Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“44 günlük İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərə aparan yolun başlanğıcı kimi dəyərləndirilən 2016-cı ilin Aprel döyüşlərindən 10 il ötür. Tariximizin bu şanlı səhifəsi bir daha sübut etdi ki, xalqın iradəsi, dövlətin qətiyyəti və ordunun qüdrəti birləşəndə heç bir işğal əbədi ola bilməz. Aprelin ilk günlərində Ermənistan silahlı qüvvələrinin Madagiz, Ağdərə və digər istiqamətlərdə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi sarsıdıcı cavab düşmənin illərlə qurduğu saxta mifologiyanı darmadağın etdi.
Əks-hücum əməliyyatları nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə istiqamətlərində 2000 hektardan artıq ərazi işğaldan azad olundu. Bu qələbə təkcə taktiki uğur deyildi; bu, Azərbaycanın işğal altındakı torpaqlarını hərbi yolla azad etmək gücündə olduğunu bütün dünyaya nümayiş etdirən ilk böyük strateji mesaj idi. İllərlə erməni tərəfinin yaratmağa çalışdığı “güclü Ermənistan ordusu” mifi cəmi dörd gün ərzində çökdü”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
Deputat bildirib ki, Aprel döyüşləri xalqımızın qələbəyə inamını daha da artırdı: “Dörd günlük döyüşlər göstərdi ki, Azərbaycan ordusu ən yüksək peşəkarlığa, güclü maddi-texniki bazaya və hər an istənilən vəzifəni yerinə yetirmək iradəsinə malikdir. Bu uğur sonrakı mərhələlər üçün həm siyasi, həm də hərbi baxımdan mühüm təcrübə məktəbinə çevrildi.
Bu tarixi qələbənin rəmzlərindən biri Lələtəpə yüksəkliyinin azad edilməsi oldu. Lələtəpədə ucaldılan üçrəngli Bayraq yalnız hərbi üstünlüyün deyil, həm də Böyük Qayıdışın ilk müjdəsi idi. Məhz bu yüksəklik sayəsində Cocuq Mərcanlı kəndi təhlükədən xilas edildi, 23 il yurd həsrəti çəkən sakinlərin doğma evlərinə dönüşü mümkün oldu. Bu, Böyük Qayıdışın ilk real addımı, sonrakı illərdə Qarabağ və Şərqi Zəngəzura qayıdışın mənəvi başlanğıcı idi.
Azərbaycan hər zaman məsələnin sülh yolu ilə həllinə üstünlük verdi. Lakin dövlət siyasətində ordu quruculuğu daim prioritet istiqamət olaraq saxlanıldı. Ulu Öndər Heydər Əliyevin “Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır” çağırışı sonrakı bütün dövrlərdə dövlət strategiyasının əsas xəttinə çevrildi. Prezident İlham Əliyevin son 22 ildən artıq dövrdə həyata keçirdiyi ardıcıl siyasət nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alır.
Aprel döyüşlərində qazanılan təcrübə sonrakı illərdə də uğurla davam etdirildi. 2018-ci ildə Günnüt əməliyyatı, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında cəmi bir gün davam edən uğurlu lokal antiterror tədbirləri bu ardıcıl zəfər xəttinin parlaq davamı oldu. 44 gün ərzində torpaqlarımız işğaldan azad edildi, 2023-cü ildə isə ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi.
Bu gün 10 il əvvəl Lələtəpədə ucaldılan Bayraq artıq Qarabağın və Şərqi Zəngəzurun hər guşəsində Şuşada, Xankəndidə, Xocalıda, Ağdamda, Kəlbəcərdə, Laçında, Zəngilanda, Cəbrayılda, Füzulidə və digər azad torpaqlarımızda qürurla dalğalanır. Bu, Apreldə başlanan Zəfər yolunun bu gün quruculuq və dirçəliş mərhələsində davam etdiyini göstərir.
Azad Qarabağ və Şərqi Zəngəzur artıq sürətlə yenidən qurulur. Bu gün artıq 9 şəhər öz sakinlərinə qovuşub və Böyük Qayıdış daha da genişlənir. Yeni dövrün əsas çağırışı məhz bu quruculuq işlərini genişləndirmək, qayıdış ünvanlarını artırmaq və azad edilmiş torpaqları dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevirməkdir.
Aprel döyüşləri sadəcə bir hərbi əməliyyat deyildi — bu, Şuşaya gedən yolun ilk qələbə marşı, Böyük Qayıdışın ilk işığı və Azərbaycanın tarixi Zəfərinin başlanğıc manifesti idi”.
Mürtəza