TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

27.09.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan komandası “Ən yüksək praktiki bacarıqlara malik ekspertlər komandası” adına layiq görülüb

Ankara, 27 sentyabr, AZƏRTAC

Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən TEDAŞ dövlət şirkəti Ankarada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin enerji mütəxəssislərinin iştirakı ilə müsabiqə təşkil edib.

AZƏRTAC xəbər verir ki, TDT Katibliyinin dəstəklədiyi təşəbbüsün məqsədi türk dövlətlərinin enerji sahəsində əməkdaşlığını gücləndirmək, müxtəlif səviyyələrdə çalışan mütəxəssislər arasında yeni əlaqələrin qurulmasına şərait yaratmaq olub.

“Qardaş ölkələrin enerji şəbəkələrində bilik və qabaqcıl təcrübə mübadiləsi” devizi ilə keçirilən proqramın iştirakçıları müxtəlif tapşırıqları yerinə yetiriblər. Onlar, xüsusilə də dayaqlar üzərində yerləşən yüksək gərginlikli transformatorlarda sıradan çıxmış qoruyucuları dəyişiblər.

TDT ölkələrinin nümayəndələrindən ibarət hakimlər heyəti əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunması, avadanlığın düzgün seçilməsi və istifadəsi, nasazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılması bacarıqları, eləcə də komanda daxilində fəaliyyətin əlaqələndirilməsi də daxil olmaqla müxtəlif meyarları nəzərə alıb.

TEDAŞ-ın baş direktoru Suat Sarıgül proqram iştirakçılarına müraciət edərək bu müsabiqənin ümumi tarix və mədəniyyəti bölüşən Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında enerji əməkdaşlığının inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

O, energetikanı “dövlətlərin davamlı inkişafının fundamental elementlərindən biri” adlandırıb:

“Etibarlı və müasir enerji infrastrukturu yalnız yüksək ixtisaslı kadrlar olduqda səmərəli fəaliyyət göstərə bilər. Budəfəki müsabiqə gənc elektrikçilərin təkcə texniki bacarıqlarını nümayiş etdirmir, həm də bilik və təcrübə mübadiləsini gücləndirərək peşəkar həmrəylik mühitinin formalaşmasına və ölkələr arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edir”.

Müsabiqənin nəticələrinə əsasən komandaların texniki səriştəsi, əməyin mühafizəsi, fəaliyyətin əlaqələndirilməsi, yerində iş təcrübələri və problemlərin həlli üzrə praktiki bacarıqlarını nəzərə alan beş kateqoriya üzrə mükafatlar təqdim olunub.

Azərbaycan komandası “Ən yüksək praktiki bacarıqlara malik ekspertlər komandası” adına layiq görülüb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью