Tarixin 18 oktyabr xoşbəxtliyi...

17.10.2026

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Müstəqilliyimiz bərpa olunub, Xudafərin azadlığına qovuşub

Təqvimdə elə günlər var ki, xalqımız və ölkəmiz üçün müstəsna önəm daşıyır. 18 oktyabr məhz belə günlərdən biridir. Əlamətdar haldır ki, tarixin bu günündə iki mühüm hadisə baş verib. Bunlardan biri  XX yüzillikdə ikinci dəfə müstəqilliyə nail olmağımızdır. Ali Sovet 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Bu tarixi qərarla Azərbaycan ötən əsin iyriminci illərində itirilmiş müstəqilliyini bərpa edib və azadlığına qovuşub. Artıq 35 ildir ki, respublikamız müstəqil yaşayır, öz taleyinin sahibidir və bütün istiqamətlərdə böyük uğurlar qazanır.

Tarixin 18 oktyabr günündə baş verən ikinci mühüm hadisə isə Xudafərin körpüsünün işğaldan azad edilməsidir. Xudafərin bizim üçün adi bir körpü deyil. Arazın o tayı ilə bu tayını birləşdirən bu körpü xalqımız üçün böyük rəmzi məna daşıyır. Otuz illik işğal illərində bizim Xudafərinə çıxış imkanımız olmayıb və o, hər birimiz üçün həsrət körpüsünə çevrilib.  Bu həsrətə 2020-ci il oktyabrın 18-də son qoyulub. Xudafərinin işğaldan azad edilməsi düşmənin həm hərbi, həm də psixoloji məğlubiyyətinə yol açan vacib amillərdən oldu.

Bir əsrdə iki dəfə müstəqil dövlət quran xalq

Dünyada cəmi 200-dək müstəqil dövlət var. Xalqların sayı isə bundan daha çoxdur. Buradan o nəticə hasil olur ki, müstəqillik uğrunda daha çox çalışmaq və əzmkarlıq göstərmək lazımdır. Azərbaycan xalqı tarix boyunca azadlığa can atan və bu amal uğrunda misilsiz fədəkarlıqlar göstərən xalqdır. Uzaq tarixi demirik, elə son 200 ildə Azərbaycan bir sıra istilalara məruz qalıb, tarixi torpaqlarımız işğal altına düşüb, sərhədlərimiz kiçilib. Ancaq üzləşdiyi məhrumiyyətlər, sərt ideoloji qadağalar  heç vaxt xalqımızı azadlıq arzularından geri döndərə bilməyib. Əcdadlarımız daim müstəqil dövlət qurmağa can atıb və müstəqillik idealları ilə yaşayıb. Nəhayət, vətənpərvər, işıqlı ziyalılarımızın fədəkarlığı sayəsində  1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması ilə xalqımızın müstəqillik arzusu həyatda öz təsdiqini tapıb. AXC müsəlman Şərqində demokratik əsaslarla qurulan ilk respublika idi ki, bu da Azərbaycan xalqının böyüklüyünü, öz taleyinin sahibi olmaq istəyini, qəhrəmanlığını və müasirliyini təcəssüm etdirirdi. 

Əslində, AXC-nin bəyan edilməsi 1828-ci ildə baş tutan işğaldan sonra xalqımızın itirilmiş dövlətçiliyinin bərpası idi. AXC dövlət quruculuğunda, idarəetmədə, demokratiyanın bərqərar olmasında, təhsil sahəsində, yeni seçki ənənələrinin formalaşmasında, qadınların seçmək və seçilmək hüquqlarının tanınmasında və digər istiqamətlərdə hətta Avropa üçün örnək sayıla biləcək bir sıra ilklərə imza atıb. Beynəlxalq səviyyədə tanınıb.  Ancaq AXC-nin ömrü uzun olmayıb - cəmi 23 ay yaşayıb və 1920-ci il aprelin 28-də süqut edib. Sonrakı mərhələdə respublikamız təxminən 70 il keçmiş SSRİ-nin tərkibində qalsa da, xalqımız müstəqillik ideyalarını həmişə qəlbində yaşadıb və müstəqil dövlətini qurmağa can atıb. Belə tarixi fürsət isə ötən əsrin doxsanıncı illərinin əvvəlində yaranıb. Beləliklə də, Azərbaycan xalqı bir əsrdə iki dəfə müstəqil dövlət qurmağa nail olub.

Müstəqilliyə gedən yolda Ulu Öndər Heydər Əliyevin müstəsna rolu

Tarix sübut edir ki, hər fürsəti vaxtında və düzgün dəyərləndirmək lazımdır. Əks halda, bundan başqaları yararlana bilərlər. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində keçmiş ittifaqın süqutu fonunda yaranan müstəqilliyimizin bərpası fürsəti də itirilə bilərdi. Çünki həmin dönəmdə respublikamızda çox ziddiyyətli proseslər izlənilirdi və müxtəlif güclər öz maraqlarını təmin etməyə çalışırdılar. Belə bir çətin vəziyyətdə XX yüzillikdə ikinci dəfə müstəqilliyə gedən yolda xalqımızın müdrik oğlu, böyük siyasətçi Heydər Əliyevin liderliyi müstəsna rol oynadı. O dövrdə - hələ keçmiş ittifaqın süqutundan əvvəl 17 noyabr 1990-cı il tarixində Heydər Əliyevin sədrliyi ilə çağrılan sessiyada Onun təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı. Bir qədər sonra-1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi, həmçinin ölkənin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı. Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. 1991-ci il avqustun 30-da respublika Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etdi. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. 10 müddəadan ibarət olan sənəddə 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğu xüsusi vurğulanıb. Həmin bəyannamə sonrakı mərhələdə respublikamızın müstəqilliyi ilə bağlı digər hüquqi sənədlərin hazırlanması və qəbul edilməsi üçün əsas oldu. 1991-ci il oktyabrın 18-də Ali Sovet məhz bu bəyannaməyə istinad edilməklə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Sənəddə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi təsbit edilib.

Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

Ötən 35 ildə müstəqil Azərbaycan tarixi uğurlara imza atıb, beynəlxalq birliyin sayılıb-seçilən üzvlərindən birinə çevrilib. Ən böyük uğurumuz isə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm qələbələrimiz sayəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasıdır. Biz qürur duyuruq ki, bu gün müstəqil Azərbaycanın bütün ərazisində üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Həm də mənəvi körpümüz olan Xudafərinə qovuşmaq xoşbəxtliyi

İndiki nəsil xoşbəxt nəsildir ki, Vətən müharibəsinə, Qələbə müjdələrinə şahidlik edib. Müharibənin xoşbəxtliklə əlaqələndirilməsi, bəlkə də, ziddiyyətli görünə bilər. Ancaq danılmaz faktdır ki, otuz il ərzində dogma yurd yerlərinin həsrəti ilə yaşayan Azərbaycan xalqı nisgilimizə son qoyacaq ədalətli müharibənin başlamasını qəlbən arzulayırdı.

İllər ötsə də,  Vətən müharibəsinin təəssüratları heç vaxt unudulmayacaq. Müharibənin hər günündə xalqımız cəbhədən gələn qələbə müjdələrinə sevinirdi. Bu müjdələri isə bir qayda olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev paylaşdığı tvitlərlə çatdırırdı. Dövlətimizin başçısının növbəti qələbə müjdəsi isə Vətən müharibəsinin 22-ci günündə Xudafərin körpüsünün işğaldan azad edilməsi ilə bağlı oldu. Prezident İlham Əliyevin tviter səhifəsində paylaşdığı “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” tviti ölkəmizdə xüsusi coşqu ilə qarşılandı. Xalqımız həm də mənəvi körpümüz olan Xudafərinə qovuşmaq xoşbəxtliyi yaşadı həmin gün.

Qeyd edək ki, Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində havadarlarının dəstəyi ilə həyata keçirdiyi işğal nəticəsində ölkəmizin İranla olan 132 kilometr uzunluğunda dövlət sərhədi bütünlüklə düşmənin nəzarətinə keçmişdi. 18 oktyabr 2020-ci il tarixində Xudafərin körpüsü ilə yanaşı, Cəbrayıl rayonunun daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndləri, həmçinin bir sıra yüksəkliklər də işğalçılardan azad edilib. Bununla da İranla dövlət sərhədimizin xeyli hissəsi bərpa olunub.  Hərbiçilərimiz Xudafərinin azad edilməsi planını çox məharətlə hazırlayıblar və uğurla həyata keçiriblər. Əvvəlcə erməni hərbi birləşmələri ətrafdakı yüksəkliklərdən çıxarılıb. Bundan sonra hərbiçilərimiz komandanlığın tapşırıqlarına uyğun olaraq körpüyə müxtəlif istiqamətlərdən yaxınlaşıblar. Xudafərinin azad edilməsi zamanı hərbiçilərimiz arasında itkilər olmayıb.

Xudafərin körpüləri Azərbaycan memarlığının nadir nümunələrindəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü bu gün də öz əzəmətini saxlamaqdadır. Onlardan “Baş Xudafərin körpüsü” adlanan 11 aşırımlı körpünün uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir.

Xudafərinin işğaldan azad olunması böyük Qələbəmizin əsas memarı olan Prezident, Ali Baş Komandan İlham Əliyevin də həyatında xüsusi bir gün olub. Bunu Onun özü səmimi şəkildə etiraf edib. Müharibə başa çatandan az sonra - 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən də Xudafərin körpüsündə olublar. Bu anlar da tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Prezident İlham Əliyev Xudafərin körpüsündə şanlı Azərbaycan Bayrağını qaldırıb. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün sonsuz qürur və fəxarətdir.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью