Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 12 noyabr, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nyu-Cersi Azərbaycan icmasının təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-Cersi ştatında 8 Noyabr - Zəfər Gününə həsr olunan “Tarixi Zəfər, sülhə sədaqət” adlı təntənəli tədbir keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın və ABŞ-nin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev Zəfər Günü ərəfəsində keçirilən tədbirin əhəmiyyətindən danışaraq iştirakçıları möhtəşəm Qələbə münasibətilə təbrik edib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun qəhrəmanlığı ilə qazanılan Zəfərin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib. Həmçinin dövlətimizin diaspor siyasətindən, xaricdə yaşayan soydaşlarımız arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəallıq göstərən həmvətənlərimizə təşəkkürünü bildirib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini və genişmiqyaslı layihələrini əks etdirən xüsusi təqdimat nümayiş etdirilib.
Nyu-Cersi Azərbaycan icmasının üzvləri Rəna Abbasova və Ceyhun Nəzərov Zəfər Gününün hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu, belə tədbirlərin soydaşlarımız arasında milli həmrəyliyin və birlik ruhunun güclənməsinə töhfə verdiyini vurğulayıblar. Nyu-Cersi ştatının Paterson şəhərinin meri Andre Sayeq də azərbaycanlıları Zəfər Günü münasibətilə təbrik edib, icmamızın yerli cəmiyyətin ictimai həyatına verdiyi töhfələri yüksək qiymətləndirib.
Tədbir çərçivəsində Nyu Yorkda fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzinin və Vaşinqtonun “Aceso Art Space” platformasının yetirmələri olan gənc azərbaycanlı rəssamların Zəfər Gününə həsr olunmuş əsərlərindən ibarət sərgisi də təqdim edilib.
Zəfər tariximizi və milli birliyimizi əks etdirən “Birlikdə” və “Tarix dərsi” adlı videoçarxlar nümayiş olunub. Amerikalı musiqiçi, kamança ifaçısı, Azərbaycan muğamının tədqiqatçısı və Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbokun ifasında Azərbaycan muğamları və milli musiqi nümunələri maraqla qarşılanıb.