Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İyulun 10-da Bakıda Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Maliyyə Kəşfiyyatı Orqanlarının III Beynəlxalq Forumu keçirilib.
“TDT ölkələrində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin anlaşılması: ortaq çağırışlar, birgə həllər” mövzusuna həsr olunan forum TDT məkanında maliyyə kəşfiyyatı orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və maliyyə cinayətləri ilə mübarizə sahəsində vahid yanaşmaların formalaşdırılması məqsədini daşıyır.
Açılış mərasimində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti İdarə Heyətinin sədri Zaur Fətizadə, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, eləcə də üzv ölkələrin maliyyə kəşfiyyatı orqanlarının rəhbərləri və digər yüksəksəviyyəli qonaqlar çıxış ediblər. Zaur Fətizadə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda reallaşdırılan uğurlu islahatlar və əldə edilmiş nəticələr barədə məlumat verib.
Vurğulanıb ki, dövlət başçısının həyata keçirdiyi siyasət ölkəmizdə ədalətli bazar və sağlam maliyyə münasibətlərinin davamlı inkişafını, müasir tələblərə cavab verən maliyyə sisteminin formalaşmasını təmin edib.
Forum çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın maliyyə kəşfiyyatı orqanları rəhbərlərinin iştirakı ilə rəhbərlər paneli keçirilib. Panel zamanı üzv dövlətlər arasında əməkdaşlığın inkişaf perspektivləri, maliyyə cinayətləri ilə mübarizədə qarşıda duran çağırışlar və birgə fəaliyyət istiqamətləri barədə müzakirə aparılıb, mövzu üzrə təqdimatlar edilib. Bundan başqa, “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Maliyyə Kəşfiyyatı Orqanlarının Əməkdaşlıq Platformasının yaradılması haqqında” memorandum imzalanıb.
Memorandumun imzalanması ilə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Maliyyə Kəşfiyyatı Orqanları arasında əməkdaşlığın institusional əsaslarını müəyyən edən yeni əməkdaşlıq mexanizmi yaradılıb. Əməkdaşlıq Platforması üzv dövlətlərin maliyyə kəşfiyyatı orqanları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinə, təcrübə və məlumat mübadiləsinin təşviqinə, habelə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsi ilə mübarizə sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinə xidmət edəcək.
Platforma çərçivəsində müntəzəm görüşlərin keçirilməsi, əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, birgə tədqiqat və analitik fəaliyyətin təşviqi, potensialın gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi, həmçinin zərurət yarandıqda tematik işçi qruplarının yaradılması nəzərdə tutulur.
Memoranduma əsasən, platformanın fəaliyyəti iştirakçı dövlətlərin milli qanunvericiliyinə və maliyyə imkanlarına uyğun şəkildə həyata keçiriləcək, rəsmi yazışmalar isə platformanın katibliyi və üzv qurumların təyin etdiyi əlaqələndirici şəxslər vasitəsilə aparılacaq. Sənəd, eyni zamanda, Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malik dövlətlərin Maliyyə Kəşfiyyatı Orqanlarının platformanın fəaliyyətində müşahidəçi qismində iştirak etməsinə, eləcə də müəyyən edilmiş prosedurlar əsasında gələcəkdə platformaya qoşulmasına imkan yaradır.
Əməkdaşlıq Platformasının yaradılması “Türk dövlətlərinin Maliyyə Kəşfiyyatı Orqanlarının Beynəlxalq Forumu” çərçivəsində qəbul edilmiş “Şuşa təşəbbüsü” və onun icrası məqsədilə təsdiq olunmuş “Türk dövlətlərinin Maliyyə Kəşfiyyatı Orqanlarının Effektiv Əməkdaşlığı üzrə İllik Yol Xəritəsi”nin mühüm nəticələrindən biri olub.
Yeni əməkdaşlıq mexanizminin yaradılması Türk Dövlətləri Təşkilatı məkanında maliyyə kəşfiyyatı sahəsində tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, maliyyə cinayətləri ilə mübarizədə birgə fəaliyyətin genişləndirilməsinə və beynəlxalq standartlara uyğun regional əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.
Musa BAĞIRLI
XQ