Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru dos. Nəcibə Nəsibova Türkiyəyə səfəri çərçivəsində Hacettepe Universitetini ziyarət edib.
Bu barədə Axar.az-a universitetdən məlumat verilib.
Məlumata görə, səfər çərçivəsində Nəcibə Nəsibova Hacettepe Universitetinin rektoru prof. Mehmet Cahid Güran, Mühəndislik Fakültəsinin dekanı prof. Xəlil Vural, Qida Mühəndisliyi kafedrasının müdiri prof. Əli Topçu və professor-müəllim heyəti ilə görüşüb.
Görüşdə Hacettepe Universitetinin tərəfdaşlığı ilə TAU-da həyata keçirilən Qida mühəndisliyi proqramının tədris imkanlarının genişləndirilməsi, tələbələrin Hacettepe Universitetinin akademik mühitinə daha yaxından inteqrasiyası və universitetin mövcud imkanlarından daha səmərəli istifadə olunması məsələləri müzakirə edilib.
Müzakirələr zamanı Hacettepe Universitetinin rəhbər və akademik heyətinin TAU tələbələri üçün mühazirələr keçirmək məqsədilə Azərbaycana səfərlərinin daha müntəzəm şəkildə təşkil olunması barədə razılıq əldə edilib.
Qeyd edək ki, “çətir universitet” modeli əsasında fəaliyyət göstərən Türkiyə-Azərbaycan Universitetində Qida mühəndisliyi proqramı Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Hacettepe Universiteti tərəfindən həyata keçirilir.