Taxılda xaricdən asılılıq belə bitəcək AÇIQLAMA

08.05.2026

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda ərzaqlıq buğda istehsalında ciddi artım hədəflənir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkədə bu sahə üzrə orta məhsuldarlığın hektar başına 5 tona çatdırılacağını bəyan edib. Hazırda ölkə üzrə orta göstərici 3 ton ətrafında olsa da, xüsusi proqram daxilindəki təsərrüfatlarda ötən il hektardan 5,7 ton məhsul yığılıb. Nazirin sözlərinə görə ərzaqlıq buğda proqramına daxil olan əkin sahələri sürətlə genişləndirilir. Ötən il 22 min hektardan 126 min ton məhsul əldə edildiyi halda, bu il əkin sahələri 29 min hektara çatdırılıb. Dövlət hər il bu rəqəmləri daha da yüksəltməyi planlaşdırır.
Bəzi ekspertlər qeyd edir ki, ölkə taxılla özünü təmin edə bilmir, həcm çox azdır. Əmtəəlik taxılla bağlı 70-75% xaricdən asılıyıq.
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Demokrat.az-a bildirib ki, nazirin belə hədəf qoyması müsbət addımdır:
“Ekspertlərin fikirləri də reallığı əks etdirir. Azərbaycan ümumilikdə taxıl idxalından ciddi şəkildə asılıdır. Hazırda ölkədə yerli taxıl istehsalı ümumi tələbatın təxminən 55-60 faizini qarşılayır, qalan 40 faizə yaxın hissə isə xaricdən idxal olunur. İdxal edilən taxılın mühüm hissəsini də ərzaqlıq buğda təşkil edir. Yəni çörək və un istehsalında istifadə olunan buğdanın 70-75 faizi xaricdən gətirilir. Bunun əsas səbəbi Azərbaycanda yetişdirilən buğdanın keyfiyyətinin istənilən səviyyədə olmamasıdır. Bu isə həm iqlim və hava şəraiti, həm torpaq keyfiyyəti, həm də becərilmə və kultivasiya ilə bağlı amillərlə əlaqədardır”.
O deyib ki, suvarma sistemlərinin yaxşılaşdırılması, aqrotexniki tədbirlərin gücləndirilməsi və müasir texnologiyaların tətbiqi məhsuldarlığın artırılmasına kömək edə bilər:
“Kənd təsərrüfatı nazirinin son sərgidə ölkə prezidentinə verdiyi məlumatlardan da görünür ki, bu istiqamətdə beynəlxalq təcrübə öyrənilir. Xüsusilə İsrail kimi ölkələrdə məhsuldarlığın artırılması üçün tətbiq olunan texnologiyalar diqqətlə araşdırılır və həmin nümunələrin Azərbaycanda tətbiqi imkanları nəzərdən keçirilir”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью