Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tbilisi, 16 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi, “Study in Azerbaijan” layihəsinin təşkilatçılığı ilə Tbilisi şəhərində Azərbaycan universitetlərinin təhsil sərgisi keçiriləcək.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, sərginin keçirilməsində əsas məqsəd Gürcüstanda yaşayan şagirdlərin, abituriyentlərin, tələbələrin və valideynlərin Azərbaycanın ali təhsil sistemi, universitetləri, tədris proqramları, ixtisaslar və qəbul imkanları barədə məlumatlandırılması, eləcə də Azərbaycan universitetləri ilə birbaşa tanışlıq imkanlarının yaradılmasıdır.
Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın 10-dan çox aparıcı universitetinin nümayəndələri ilə görüşmək imkanı əldə edəcəklər. Onlar universitetlərdə tədris olunan ixtisaslar, qəbul qaydaları, təhsil və təqaüd imkanları, eləcə də tələbə həyatı haqqında ətraflı məlumat ala, maraqlandıran sualları birbaşa universitet nümayəndələrinə ünvanlaya biləcəklər.
Sərgi noyabrın 17-də, saat 10:00-dan 18:00-dək Tbilisidə yerləşən “Swissôtel Tbilisi” hotelində keçiriləcək.
Gürcüstanda yaşayan və Azərbaycanda ali təhsil almaq imkanları ilə maraqlanan bütün şəxslər sərgidə iştirak etməyə dəvət olunurlar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi