Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.
8 Noyabr-Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı vardır: Müzəffər Ali baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq. Bu reallıqda Prezident+Ordu+ Xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir.
Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birəşdik. Bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar.
Tarixi zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi. Eyni zamanda Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri Miatsum ideologiyası-İrəvan və Qarabağ ermənilərini vahid dövlət tərkibində görməyi hədəfləyən, bu prosesdə qonşu Gürcüstan ərazisinə də ilhaq zonası kimi yanaşan irticaçı ideya iflasa uğradı. Bu gün Ermənistan dövləti və erməni xalqı milli ideologiyadan məhrum olmuşdur. O, tarixin zibilliyinə atılmışdır. Eyni məkanda “Ermənistan-diaspora-artsax” ideoloji triadası da yer almışdır.
44 günlük müharibənin nəticələrini yalnız 2020-ci ilin 27 sentyabrında başlanan hərbi əməliyyatlarla izah etmək düzgün olmaz. Bu qələbənin arxasında uzun illər ərzində həyata keçirilən siyasi, iqtisadi, diplomatik və hərbi hazırlıq dayanmışdır.
Prezident İlham Əliyevin 2003-cü ildən etibarən həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən biri Azərbaycanın müdafiə potensialının gücləndirilməsi, iqtisadi imkanlarının genişləndirilməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi idi. İlk növbədə hərbi modernləşmə siyasəti reallaşdırıldı. Silahlı Qüvvələrin müasir silahlarla təchiz edilməsi, döyüş hazırlığının yüksəldilməsi, xüsusi təyinatlı qüvvələrin və yeni hərbi texnologiyaların inkişafı təmin edildi.
İqtisadi gücümüz həndəsi silsilə ilə artırıldı. Müharibə aparmaq və uzunmüddətli müdafiə ehtiyaclarını təmin etmək üçün güclü iqtisadi və maliyyə bazası formalaşdırıldı. Diplomatik fəaliyyət hücum taktikasına əsaslandı. Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq normaları çərçivəsində müdafiəsi və beynəlxalq platformalarda bu mövqenin ardıcıl müdafiəsi təmin edildi. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı və 2020-ci ilin Tovuz döyüşləri də müharibəyə qədərki hərbi-siyasi prosesin mühüm mərhələləri idi.
2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-da yekunlaşan 44 günlük müharibə Azərbaycanın hərbi tarixində yeni mərhələ açdı. Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin hərbi-siyasi nəticələrini şərtləndirdi. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kənd azad edilmişdi. Sonrakı üçtərəfli bəyanat əsasında Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycana qaytarıldı. Bu qələbənin ən mühüm tərəfi yalnız hərbi nəticə deyildir. Burada ilk növbədə Ali Baş Komandanın sərkərdəlik istedadı, Azərbaycan əsgərinin peşəkarlığı, zabitlərin komandanlıq bacarığı, xalqın birliyi və dövlətin siyasi iradəsi vahdətdə olaraq tarixi zəfəri şərtləndirdi. Xüsusilə şəhidlərimizin və qazilərimizin fədakarlığını xüsusi vurğulamaq lazımdır. Zəfər tariximiz onların qanı, canı və qəhrəmanlığı ilə yazılmışdır.
Zəfər tariximizin növbəti mərhələsi Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi ilə bağlıdır. 44 günlük müharibədə Azərbaycan Ordusu torpaqlarımızı azad etdi. Bu gün isə qurucularımız, mühəndislərimiz, müəllimlərimiz, həkimlərimiz və öz doğma yurduna qayıdan insanlarımız həmin torpaqlarda yeni həyat qururlar. Deməli, Zəfər yalnız keçmişimizin deyil, gələcəyimizin də adıdır. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işləri bir neçə istiqamətdə həyata keçirilir.
Birincisi, infrastrukturun qurulması. Avtomobil yolları, tunellər, körpülər, hava limanları, elektrik və su təchizatı sistemləri yaradılır. Füzuli, Zəngilan və Laçın hava limanları bu prosesin mühüm nümunələridir.
İkincisi, yaşayış məntəqələrinin bərpası. Şuşa, Ağdam, Füzuli, Zəngilan, Laçın, Cəbrayıl və digər ərazilərdə yaşayış, sosial və ictimai infrastruktur qurulur.
Üçüncüsü, insanların doğma torpaqlarına qayıdışı. Böyük Qayıdış proqramının əsas məqsədi təkcə evlərin tikilməsi deyil, insanların təhlükəsiz, layiqli və davamlı yaşayışının təmin edilməsidir.
Dördüncüsü, iqtisadi reinteqrasiya. Qarabağ və Şərqi Zəngəzur yalnız bərpa olunan ərazilər deyil, ölkənin gələcək iqtisadi inkişafına töhfə verəcək yeni iqtisadi məkan kimi formalaşdırılır.
2021-ci ildə indiyədək bu məqsədlər üçün 28 milyard manat vəsait ayrılmışdır. 96 min nəfər soydaşımız Qarabağ və Şərqi Zəngəzura qayıdaraq orada yaşayır, işləyir və təhsil alır. 48 yaşayış məntəqəsi istifadəyə verilibdir. Bu rəqəmlər göstərir ki, söhbət sadəcə dağıdılmış şəhərlərin bərpasından getmir. Söhbət yeni yaşayış məntəqələrinin, iqtisadi fəaliyyətin, sosial xidmətlərin və müasir infrastrukturun yaradılmasından gedir. Burada bir məsələni də xüsusi qeyd etmək lazımdır: minalar Böyük Qayıdışın qarşısında duran ən ciddi humanitar və təhlükəsizlik problemlərindən biridir. 300 min hektardan artıq ərazinin təmizlənməsi bu işin miqyasını göstərir.
44 günlük müharibədən sonra proses yalnız quruculuqla məhdudlaşmadı. 2023-cü ilin sentyabrında Qarabağda keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan bütün ərazisi üzərində suverenliyini tam bərpa etdi. Bununla da postmünaqişə dövrünün yeni siyasi və hüquqi reallığı formalaşdı. Bu reallıqlar özü də yeni strateji vəzifələr irəli sürür. Bəs onlar hansılardır?
1. Azərbaycan-Ermənistan münasibətlərinin davamlı sülh əsasında normallaşdırılması.
2. Regionda kommunikasiyaların və nəqliyyat əlaqələrinin açılması.
3. Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına tam inteqrasiyası.
4. Qayıdan əhalinin məşğulluğunun və sosial rifahının təmin edilməsi.
5. Minalardan təmizlənmə prosesinin sürətləndirilməsi.
6. Azad edilmiş ərazilərdə ekoloji tarazlığın və tarixi-mədəni irsin qorunması.
Bir Azərbaycan vətəndaşı olaraq hər birimizin borcu bu tarixi Qələbəni yalnız yaddaşlarda yaşatmaq deyil, onu güclü, inkişaf edən, təhlükəsiz və firavan Azərbaycan naminə davamlı nəticələrə çevirməkdir.
Elman Nəsirov
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı