TDT Media Forumu: “Rəqəmsal ekosistemin təhlükəsizliyi üçün zəruri addımdır”

29.11.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı keçirilib.

Toplantıda çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömer Kocaman son illərdə media sahəsində əməkdaşlığın getdikcə daha sistemli və institusional çərçivədə inkişaf etdiyini qeyd edərək üzv dövlətlərin media qurumları arasında məzmun mübadiləsinin genişləndirilməsi, strateji kommunikasiya sahəsində koordinasiyalı fəaliyyətin gücləndirilməsi və dezinformasiyaya qarşı çevik müdafiə mexanizmlərinin formalaşdırılmasının Türk dünyası üçün əsas prioritetlərdən birinə çevrildiyini vurğulayıb.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov isə bildirib ki, Türk Dövlətləri Təşkilatının media və informasiya sahəsində əməkdaşlığı üzv ölkələri ortaq tarixi, mədəni və dil birliyi ətrafında birləşdirən strateji platforma kimi xüsusi əhəmiyyət daşıyır. 

Ümumiyyətlə, ölkəmizdə belə bir tədbirin təşkil edilməsi və onun əhəmiyyətini ziyalılar, media rəhbərləri, ekspertlər də yüksək qiymətləndirirlər. 

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Bakıda təşkil olunan Türk Dövlətləri Təşkilatının (TDT) Media Forumu türk dünyasında informasiya əməkdaşlığının institusional çərçivədə möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır: 

"O, həm peşəkar media dialoqu, təcrübə mübadiləsi üçün şərait yaradır, həm də türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasını gücləndirən kommunikasiya platforması rolunu oynayır. 

Forumda iştirak edən nümayəndə heyətləri informasiya siyasətində ortaq mövqelərin müəyyənləşdirilməsi, vahid media məkanının inkişafına yönəlmiş müzakirələr apardılar.

Bu tendensiya dövlətlərimiz arasında operativ və etimadlı xəbər mübadiləsini təmin etməklə yanaşı, regionumuzda informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. 

Nəzərə almaq lazımdır ki, yaşadığımız dövrdə beynəlxalq informasiya məkanında rəqabət sərtləşir, informasiya manipulyasiyaları çoxalır, dezimfomasiya yayımı təhlükəli hal alır. Belə bir məqamda türk dövlətlərinin ortaq mövqedən çıxış etməsi onlar üçün qlobal informasiya məkanında daha effektiv iştirak imkanı yaradır.

Bakı Media Forumu bütün bu ideyaların müzakirə olunması, ideyaların gerçəkləşdirilməsi yolunda vasitələrin tapılması baxımından mühüm əhəmiyyət kəsb etdi. Təsadüfi deyil ki, Forumda müzakirəyə çıxarılan mühüm istiqamətlərindən biri də dezinformasiya ilə mübarizə, rəqəmsal təhlükəsizlik və kiberrisklərin azaldılması üzrə vahid yanaşmaların formalaşdırılmasıdır.

Bu sahədə əməkdaşlığın gücləndirilməsi türk dövlətlərinin informasiya suverenliyinin qorunması, ictimai rəyin manipulyasiyadan müdafiə olunması və rəqəmsal ekosistemin təhlükəsizliyi üçün zəruri addımdır".

Nigar Abdullayeva
"Cebheinfo.az"

 

Açar sözlər: TDT Media Forumu Müşfiq Ələsgərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью