Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
I MƏQALƏ
Türk dünyasının səsi
Azərbaycan Prezidenti İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına ünvanlandığı müraciətdə 2025-ci ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair irəli sürdüyü təşəbbüsün bu gün reallaşmasının məmnunluq doğurduğunu vurğulayıb.
Bu məmnunluğun tarixi yaddaş naxışı ayrıcadır. Azərbaycan 100 il öncə olduğu kimi, indi də Türk Dünyasını birləşdirən “səs”dir! İmperiyaların əsrlərlə batırmağa çalışdığı bu səs zərrə qədər də zəifləmədi – bu gün TDT kimi “türk siyasi, mədəni, sosial, iqtisadi, kommunikasiya, təhlükəsizlik birliyi”nin çağırışıdır.
Bunu Bakıda keçirilən “Türk Dünyası Həftəsi”nin hər anında qəlbən hiss etdik. Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanlandığı tarixi müraciətin hər sətrində, ümummətn ruhunda, əhəmiyyətli qiymətləndirmələrində, tövsiyə və təkliflərdə, gəlinən qənaətlərdə həmin ünün ritmlərini duyduq.
100 il bundan əvvəl Bakıda keçirilən qurultayın iştirakçılarına qarşı aparılan repressiyalara, sovet dönəminin davamlı ideoloji terroruna, Qərbi Azərbaycandan olan kütləvi deportasiyalara, müstəqil Azərbaycana olan hərbi təcavüzlərə, hər fürsətdə xalqın mənəviyyatını, tarixini, əxlaqını, ekzistensial varlığını alçaltmaya yönəlmiş min bir hiylələrə baxmayaraq, “Azərbaycanın türk səsi” yenə də yüksək templə türk xalqlarını birliyə, güclü olmağa, milliliyi bəşəriliklə çağdaş tələblərə uyğun inteqrasiya etməyə dəvət edir!
Bu dəvətin ruhunda bir yaddaş naxışı var - onu mütləq demək lazımdır.
Bir əsrin 8 dəqiqəsi
Türk yazar Çingiz Aytmatovun fikir tarixində əbədi yer almış bir deyimini hər kəs bilir: “И дольше века длится день”. Azərbaycan dilinə “gün var ki, əsrə bərabərdir” kimi tərcümə edilir, lakin fərqli improvizasiyalar ola bilər.
Səbəbi bu qısa deyimin semantik hüdudunun tarix, zaman, qövm və bunların “tarixi tale” adlandırdığımız ekzistensiyasının fonunda çox geniş olması ilə bağlıdır. Qırğız mütəfəkkir burada tarixə möhürünü vurmuş türk qövmün XX əsrdə mövcudluğunun Zamanda yaranan yaddaşının daxili reallığını ifadə etmişdir.
Türklər üçün bu anlamda XX əsr elə “gündür” ki, 100 ilə sığmır. Yəni rəqəmlərdə 24 saat 100 ildən çox yaşantını, yaşam ziddiyyətlərini, yığılıb qalmış xalq problemlərini özündə “daşıya bilər”. Bu, ağrılı, ağır, lakin yaddaşa hopmuş elə bir şüuri təcrübədir ki, türklər təkrar-təkrar xatırlamalı və unutmamalıdırlar.
Məncə, böyük təfəkkür sahibi Ç.Aytmatovun bu deyimi dahi Nəsiminin “məndə sığar iki cahan, mən bu cahana sığmazam” dərin fəlsəfi kəlamının Zaman müstəvisində improvizasiyasıdır.
Bu düşüncələr “Türk Dünyası Həftəsi” çərçivəsində cəmi 8 dəqiqə sürən tarixi kadrlara baxan zaman yaranmışdır. Yüz il bundan əvvəl Bakıda keçirilən I Türkoloji Qurultay haqqında çəkilən kadrların cəmi 8 dəqiqəsi bizə gəlib çatmışdır. Ancaq bu 8 dəqiqədə yaşananları duymaq bir əsrdən çox anlama malikdir. Orada türklərin ümidi, qayğıları, qarşıya qoymalı olduğu vəzifələrlə iştirakçıların acı taleyi vahid virtual gerçəklikdə əks olunmuşdur. O 8 dəqiqə XX əsrdən uzundur! Türk qövmünün həyati əhəmiyyətli məsələlərini “məhdud elektron pəncərədən” bizlərə çox qısa müddətdə təqdim etdiyinə görə “8 dəqiqə bir əsrdən müddətlidir”!
Bakı bu gün düşüncəli, lakin ümidlidir
İndi Türk dünyasının “Həftəsi”nin başqa Zaman ritmi vardır. Türk dünyasının müxtəlif guşələrindən Azərbaycan paytaxtına toplaşmış nümayəndələr perspektivi böyük olan inteqrasiya yollarını müzakirə edirlər. Bu bağlılıqda Azərbaycan Prezidentinin müraciətindən bir fraqmentə baxaq.
Dövlət başçısının müraciətində deyilir: “Türk dünyasının ortaq mənəvi dəyərlərinin – dil, tarix, etnoqrafiya, ədəbiyyat və mədəniyyətin inkişafı və gələcəyi ilə bağlı vacib məsələlərin, xüsusən vahid ümumtürk əlifbasına keçilməsinin diqqət mərkəzində saxlanıldığı beynəlxalq miqyaslı bu unikal elmi-mədəni forumun o zaman məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildi”.
Türk dünyasının taleyüklü məsələlərinin bu gün Bakıda müzakirəsinin keçirilməsinin tarixi əsası vardır. Həmin əsas Azərbaycanın indi müstəqil dövlət kimi çatdığı səviyyə ilə paralellik təşkil edir. Buna görə də 100 il bundan əvvəl türklər üçün böyük anlam kəsb edən möhtəşəm tədbirin Azərbaycanda təşkil edilməsi zərurət idi.
Dövlət başçısı bunun səbəbini dəqiq ifadə edir: “Azərbaycan XIX əsrdən etibarən köklü ictimai-siyasi və mədəni dəyişikliklər nəticəsində yeni tipli teatr, məktəb və ilk milli mətbu orqanı yaratmaqla milli özünüdərkin gerçəkləşməsinə zəmin hazırlamış, müsəlman və türk dünyasında artıq ilk demokratik dövlət qurmuşdu. Paytaxt Bakı şəhəri də hələ ötən əsrin əvvəllərindən özünün milli ruhlu ziyalılar nəslindən ibarət intellektual mühitinin yüksək səviyyəsi ilə seçilərək dünya türkologiyasının mötəbər mərkəzlərindən biri kimi tanınırdı”.
Azərbaycan XIX əsrin ikinci yarısından başlayaraq Türk dünyasında mədəni, siyasi, ideoloji, iqtisadi, sənaye, enerji istehsalı sahələrində daha aktiv mövqe tutmağa başlamışdır. Bakı XIX əsrin sonlarına yaxın dünya miqyasında sayılan neft istehsalı məkanı kimi qəbul edilmişdi. Onun uğrunda böyük imperiyalar ölüm-dirim savaşına girmişdilər. Bakıda sürətlə yeni sənaye obyektləri tikilir, neftin nəqli üçün yeni texnologiyalar tətbiq olunurdu. Bu sosial, iqtisadi, sənaye və enerji coşqusu şəhərin sosial-mədəni həyatına, onun ideoloji təkamülünə böyük təsir edirdi. Nəticədə qısa bir müddətdə Bakıda yeni tipli teatr, məktəb və ilk milli mətbu orqan yaradıldı.
Bunun müxtəlif müsbət nəticələri olmuşdur. Onların sırasında milli özünüdərkin aktuallaşması və demokratik ideoloji şüurun inkişafı xüsusi yer tutur. Hər iki xətt XX əsrin ikinci onilliyində Azərbaycanda demokratik respublikanın qurulmasına rəvac verdi. Bu, müsəlman və Türk dünyasında ilk demokratik respublika idi. Buna görə də Bakının XX əsrin əvvəllərindən dünya türkologiyasının mötəbər mərkəzlərindən birinə çevrilməsi tamamilə gözlənilən hadisə idi.
Bu gün də Bakının dünya türkologiyasının çox vacib mərkəzlərindən biri olması müstəqil Azərbaycan Respublikasının yüksəlişi ilə birbaşa bağlıdır. Paralellik buradadır və ciddi tarixi-siyasi-mənəvi anlamı vardır: XX əsrdə də Türk dünyasının oyanışı, birliyə can atması, ideoloji yeniləşməsi Azərbaycanın uğurlarından qaynaqlanır, bu gün də elədir!
Tarix sübut edir ki, türklər ilk olaraq Azərbaycanda oyanır, aparıcı və birləşdirici ideya buradan qaynaqlanır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin “Türk Dünyası Həftəsi” iştirakçılarına ünvanlandığı müraciətdə təsadüfən Azərbaycanın Türk dünyasının inteqrasiyasında xüsusi rol oynadığını və buna görə dərin minnətdarlığını ifadə etməmişdir.
Azərbaycan Naxçıvan Bəyannaməsi, 44 günlük Vətən müharibəsindəki qələbəsi, Şuşa Bəyannaməsi, Qarabağ Bəyannaməsi, xarici siyasətinin davamlı uğurlarıyla, həyata keçirdiyi çox faydalı əməkdaşlıq layihələri və təklif etdiyi təhlükəsizlik platformaları ilə Türk dünyasını motivə etdi. Bu faktlara görə, Azərbaycan Prezidenti Qəbələ Zirvəsini bir daha xatırlatmaqda tamamilə haqlıdır.
Vurğulanan fikirlərdən aydın olur ki, Türk Dünyası Həftəsi üçün aktual olan məsələlər sırasında ortaq mənəvi dəyərlərin inkişafı və gələcəyi xüsusi yer tutur. Həmin aspektdə də vahid ümumtürk əlifbası daha aktual rakursda görünür.
Ortaq mənəvi dəyərlər
Şübhəsiz ki, dil, tarix, etnoqrafiya, ədəbiyyat və mədəniyyət türkoloji qurultayların ənənəvi aktual mövzularıdırlar. İstənilən uğurlu siyasi birliyin təməlində mənəvi, mədəni, ideoloji, fəlsəfi, elmi, bədii, folklor faktorları durur. Bu şərt ödənməsə, siyasi birlik davamlı olmur – hardasa neqativ tendensiyalar üstünlük təşkil etməyə başlayır. 100 il bundan öncə Türkoloji Qurultayda dil, tarix, etnoqrafiya, ədəbiyyat və mədəniyyətin inkişafı və gələcəyi ilə bağlı məsələlər nə dərəcədə önəmli idisə, bu gün eyni vəziyyətdir. Hətta XXI əsrin özəllikləri və çağırışları fonunda daha aktual görünür.
Çünki XXI əsri bilik, mədəniyyət, elm əsri adlandırırlar. Yəni insan faktoru ilk sıraya çıxır. Burada tarix, ədəbiyyat, mədəniyyət özünüdərk aspektində daha çox aktuallıq kəsb edirlər. Ümumilikdə türklər üçün bu anlamda dil məsələsi ciddi strateji əhəmiyyət daşıyır. Ortaq dil isə ortaq əlifbadan başlayır. Vahid ümumtürk əlifbası məsələsinə vurğu edilməsi bunlara görə zəruridir.
Əlbəttə, bu, uzun sürən davamlı prosesdir, ciddi əmək sərf edilməsini, yüksək təşkilatçılıq xüsusiyyətlərini tələb edir. Burada kənar neqativ təsirlərin mövcudluğu məsələsini də nəzərə almaq gərəkdir.
İnformasiya və ideoloji təxribatlar
Təcrübə göstərir ki, Türk dünyası ilə bağlı hər bir ciddi tədbir keçirilmə ərəfəsində belə müəyyən dairələrin pozucu fəaliyyəti intensivləşir. Bunu son olaraq I Türkoloji Qurultaya həsr edilmiş tədbir və indi “Türk Dünyası Həftəsi” öncəsi edilən informasiya təxribatlarında görürük. Özü də burada dahi şairimiz Nizami ilə bağlı təxribatçı addımlar atmağa çalışırlar. Bir müddət əvvəl Nizami kinoteatrının binası divarlarında uyğun olmayan yazılara rast gəlindi, indi də Nizaminin əlyazması ilə bağlı yersiz, səviyyəsiz və əsassız informasiya şousu yaratmağa çalışdılar.
Azərbaycan poetik təfəkkürünün “yeni qədirbilənləri” peyda olub. Onlar alimlərə kitabları vərəqləməyi, dahilərin qədrini bilməyi öyrətmək xülyasına düşüblər. Əslində, saxta davranırlar, çünki dərdləri nə Nizamidir, nə onun dahiliyi, nə də yaradıcılığı. Belə olsaydı, heç olmasa Nizaminin “Xəmsə”sini “yarıya qədər” oxuyardılar. Görərdilər ki, Nizami həqiqi mənada hikmət, sirr, bilik xəzinəsidir. Bunu qismən də olsa, anlayanlar nəcib olurlar. Həzrət Əli deyib: “Nəcib olun, nəcib insanlar güclüdürlər”! Nəcib insan Nizamini tədqiq edib, onu “Azərbaycandan dünyaya pərvazlanan dahi” adlandıran alimə “qədirbilənlik” öyrətməyə qalxmaz!
Əlbəttə, bu kimi emosional reaksiyalar birbaşa məqsədi ifadə etmir. Bir sıra dairələrin dərdi daha dərin və geniş kontekstlə bağlıdır. Onları narahat edən “bizim ailəmiz türk dünyasıdır, başqa ailəmiz yoxdur” tarixi, ədalətli, müdrik kəlamındakı məna və məqsəddir! Onları narahat edən Türk Dövlətləri Təşkilatının (TDT) getdikcə daha da güclənməsi, türk qövmünün sürətli inkişaf mərhələsinə keçididir. Onlar Azərbaycanın bu prosesdə öncül rol oynamasından əndişəlidirlər. “Türk Dünyası Həftəsi”nin Bakıda təşkil olunmasından qorxurlar!
Bir sözlə, türk tarixi, dili, mədəniyyəti, elmi və bədii təfəkkürü, əlifbasının öz təbii yaradıcı, qurucu rolunu oynama dönəminə başlamasından çox rahatsızlanıblar. Rəqəmsallıq, süni intellekt və yeni texnologiyalar dönəmində həmin aspekt daha təhlükəli və riskli yön ala bilər. Müəyyən dairələr türk qövmünün vahid qaydada yazma və dərketmə qabiliyyətinə malik olmasını arzulamazlar!
Məsələnin geniş əhatədə strateji tərəfi bütün bunlara görə, çox önəmlidir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru