Tbilisidə Mirzə Şəfi Vazehin doğum günü qeyd olunub

16.11.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Tbilisi, 16 noyabr, AZƏRTAC

Gürcüstan Azərbaycanlı Tələbələr Birliyinin (GASU) və “Yeni Nəslin Liderləri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair və mütəfəkkir Mirzə Şəfi Vazehin anadan olmasının 232-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində əvvəlcə şairin Görkəmli Azərbaycanlılar Panteonundakı məzarı ziyarət edilib, əziz xatirəsi ehtiramla yad olunub.

Tbilisi Botanika Bağında keçirilən ədəbi-bədii görüşdə Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı, Tiflis dövrü, pedaqoji fəaliyyəti, yaratdığı “Divani-Hikmət” ədəbi-fəlsəfi məclisi, eləcə də yaradıcılığının Avropada tanınması barədə məlumat verilib.

Qeyd edək ki, Mirzə Şəfi Vazehin həyat və yaradıcılığında Tiflis dövrü (1840–1852) onun şəxsiyyətinin formalaşması, pedaqoji fəaliyyəti və dünya miqyasında tanınması baxımından mühüm mərhələ təşkil edir. Gəncədəki mühafizəkar mühitdən sonra Tiflis onun üçün intellektual azadlıq və yaradıcılıq mərkəzinə çevrilib.

1840-cı ildə dostu və keçmiş şagirdi Mirzə Fətəli Axundzadənin köməyi ilə Tiflis Qəza Məktəbində Azərbaycan və fars dilləri müəllimi vəzifəsinə təyin olunan Vazeh 1846-cı ildə Gəncəyə qayıdaraq yeni açılan qəza məktəbində dərs deyib. 1850-ci ildə yenidən Tiflisə dönən şair ömrünün sonunadək Tiflis Gimnaziyasında müəllimlik fəaliyyətini davam etdirib.

Mirzə Şəfi Vazeh 1852-ci ildə Tiflisdə vəfat edib. O, şəhərin müsəlman qəbiristanlığında – indiki Tbilisi Botanika Bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar Panteonunda dəfn olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью