Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Real Madrid” futbol komandasının baş məşqçisi Joze Mourinyonun hakimliklə bağlı açıqlamalarına cavab verib.
İdman.Biz xəbər verir ki, 62 yaşlı funksioner sosial şəbəkə hesabında “Real Madrid”in hakimlər tərəfindən qərəzli münasibətlə üzləşdiyi barədə fikirləri qəbul etmədiyini bildirib.
Tebasın sözlərinə görə, belə iddialar reallıqdan uzaqdır:
“Hakimlərin “Real Madrid”i hədəfə aldığını demək başqa qalaktikada yaşamaq deməkdir”.
La Liqa rəhbəri bu cür fikirlərin komandanın digər problemlərini gizlətmək üçün istifadə edildiyini vurğulayıb. O, “Real Madrid”in mövsümün ilk oyunlarında müəyyən çatışmazlıqlarının açıq şəkildə göründüyünü qeyd edib.
Tebas bildirib ki, meydanda baş verənləri izah etməkdənsə, sui-qəsddən danışmaq daha rahatdır. Yeddi turdan sonra “Real Madrid” turnir cədvəlində lider “Barselona”dan altı xal geri qalır.
Mourinyo ötən həftəsonu Madrid derbisində “Atletiko”ya 1:2 hesablı məğlubiyyətdən sonra hakimlərin qərarlarını kəskin tənqid edib. Portuqaliyalı mütəxəssis hətta mətbuat konfransına iki oyun epizodunun çap olunmuş görüntülərini gətirərək rəqib futbolçuların həmin vəziyyətlərdə qırmızı vərəqə almalı olduğunu iddia söyləyib.
Tebas isə mövsümün hələ sentyabr ayında olmasına baxmayaraq, artıq çempionatın manipulyasiya edildiyi barədə danışılmasını tənqid edib və bunun “adi bəhanəyə” çevrildiyini bildirib.