Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Tayvan təcili olaraq Penhu arxipelaqının müdafiəsini gücləndirir və mütəxəssislər bunu adanın əsas müdafiə sütunlarından biri adlandırırlar.
Axar.az “Röyters”ə istinadən xəbər verir ki, Çin Tayvanı ələ keçirməyə cəhd edərsə, Penhu hücumun ilk dalğasında zərbə ala bilər.
Bildirilib ki, Penhu arxipelaqı 90 adadan ibarətdir və Tayvanın cənub-qərb sahillərindən təxminən 50 kilometr məsafədə yerləşir.
Təhlükəsizlik mütəxəssisləri hesab edirlər ki, Çin donanması əsas adaya hücum etməyə cəhd edərsə, sözügedən arxipelaq Tayvan ordusuna müqavimət göstərməyə imkan verəcək.
Tayvanın Milli Müdafiə və Təhlükəsizlik Tədqiqatları İnstitutunun tədqiqatçısı Su Tsiyuna görə, Penhu adasını keçməyə çalışan Çin gəmiləri orada yerləşdirilən raketlərin hədəfinə çevrilə bilər.
Ekspert hesab edir ki, buna görə də, Çin ordusu əsas adaya hücum etməzdən əvvəl arxipelaqa qoşun yeritməli olacaq.
İddia edilir ki, Tayvan Hərbi Dəniz Qüvvələri Sahil Komandanlığı gəmi əleyhinə və desant əleyhinə əməliyyatlar üçün ilk dəfə olaraq arxipelaqda “Hsiung Feng” raket buraxılış qurğularını yerləşdirib.