Təbabətdə yeni ümid

29.07.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Böyük Britaniyanın Ekseter Universitetinin alimləri geniş istifadə olunan doksisiklin antibiotikinin bakteriyalarla mübarizə aparan iki yeni təsir mexanizmini aşkar ediblər. Qlobal səhiyyədə mikrobların dərmanlara qarşı müqavimətinin artdığı bir dövrdə əldə edilən bu nəticələr infeksiyaların müalicəsində yeni perspektivlər açır.

Tədqiqatçılar heyvanlardan insanlara hava vasitəsilə keçən və ağır qripəbənzər simptomlar törədən Coxiella burnetii bakteriyasını elektron mikroskopiyası altında araşdırıblar. Məlum olub ki, dərmanın məlum olan birinci təsirindən (ribosomların zülal təlimatlarını oxumasına mane olmaq) əlavə, ikinci sürpriz mexanizm də mövcuddur: doksisiklin molekulları üst-üstə yığılaraq hazır zülalların ribosomdan çıxış yolunu tamamilə bağlayır. Bu səbəbdən bakteriya həyat üçün vacib zülalları hasil edə bilmir, böyüməsi və çoxalması dayandırılır.

Bundan başqa, alimlər E. coli (bağırsaq çöpü) bakteriyasında üçüncü effekti də müşahidə ediblər: doksisiklinin bir tək molekulu ribosomun strukturunu elə dəyişir ki, "hüceyrə fabriki" ümumiyyətlə işini dayandırır. Mütəxəssislər ümid edirlər ki, bu kəşflər gələcəkdə daha təsirli antibiotiklərin sintez olunmasına və dərmanlara davamlı supermikroblarla mübarizəyə kömək edəcək.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью