəfn olunanların sayı 7, Kuzəcik kəndində birinci qəbiris­tanlığın uzunluğu 60, eni 40 metr, ikinci qəbiristanlığın uzunluğu 80, eni 50 metr, hər ikisində dəfn olunanların sayı 30 nəfər, Damagirməz kəndində uzunluğu 250, eni isə 200 metr olan qəbiristanlıqda dəfn olu­nanların sayı 23 nəfər, Əkərək kəndində uzunluğu 90, eni isə 50 metr olan qəbiris­tanlıqda dəfn olunanların sayı 9 nəfər, Tuti kəndində uzunluğu 160, eni isə 120 metr olan qəbiristanlıqda dəfn olunanların sayı 28 nəfər olmuşdur.

28 mart 1910-cu ildə Başgərni nahiy­yəsinin Əliqırıq kəndində uzunluğu 100, eni 70, Eranos kəndində uzunluğu 90, eni 70, Yellicə kəndində uzunluğu 110, eni 75, Əlimərdanlı kəndində uzunluğu 70, eni 35, And kəndində uzunluğu 100, eni 50, Çağlı kəndində uzunluğu 90, eni 70, Ketuz kəndində uzunluğu 150, eni 100, Bayburt kəndində birinci qəbiristanlığın uzunluğu 120, eni 50, ikinci qəbiristanlı­ğın uzunluğu 100, eni 100, Xosrov kən­dində uzunluğu 100, eni 40, İmirli kən­dində birinci qəbiristanlığın uzunluğu 30, eni 40, ikinci qəbiristanlığın uzunluğu 70, eni 35, Körpükənddə birinci qəbiristan­lığın uzunluğu 100, eni 60, ikinci qəbi­ristanlığın uzunluğu 80, eni 40, Qaladibi kəndində uzunluğu 80, eni 40, Gölaysor kəndində birinci qəbiristanlığın uzunluğu 30, eni 15, ikinci qəbiristanlığın uzunluğu 200, eni 100, üçüncü qəbiristanlığın uzun­luğu 40, eni 20, dördüncü qəbiristanlığın uzunluğu 250, eni 180, Böyük Gilənarda birinci qəbiristanlığın uzunluğu 60, eni 50, ikinci qəbiristanlığın uzunluğu 100, eni 65, Kiçik Gilənar kəndində birinci qəbiris­tanlığın uzunluğu 40, eni 30, ikinci qəbi­ristanlığın uzunluğu 35, eni 20, Kaxt Tatar kəndində birinci qəbiristanlığın uzunluğu 60, eni 30, ikinci qəbiristanlığın uzunluğu 40, eni 20, Tərəkəmələr kəndində uzunlu­ğu 70, eni 35, Bozkösə kəndində uzunluğu 80, eni 60, Artik kəndində uzunluğu 100, eni 60, Kərpicli kəndində uzunluğu 100, eni 50, Qurbağalı kəndində uzunluğu 60, eni 40 metr olan qəbiristanlıqlar olmuşdur.

İrəvanın hər bir məhəlləsində və qə­zanın bütün kəndlərində azərbaycanlı qə­biristanlıqlarının olması əhalinin burada dağınıq halda deyil, kompakt halda ya­şadıqlarını təsdiq edir. İrəvanın azərbay­canlılardan ibarət olan ən qədim yaşayış məhəllələrindən biri də Dəmirbulaq məhəl­ləsi olmuşdur. İrəvan Quberniyası Ruhani Məclisinin 7 iyun 1911-ci il tarixli hesabat­larından məlum olur ki, İrəvan şəhərinin Dəmirbulaq məhəlləsində ümumi sahəsi 3540 kvadratmetr müsəlman qəbiristanlığı olmuşdur. Həmin qəbiristanlıq şimaldan Dəmirbulaq məhəlləsinin sakini Dürrətel Həlimə İbrahim qızının torpaq sahəsi, şərq­dən Abuhəyat arxı, cənubdan və qərbdən isə digər müsəlman qəbiristanlığı ilə həm­sərhəd olmuşdur. 

İrəvandan Üçmüədzinə gedən yolun sağ tərəfində Dərəkənd kəndində 1909-cu ildə iki hasarsız, dəfn icra edilən qəbiris­tanlıq olmuşdur. Bu qəbiristanlığı 1910-cu ildə İrəvan şəhər divanxanası zəbt etmiş, sovet hakimiyyətinin ilk illərində dağı­dılaraq həmin qəbiristanlığın yerində xa­ricdən köçürülən ermənilər üçün yaşayış binaları tikilmişdir. Sovet hakimiyyətinin ilk illərində Ermənistanda bir çox tarixi qəbiristanlıqlarımız 1923-cü ildə Mərkə­zin göndərişi ilə İrəvana gələn erməni memar Aleksandr Tamamyanın tərtib et­diyi şəhərin baş planına əsasən məqsədli şəkildə yer üzündən silmişdir. Erməni memarlar Q.Ağababyan, Q.Tamanyan, A.Şahinyan, B.Harutunyan və başqaları Qərbi Azərbaycanda əsrlər boyu formalaş­mış Türk-müsəlman mədəniyyətini “yeni şəhərsalma” adı altında məhv etmişlər. Er­məni vandalları tərəfindən qəbiristanlıq­larımızın məhv edilməsi xalqımızın milli yaddaşını, dini və mədəni kimliyini silmək məqsədi daşıyan sistemli siyasətin tərkib hissəsi idi. 

Cəlal ALLAHVERDİYEV,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью