Tarixin axarını dəyişən iradə Azərbaycanın Zəfər salnaməsi ŞƏRH

03.11.2026

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

8 Noyabr tarixi Azərbaycanın ərazi bütövlüyü uğrunda onilliklər boyu davam edən mübarizənin, xalqın sarsılmaz iradəsinin, dövlətin qətiyyətinin və hərbi qüdrətinin tarixi nəticəsini özündə ehtiva edir. Zəfər Günü sadəcə hərbi qələbənin qeyd olunduğu gün deyil, həm də milli birliyin, Vətənə bağlılığın, fədakarlığın və dövlətçilik əzminin tarixə həkk olunduğu gündür. Bu Zəfərə aparan yol asan olmadı. Azərbaycan uzun illər işğal faktı ilə üz-üzə qaldı, beynəlxalq hüququn tanıdığı ərazi bütövlüyünün bərpasını gözlədi. Lakin zaman keçdikcə aydın oldu ki, tarixi ədalətin bərpası yalnız gözləntilərlə deyil, ardıcıl dövlət siyasəti, güclü ordu quruculuğu, diplomatik fəaliyyət və milli iradənin səfərbər olunması ilə mümkündür. Azərbaycan bu istiqamətdə bütün imkanlarını bir araya gətirərək özünün gələcək Zəfərinin əsaslarını formalaşdırdı. Vətən müharibəsinin başlanması ilə Azərbaycan tarixinin yeni mərhələsi açıldı. 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük müharibə xalqımızın öz torpaqlarını azad etmək əzmini, ordumuzun döyüş qabiliyyətini və dövlətimizin siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu müharibə uzun illər davam edən işğala son qoymaq, tarixi ədaləti bərpa etmək və gələcək nəsillərə azad Vətən miras qoymaq uğrunda aparılan mübarizə idi. Azərbaycan Ordusunun hər qarış torpaq uğrunda nümayiş etdirdiyi qəhrəmanlıq, əsgər və zabitlərimizin fədakarlığı Zəfər salnaməsinin ən şərəfli səhifələrini təşkil etdi.Bu tarixi prosesdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi xüsusi əhəmiyyət daşıyırdı. Müharibənin ilk günlərindən etibarən dövlət başçısının xalqa müraciətləri, beynəlxalq media nümayəndələrinə verdiyi müsahibələr və siyasi-diplomatik müstəvidə apardığı fəaliyyət Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. O, həm ölkə daxilində xalqın mübarizə əzmini səfərbər edən, həm də beynəlxalq informasiya məkanında Azərbaycanın haqq səsini çatdıran siyasi rəhbər kimi çıxış edirdi. Döyüş meydanında əldə edilən uğurların siyasi müstəvidə müdafiəsi, hadisələrin gedişatı barədə cəmiyyətin mütəmadi məlumatlandırılması və qarşıya qoyulmuş məqsədlərə doğru ardıcıl irəliləyiş həmin dövrün mühüm xüsusiyyətlərindən idi.

Müharibənin hər günü Azərbaycan xalqının iradəsinin növbəti sınağına çevrilirdi. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və digər yaşayış məntəqələrinin azad edilməsi qələbəyə doğru atılan mühüm addımlar idi. Hər yeni uğur illərlə doğma yurd həsrəti çəkən insanların qəlbində ümidləri daha da gücləndirir, xalqın qələbəyə inamını möhkəmləndirirdi. Bu prosesdə arxa cəbhənin də rolu danılmaz idi. Ön cəbhədə döyüşən hərbçilərimizlə yanaşı, bütün ölkə əhalisi vahid amal ətrafında birləşmişdi. Azərbaycan xalqı bir daha göstərdi ki, söhbət Vətənin taleyindən gedəndə fərdi maraqlar arxa plana keçir, milli birlik və həmrəylik ümummilli məqsədə çevrilir.

Bu Zəfərin ən mühüm məqamlarından biri isə, heç şübhəsiz, Şuşanın azad edilməsi oldu. Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın azadlığı hərbi və mənəvi baxımdan müharibənin taleyini müəyyənləşdirən hadisələrdən birinə çevrildi. Şuşa əməliyyatı Azərbaycan hərb tarixində özünəməxsus yer tutdu. Dağlıq relyef, mürəkkəb keçidlər və çətin döyüş şəraiti qarşısında Azərbaycan əsgərinin göstərdiyi peşəkarlıq, cəsarət və fədakarlıq bu əməliyyatın uğurla nəticələnməsində həlledici rol oynadı. Noyabrın 8-də Şuşanın azad edilməsi ilə 28 illik həsrətə son qoyuldu. Məhz həmin gün Cənab Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciət edərək Şuşanın azad olunduğunu elan etdi. Bu xəbər yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının sevincinə səbəb oldu. Şuşanın azad edilməsi bir şəhərin işğaldan qurtuluşundan daha böyük məna daşıyırdı. Bu, Azərbaycanın hərbi strategiyasının, ordusunun döyüş hazırlığının və xalqın qətiyyətinin mühüm nəticəsi idi. Şuşanın azad olunması müharibənin gedişində həlledici mərhələ yaratdı və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması prosesinə gətirib çıxardı. Beləliklə, 44 günlük müharibə Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. 8 Noyabrın Zəfər Günü kimi təsis edilməsi də məhz Şuşanın tarixi və mənəvi əhəmiyyəti ilə bağlıdır. Bu tarix təsadüfi seçilməmişdir. Çünki Şuşa Azərbaycanın milli kimliyinin, mədəni yaddaşının və tarixi varlığının rəmzlərindən biridir. Onun azadlığı ilə xalqımızın uzun illər ürəyində yaşatdığı arzusu reallığa çevrildi. 2020-ci il dekabrın 3-də imzalanmış müvafiq sərəncamla noyabrın 8-i hər il Zəfər Günü kimi qeyd olunmağa başladı.

Lakin Zəfərin mahiyyəti yalnız 44 günlük müharibənin nəticələri ilə məhdudlaşmır. Bu Qələbə Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı oldu. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılması, Böyük Qayıdış proqramının həyata keçirilməsi, şəhər və kəndlərin yenidən qurulması hərbi qələbənin real inkişaf və quruculuq mərhələsinə keçdiyini göstərir. Vaxtilə doğma yurdlarından didərgin düşmüş insanların öz evlərinə qayıtması Zəfərin ən mühüm mənəvi nəticələrindəndir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda dalğalanan üçrəngli bayrağımız azadlığın, suverenliyin və dövlət iradəsinin təcəssümüdür. Bu tarixi Qələbənin arxasında canını Vətən uğrunda fəda edən şəhidlərimizin müqəddəs qanı, qazilərimizin sağlamlığı, hərbçilərimizin qəhrəmanlığı və bütöv xalqın sarsılmaz iradəsi dayanır. Zəfərdən danışarkən şəhidlərimizin adlarını, onların yarımçıq qalan arzularını və ailələrinin göstərdiyi dözümü heç zaman unutmamalıyıq. Çünki bu Qələbə ilk növbədə Vətən uğrunda ən qiymətli varlığından keçən qəhrəmanların əbədi xatirəsi ilə yaşayır. Onların fədakarlığı müstəqil Azərbaycanın gələcək nəsilləri üçün şərəf, məsuliyyət və vətənpərvərlik nümunəsidir.

Bu gün 8 Noyabrı qeyd edərkən yalnız keçmişin qəhrəmanlıq salnaməsini xatırlamırıq. Həm də həmin Zəfərin üzərimizə qoyduğu məsuliyyəti dərk edirik. Qazanılmış tarixi uğurların qorunması, dövlətimizin daha da güclənməsi, milli birliyin möhkəmləndirilməsi və azad edilmiş torpaqlarımızın inkişafı hər bir vətəndaşın qarşısında dayanan mühüm vəzifələrdəndir. Tarix sübut etdi ki, milli iradə ilə dövlət qətiyyəti, xalq birliyi ilə ordunun gücü vahid məqsəd ətrafında birləşəndə ən mürəkkəb hədəflərə belə çatmaq mümkündür. 8 Noyabr Azərbaycan xalqının öz taleyinə sahib çıxdığı, gələcəyini özü müəyyənləşdirmək əzmini nümayiş etdirdiyi tarixi gündür. Bu günün mənası illər keçdikcə daha dərindən dərk ediləcək, Zəfər salnaməsi isə gələcək nəsillərə milli qürur və dövlətçilik dərsi olaraq ötürüləcəkdir.

Zəfərimiz mübarizə əzmimizin, şəhidlərimizin müqəddəs xatirəsinin və Azərbaycan dövlətinin tarixində silinməz iz qoymuş birliyin təcəssümüdür. 8 Noyabr – tariximizin dəyişdiyi, milli qürurumuzun yenidən yüksəldiyi və Azərbaycanın qalib dövlət kimi öz sözünü dediyi gündür!

David Həsənov

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью