Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2020-ci ilin 4 noyabrı Vətən müharibəsinin ən həlledici və tarixi günlərindən biri idi. Şuşanın azad edilməsinə və möhtəşəm Zəfərə isə cəmi 4 gün qalırdı. Həmin gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəsmi “X” hesabı vasitəsilə Arazboyu bölgənin mühüm strateji kəndlərinin işğaldan azad olunduğunu elan edərək, Cəbrayılın Mirək, Kavdar, Zəngilanın Məşədiismayıllı, Şəfibəyli, Qubadlının isə Başarat, Qaraimanlı, Vəlilər kəndlərinin düşməndən təmizləndiyini bildirmişdi.
Xatırladaq ki, Azərbaycanın xüsusi təyinatlı qüvvələri və digər qoşun növləri artıq o vaxt Şuşa ətrafındakı sıx meşələri və sıldırım qayalıqları keçərək şəhərin yaxınlığına çatmışdılar. Düşmən üçün gözlənilməz olan yüngül silahlarla və əlbəyaxa döyüş taktikası ilə Şuşa sığınacaqlarına doğru irəliləyiş sürətlənmişdi.
Ermənistan silahlı qüvvələrinin müqaviməti tamamilə qırılmaqda idi. Azərbaycan Ordusunun dəqiq artilleriya və dron zərbələri nəticəsində Ermənistanın xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilirdi.
Həmin gün Prezident, Ali Baş Komandan İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində qarşıya qoyulan vəzifəyə – Azərbaycanın ərazi bütövlüyününün bərpasına yaxınlaşıldığını da vurğuladı.
Yeri gəlmişkən, dövlət başçısının rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq qələbə Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmaqla bərabər, beynəlxalq münasibətlər sistemində də yeni reallıqlar yaratdı. Prezident İlham Əliyev savaş dövründə informasiya cəbhəsində yüksək səviyyəli diplomatik və siyasi çeviklik nümayiş etdirdi. İtaliyanın nüfuzlu adıçəkilən qəzetinə verdiyi müsahibə məhz bu həqiqəti bir daha təsdiqlədi. Ölkə rəhbəri bu müsahibə ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesinin həm hüquqi, həm də mənəvi əsasları haqqında fikirlərini beynəlxalq aləmə çatdırdı.
Azərbaycan liderinin müsahibədə vurğuladığı “Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq” söyləməsi, əslində, dövlətin 30 illik səbir, müdriklik və prinsipiallıqla davam etdirdiyi xəttin kulminasiya məqamı idi. Azərbaycan heç vaxt müharibə istəmədi, danışıqlar yolu ilə ədalətin bərpasına böyük ümid bəslədi. Lakin Ermənistanın ardıcıl təxribatları, xüsusilə 2020-ci ilin sentyabrında hərbi hücumu respublikamızı öz suveren hüquqlarını qorumaq üçün cavab tədbirləri görməyə məcbur etdi.
Dövlət başçısının dediyi kimi, “Biz qələbədən danışarkən qarşımıza belə bir hədəf qoymamışdıq, biz onu danışıqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik”. Əslində, bu ifadə Azərbaycanın qələbəsinin təməlində revanşizm yox, ədalət və beynəlxalq hüquq normalarına sadiqliyin sübutu idi.
Ölkə rəhbəri savaş günlərində bu və digər müsahibələrində beynəlxalq münasibətlər sistemindəki ziddiyyətləri də müdrikliklə diqqətə çatdırırdı. Prezident BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini vurğulayırdı. Lakin beynəlxalq vasitəçilərin acizliyi üzündən həmin sənədlər uzun illər kağız üzərində qalmışdı.
Azərbaycan lideri bu situasiyanı “vasitəçilər neytral qalmasalar, vasitəçi ola bilməzlər” ifadəsi ilə aydın şəkildə xarakterizə edirdi. Bu cümlə yalnız diplomatik tənqid deyildi, həm də beynəlxalq münasibətlərdə obyektivliyin itirilməsinin doğurduğu təhlükənin xəbərdarlığı idi. Azərbaycan 30 il ərzində beynəlxalq hüququn prinsiplərinə sadiq qaldı, lakin dünya tarixi ədalətsizliyə göz yumdu. Nəticədə, ölkəmiz Vətən müharibəsində beynəlxalq hüququ reallığa çevirdi, ərazi bütövlüyünü “dəmir yumruq” hesabına bərpa etməklə BMT qətnamələrinin icrasını faktiki olaraq gerçəkləşdirdi.
Dövlət başçısının “La Repubblica”ya müsahibəsində toxunduğu vacib məsələlərdən biri də “Azərbaycan Ordusunun tərkibində guya muzdlu döyüşçülərin olması” barədə yayılmış əsassız iddialar idi. Prezident bu iddiaları faktlarla təkzib edərək “bizə bununla bağlı heç bir dəlil təqdim olunmayıb. Bu, indiyədək sübuta yetirilməyib”, – deyə vurğuladı. Ölkə rəhbəri daha sonra dedi: “Azərbaycan Ordusu 100 mindən artıq nizami əsgərdən ibarətdir və lazım gəlsə, bundan bir neçə dəfə çox qüvvə səfərbər oluna bilər... Bizim müasir silahlarımız, mükəmməl texnologiyamız və yüksək döyüş ruhumuz var”. Prezident bu bəyanatı ilə bir tərəfdən Azərbaycan Ordusunun peşəkarlığını və texnoloji üstünlüyünü vurğulayır, digər tərəfdən, Qərb mediasında yayılan dezinformasiyaların siyasi məqsədli olduğunu göstərirdi.
Azərbaycan lideri, əslində, bu həqiqətlə informasiya müharibəsində respublikamızın üstünlük qazandığını nümayiş etdirir, Ermənistanın və onun havadarlarının uydurduqları yalanları diqqətə çatdırırdı. Prezidentin “biz onlara kimin kim olduğunu sübut etdik” fikri isə həm mənəvi, həm də hərbi üstünlüyün ifadəsi idi. Bu, savaşda qazanılmış qələbə olmaqla bərabər, həm də beynəlxalq informasiya məkanında Azərbaycanın haqq səsinin qalib gəlməsindən xəbər verirdi.
Prezident İlham Əliyev Qarabağda erməni əhalisinin çoxluq təşkil etməsi barədə sualı da tarixi faktlara əsaslanmaqla cavablandırdı: “1970-ci illərin sonunda Dağlıq Qarabağ əhalisinin 25 faizi azərbaycanlı idi, lakin Ermənistanın apardığı etnik təmizləmə nəticəsində bu bölgədə bir nəfər olsun belə azərbaycanlı qalmadı. Xüsusilə Şuşa kimi tarixi bir şəhərin 98 faiz azərbaycanlı əhalisinin hamısı qovuldu”.
Bu faktların Avropa auditoriyasına çatdırılması təsadüfi deyildi. Belə ki, Prezident İlham Əliyev Qərb oxucusuna bölgədə “ermənilərin əzəli torpaqları” kimi təqdim edilən ərazilərin, əslində, süni şəkildə erməniləşdirilmiş yaşayış sahələri olduğunu açıq şəkildə diqqətə çatdırır, onların Qarabağa köçürülməsinin 1805-ci il “Kürəkçay” müqaviləsindən sonrakı rus imperiyasının siyasəti nəticəsində baş verdiyini bildirirdi. Bu faktlar tarixi ədaləti, eyni zamanda, Azərbaycanın mədəni irsinin bərpası hüququnu təsdiqləyirdi.
Prezident İlham Əliyev “La Repubblica”ya müsahibəsində müharibənin gedişini izah etməklə bərabər, Qərb auditoriyasına respublikamızın haqlı mövqeyinin siyasi, hüquqi və tarixi əsaslarını da aydın şəkildə çatdırdı. Bir sözlə, bu müsahibə Azərbaycanın beynəlxalq informasiya məkanındakı manifesti, ədalətin, sülhün və haqqın səsi idi.
2020-ci il noyabrın 4-də Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında azərbaycanlı mülki şəxslərin təhlükəli vəziyyətdə yaşadıqlarını və Ermənistanla Azərbaycan arasında davam edən müharibəni işıqlandıraraq vəzifələrini peşəkarlıqla görən “TF1”yə və onun müxbiri Liseron Boudoulaya qarşı Fransadakı erməni lobbisinin təhdidlərinin, eləcə də nifrət dolu təhqirlərinin qətiyyətlə pislənildiyini qeyd etdi.
Prezidentin köməkçisi, eyni zamanda, KİV-ə açıqlamasında bildirdi: “İşğaldan azad edilmiş ərazilərimizdə mülki insanın öldürülməsi barədə qondarma rejimin yaydığı məlumat növbəti dezinformasiyadır. Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biri də odur ki, Azərbaycan mülki insanlarla savaş aparmır”.
Xatırladaq ki, noyabrın 4-də Türkiyənin o zamankı xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Komissiyasının videoformatda keçirilən 130-cu nazirlər toplantısındakı çıxışında Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) siyasi məqsədlər üçün istifadə edilməsinin yolverilməzliyini bildirərək dedi: “Azərbaycanın ərazi bütövlüyü üçün hər birinizi “amma, əgər” demədən səsinizi çıxarmağa çağırıram. İkili standartlar olmamalıdır. Gürcüstan və Ukraynanın ərazi bütövlüyü və suverenliyini necə müdafiə ediriksə, Azərbaycanın da haqlarını eyni qaydada qorumalıyıq. Azərbaycan, sadəcə olaraq, beynəlxalq səviyyədə tanınmış ərazilərinə nəzarəti bərpa etmək istəyir”.
Yeri gəlmişkən, həmin gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tuturdu. Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edir, işğalçı ordu cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur olunurdu.
Qeyd edək ki, noyabrın 4-də rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tuturdu.
V.BİNYATOĞLU
XQ