Tarixin dil açdığı ölkə

11.09.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

- Haradansınız?

- Azərbaycandan.

- Azərbaycanla biz qardaş ölkələrik. Azərbaycanı, xalqınızı çox sevirik.

Bəlkə, kimlərsə bu sözlərdəki səmimiyyətə inanmayacaq, amma bir həftə ərzində Özbəkistanda getdiyim demək olar ki, bütün məkanlarda eyni münasibətlə qarşılaşdım. "Azərbaycan" cavabını eşidən insanların sadəcə reaksiyasını, üzündəki təbəssümü görmək lazım idi.

Məsələn, taksi sürücüsü Azərbaycandan olduğumuzu bilir, ilk sözü "qardaş ölkə" olur, ardınca isə deyir ki, Rusiyada bir müddət azərbaycanlılarla çalışıb, indi də dostluq edirlər və azərbaycanlılar dünyanın ən yaxşı, ən xeyirxah, yardımsevər insanlarıdır. Yaxud restoran və kafelərdə, məşhur Çorsu bazarında da insanlardan eyni münasibəti, eyni sevgini gördüm.

Özbəkistanda Nizami Gəncəvinin irsindən, "Qayınana", "Arşın mal alan" filmlərindən, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Rəşid Behbudovdan böyük sevgi ilə danışırlar. Təkcə ziyalılar, elm adamları deyil, sadə insanlar da.

lll

İlk dəfə 8 il əvvəl elə avqust ayında Özbəkistanda olmuşdum, o zaman bu ölkənin zəngin tarixini yaşadan abidələri görmək, mədəni irsi ilə tanışlıq məni dərindən təsirləndirmişdi. Təbii ki, ötən 8 ildə ölkədə çox şey dəyişib, Özbəkistan dünyaya daha çox açılıb, daha çox inkişaf edib, çox sayda yeniliklərə imza atıb. Elə paytaxt Dəşkənddə yaradılan İslam Sivilizasiyası Mərkəzi də əsas yeniliklərdən biridir. Mərkəzi son illərdə gördüyüm ən möhtəşəm abidə adlandıra bilərəm. Və hesab edirəm ki, "mütləq görülməli" yerlər siyahısına daxil edilməlidir. Bura təkcə Özbəkistanın deyil, bütövlükdə İslam dünyasının tarixi, elmi, mədəni və mənəvi irsinin bir araya gəldiyi məkandır. Mərkəz muzeylə yanaşı, elmi-tədqiqat, kitabxana, rəqəmsallaşdırma və maarifləndirmə funksiyalarını da özündə birləşdirir. Maraqlı memarlığı - böyük günbəz, geniş sərgi zalları və ənənəvi Şərq memarlığının müasir elementlərlə birləşdirilməsi buranı Daşkəndin yeni simvollarından birinə çevirib.

İslam Sivilizasiyası Mərkəzi 10 hektardan çox sahəni əhatə edir, 100 mindən çox nadir əlyazma və 1 milyondan çox kitabdan ibarət nəhəng kitabxanası var. Tikintisinə 2018-ci ildə başlanılıb və 8 ilə tamamlanıb. Kompleksin üzərində 65 metr hündürlüyündə möhtəşəm günbəz ucalır.

İslam Sivilizasiyası Mərkəzi 6 böyük və xüsusi zaldan ibarətdir.

Əsas zallardan biri "Müqəddəs Quran" zalıdır. Burada müsəlman dünyasının ən mühüm mənəvi incilərindən sayılan qədim "Osman Quranı" (Səmərqənd Kufi Quranı) saxlanılır. VII əsrə aid edilən bu qədim Quran nüsxəsi kufi xətti ilə yazılıb və İslam dünyasının ən qədim qorunub saxlanılan Quran əlyazmalarından biri hesab olunur. Əlyazma xüsusi Quran zalında nümayiş etdirilir. Burada müxtəlif dövrlərə aid Quran nüsxələri, İslamın qızıl dövrünə, Samanilər və Teymurilər dövrünə, eləcə də müasir Özbəkistanın tarixinə həsr olunmuş ekspozisiyalar yaradılıb. Buradakı eksponatlar Orta Asiyanın əsrlər boyu müxtəlif sivilizasiyaların, elmi məktəblərin və ticarət yollarının kəsişdiyi məkan olduğunu göstərir.

"İslamdan əvvəl sivilizasiyalar" zalı bölgənin İslam dininin gəlişinə qədərki tarixi dövrlərini, qədim mədəniyyətini və arxeoloji tapıntılarını əks etdirir.

"Birinci İntibah dövrü" zalı isə Şərq İntibahının (X-XII əsrlər) çiçəklənmə dövrünə, Əl-Fərabi, İbn Sina, Əl-Xarəzmi kimi dahi alimlərin elmi fəaliyyətlərinə və əsərlərinə həsr olunub.

"İkinci İntibah dövrü" zalı Əmir Teymur və Teymurilər dövrünü (XIV-XVI əsrlər) əhatə edir. Burada həmin dövrün memarlığı, elmi nailiyyətləri, orijinal fərmanlar və miniatür sənəti nümunələri sərgilənir. Məsələn, "Əmir Teymurun Türkmən fərmanı"nın orijinalı burda saxlanılır.

"XX əsrdə Özbəkistan" və "Yeni Özbəkistan - Üçüncü İntibahın əsası" zallarında ölkənin yaxın keçmişdə və müasir zamanda əldə etdiyi nailiyyətlər, ictimai-siyasi inkişaf mərhələləri, həyata keçirdiyi islahatları, elmi, mədəni və mənəvi dirçəliş strategiyası nümayiş etdirilir.

İslam Sivilizasiyası Mərkəzi həm də elmi araşdırmalar, nadir əlyazmaların qorunması və rəqəmsallaşdırılması, kitabxana fəaliyyəti və beynəlxalq elmi əməkdaşlıq üçün də nəzərdə tutulub. Mərkəz İslam sivilizasiyasını yaşadan, bu irsi gələcək üçün qoruyub saxlayan canlı bir mənbədir. Onu da deyim ki, mərkəzə dünyanın hər yerindən turist axını var. Özbəkistana gələn turistlər buranı mütləq ziyarət edirlər.

lll

Özbəkistana getdinsə, Səmərqəndi görmədən geri dönmək olmaz. Daşkənddən sürət qatarı ilə Səmərqəndə təxminən 2 saat 20 dəqiqə yoldur. Şəhərin yaxınlığında ilk olaraq İmam əl-Buxari turizm kompleksini ziyarət edirik. Kompleks İslam alimi və hədislərin ən tanınmış tədqiqatçılarından biri İmam Məhəmməd ibn İsmayıl əl-Buxarinin (810-870) elmi irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılıb. Əl-Buxari Mərkəzi Asiyanın Buxara şəhərində anadan olub və gənc yaşlarından hədisləri toplamaq və öyrənmək üçün İslam dünyasının müxtəlif bölgələrinə səfərlər edib. Onun məzarı kompleksin ərazisindədir.

Kompleks bu gün mühüm dini və tarixi ziyarət məkanlarından biridir. Burada 10 minədək insanın eyni anda ibadət edə biləcəyi məscid, hündürlüyü 75 metr olan dörd minarə, həmçinin doqquz pavilyondan ibarət muzey kompleksi inşa edilib. Onun ən məşhur əsəri "Səhih əl-Buxari"dir. Qeyd edək ki, kompleks yenidən təmir edilərək, ərazisi genişləndirilərək 2026-cı ilin mart ayında istifadəyə verilib.

Səmərqənd - Şərqin incisi

Dünyanın ən qədim şəhərlərində biri olan Səmərqənd hər kəsi heyran edəcək bir şəhərdir. Yazıçı Amin Maalouf Səmərqənd romanında şəhəri belə təsvir edib: "Səmərqənd! Dünyanın əzəldən günəşə baxan ən gözəl üzü".

Dünyanın günəşə baxan ən gözəl üzü özündə həm də minilliklərin tarixini yaşadır, bu şəhərin ruhu hər daşında, hər abidəsində, hər küçəsində duyulur. Səmərqənd qədim tikililər, saraylar, məscidlər, mədrəsələr şəhəridir.

Səmərqənd həm də böyük Əmir Teymurun vətənidir. Əmir Teymurun zamanında şəhər yüksək inkişaf səviyyəsinə çatıb.

Səmərqənd 1924-1930-cu illərdə Özbəkistanın paytaxtı olub. Bura  tarix boyu elm, mədəniyyət mərkəzi olub.

Səmərqəndin tarixi 3500 ildən də əvvələ gedib çıxır. Bu şəhər minilliklər boyu sivilizasiyaların, mədəniyyətlərin və böyük imperiyaların izlərini qoruyub. Eramızdan əvvəl 329-cu ildə Makedoniyalı İsgəndərin ordusu buranı işğal edib. 712-ci ildə ərəblər tərəfindən işğal edilən Səmərqənd Samanilər dövründə mühüm siyasi, iqtisadi və mədəni mərkəzlərdən birinə çevrilib. Səmərqəndin ən çətin dövrü Çingiz xanın hücumu zaman olur. Belə ki, 1220-ci ildə Çingiz xan şəhəri yandırıb, viran edir. Amma bu vəziyyət uzun davam etmir. Əmir Teymur Səmərqəndi yenidən quraraq onu dövrünün ən möhtəşəm mədəniyyət və elm mərkəzlərindən birinə çevirir.

Zərəfşan çayının vadisində yerləşən Səmərqəndin qədim tarixi və zəngin memarlıq irsi UNESCO-nun Dünya İrs Siyahısında qorunur.

Üç möhtəşəm mədrəsənin - Uluqbəy, Şerdor və Tilla-Karinin yerləşdiyi Registan meydanı Səmərqəndin əsas məkanlarından biridir. 2001-ci ildə Registan meydanı Səmərqəndin digər qədim tarixi abidələri ilə birlikdə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Registan "Qumlu yer" mənasını daşıyır.

Əmir Teymurun dövründə meydan əsasən bazarlarla əhatə olunmuşdu. Uluqbəyin hakimiyyəti dövründə isə meydanın siması dəyişməyə başladı: burada möhtəşəm Uluqbəy mədrəsəsi inşa edildi və Registan mühüm elm və təhsil mərkəzinə çevrildi.

Uluqbəy mədrəsəsi Registan kompleksində, solda yerləşir, 1417-1420-ci illər arasında tikilib. Uluqbəy özü burada riyaziyyat və astronomiyadan dərs deyib.

Uluqbəy mədrəsəsi ilə üzbəüz 1619-1536-cı illər arasında tikilmiş Şer-Dor mədrəsəsidir. Mədrəsənin üzərində 32 metr hündürlüyündə minarə mövcuddur.

Tilla-Kari mədrəsəsi isə 1647-1660-cı illərdə inşa olunub. Arxasında qədim karvansarayın yerləşdiyi bu tikili sonralar məscid kimi də istifadə edilib.

Səmərqəndin məşhur abidə komplekslərindən biri də "Şahi Zində"dir. "Şahi Zində" və ya başqa adıyla "Kral məzarlığı" adlanan memorial kompleksin ərazisində XI-XIX əsrlərə aid məqbərələr, məscidləri və digər tikililər var, onların əksəriyyəti Teymurilər dövrünə aiddir.

Şahi-Zində kompleksi İslamın ilk dövrlərində Səmərqəndə gəldiyi rəvayət olunan, Məhəmməd peyğəmbərin əmisi oğlu və Abbas ibn Əbdülmüttəlibin oğlu Qusam ibn Abbasın adı ilə bağlıdır. Mənbələrə görə, Qusam ibn Abbas VII əsrin ikinci yarısında Səmərqəndə gəlib və burada İslamı yaymağa çalışıb. Onun 676-677-ci illərdə vəfat etdiyi bildirilir. Ölümü ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Qusam ibn Abbasın məzarı üzərində zamanla formalaşan ziyarətgah isə sonralar Şahi-Zində - "Diri şah" adı ilə məşhurlaşıb.

Səmərqənd səfərimiz bununla bitir, bərpa işlərinə, həm də vaxt məhdudiyyətinə görə, bəzi məkanları ziyarət etmək imkanımız olmur. Amma bəlkə bu, "növbəti dəfə" demək üçün həm də bir işarədir.

lll

Sonda onu da deyim ki, Özbəkistanı bu dəfə yenidən kəşf etdim. Məsələn, birinci gəlişimdə dillərimizin bu qədər yaxın olduğunu fərq etməmişdim, sadəcə Azərbaycan dilində danışırsan və səni başa düşürlər. Həm də bir daha əmin oldum ki, Azərbaycan-Özbəkistan münasibətləri yalnız iki dövlət arasındakı sıx əlaqələrlə məhdudlaşmır. Bu doğmalıq artıq xalqlarımızın bir-birinə olan sevgisində, səmimi münasibətində və qarşılıqlı hörmətində özünü aydın şəkildə göstərir.

Özbəkistanda Azərbaycan haqqında danışarkən hiss etdiyim səmimiyyət, Nizamidən, muğamdan, mədəniyyətimizdən söz açmaları bunu bir daha təsdiqləyir. Bütün bunlar göstərir ki, bizi birləşdirən bağlar daha dərindir və bu, ortaq tarixdən, mədəniyyətdən, xalqlar arasındakı sevgidən qaynaqlanır.

Pərvanə SULTANOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью