Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
III Yazı
Nərimanovun oğluna bitməmiş məktubu
Moskva,28 yanvar 1925-ci il
İndi mən bu sətirləri sənə yazarkən iş o yerə çatıb ki,Lenindən sonra özlərini onun “qanuni varisləri” adlandıranların dövləti idarə etməyi bacarmamaları nəticəsində əmələ gəlmiş böyük nöqsanlarımız barədə kommunistlər öz aralarında da danışa bilmirlər.
Bütün bunlar haqda sən mənim MK-ya yazdığım geniş məruzəmdən biəcəksən. Bu məruzəmdən sənə çox şey aydın olacaqdır,həmin məruzəmdən sənə bəlli olacaqdır ki,bir çoxlarının cəsarəti çatmadığı,öz vəzifə və hakimiyyətlərini itirəcəklərindən qorxaraq susduqları şeylər haqqında sənin atan danışmaqdan çəkinməmişdir.
Mənim əziz Nəcəfim! Hakimiyyət dalınca qaçma,çünki o,adamı korlayır.Əgər sən adamı tanımaq,onun bütün daxili aləmini bilmək istəyirsənsə,həmin adamı bir müddət vəzifə başına qoy.Həmin adam bütün bacarığını və nöqsanlarını biruzə verəcəkdir.Buna görə də sən kütləni müvəffəqiyyətlə, aldatmadan, öz arxanca aparmağa hazır deyilsənsə yaxşısı budur,bu işdən imtina et... Əgər kütlə (fəhlə və kəndlilər) sənə qiymət qoyurlarsa,sənin hakimiyyət başında qalmağını labüd hesab edirlərsə,sənə inanırlarsa və bu inamla əlaqədar ümumi işə müəyyən mənfəət verəcəklərsə,ondan imtina etmə.Əgər sən zərrə qədər də olsa hiss etsən ki,səni seçməyə kimsə məcbur edir,ondan imtina et.Əks halda sən nəinki,kütləni,hətta öz qarşısında da ləyaqətini itirərsən. Hər dəfə dərk edəndə ki, səni hakimiyyətə qabiliyyətin üçün deyil,məcburən təyin etmişlər,onda sən daim vicdan əzabı çəkəcək,öz mənliyini təkcə kütlə qarşısında deyil, habelə öz qarşında da itirəcəksən.
Sənin dünyagörüşündəki sonradakı pozulma məhz buradan başlayacaqdır.
Bu, ictimai xadimin həyatında ən qorxulu andır. Bütün bunlara o vaxt dözmək olar ki,sən sərbəst həyata hazır olasan.Bu nə deməkdir? Sənə aydın olmaq üçün mən öz həyatımdan misal gətirmək istəyirəm.
Sən artıq bilirsən ki mən 30 yaşında kamal attestatı imtahanı vermişəm ki,universitetə daxil olum. Lakin sonra mən hara daxil oldum? –sualı qarşısında durdum.Həyatımın bütün şəraiti və yaşım məcbur edirdi ki ,tezliklə universitet təhsili alım.Ona görə də elə fakültə seçmək lazım idi ki,az vaxt tələb etsin
. Mənim qarşımda belə bir sual dururdu; hüquq fakültəsinə ( o vaxtlar o asan fakültə hesab olunurdu). və ya təbiyyət fakültəsinə ( burada 4 il oxumaq lazım idi). Həmin fakültələri bitirdikdən sonra ayrı – ayrı şəxsiyyətlərdən və idarələrdən asılı vəziyyətinə düşmək olardı. Ona görə də mən onlardan imtina edib tibb fakültəsinə daxil oldum ki,həyatımda başqalarından az asılı olum.Bu,bir səbəb idi.
Digəri: Sənin nənən və mənim anam Həlimə ürəyi yumşaq,sadə qadın idi.O, ehtiyacı olanlara yardım edir,xəstə qonşulara qayğı göstərir, bir parça çörəyi onlarla bölürdü və sairə.Uşaq yaşlarından mən bütün bunları görürdüm və bunlar mənə təsir edirdi... Ona görə də tibb fakültəsində oxumaq müddətinin uzun olması və çətinliyinə baxmayaraq mən həmin fakültəyə daxil olmağı qərara aldım ki, ayrı-ayrı şəxsiyyətlərdən asılı olmayıb daha artıq mənəvi zövq alım.
Nəriman Nərimanovun siyasi baxışları və tutduğu mövqe
Milli məsələdə federalizm prinsipi mövqeyində duran Nəriman Nərimanov Azərbaycanın muxtariyyəti olan respublika kimi RSFSR-in tərkibində olması ideyasını müdafiə edirdi.Müsavatçıları separatçılıqda müstəqil dövlət yaratmaq və Rusiyadan Azərbaycanı qoparmaqda ittiham edirdi.
Nəriman Nərimanov üçün beynəlmiləlçilik və vətənpərvərlik-sosializmin inkişafında bir-birindən ayrılmaz və obyektiv prosesdir.Sovet İttifaqının inkişafını,sovet adamlarının tərbiyəsi üçün əsas şərt olduğunu iddia edirdi.
Nəriman Nərimanov hesab edirdi ki, “ ancaq vəzifə almaq xatirinə kommunizm ideyalarını yayanları” cəzalandırmaq lazımdır.
Şərq respublikalarındakı “əyintilərin” Sovet hakimiyyəti üçün təhlükə doğura biləcəyini başa düşən Nəriman Nərimanov təklif edir ki,onu Genuya konfransında iştirak etməkdən azad etssinlər.O, hesab edirdi ki, hazırki vaxtda Tatarıstan,Başqırdıstan və Qırğızıstandakı işlər daha mühüm əhəmiyyətə malikdir.
Genuyadan qayıtdıqdan sonra o,Orta Asiya respublikaları haqqındakı məktubuna V.İ.Stalinin münasibəti ilə maraqlanır.Nərimanovun yazdığı kimi “o,(İ.V.Stalin) həmişəki kimi onun irəli sürdüyü ümumi vəziyyətlə razıdır,lakin bir çox mülahizələrə görə əməli bir iş görülməsini gözləmək lazım deyil...” “Bir çox mülahizələrin” arxasında nə gizləndiyini Nəriman Nərimanov açıb ağartmır.
Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivində tapılmış sənəddən məlum olur ki,1922-ci il avqustun axırında Nərimanov Türküstana səfər etmiş,xüsusilə Buxarada işlərin vəziyyəti ilə tanış olmuşdu.
Mərkəzi Komitəyə yazdığı məruzəsində Nəriman Nərimanov təkcə işlərin vəziyyəti haqqında danışmamış, həm də ayrı-ayrı partiya xadimlərini xarakterizə etmişdi.Buna görə də İ.V. Stalin onu məzzəmət etmişdi ki, “məruzədə şəxsiyyətlərə toxunmaq lazım deyildi”.Mövcud ixtilaflar S.Orconikidze ilə münasibətlərə də aid idi,onun arxasında isə Nərimanovun yazdığı kimi “Yoldaş Stalin dayanırdı.
“Bu məruzə 1923-cü ilin dekabrın 23-də MK-ya təqdim edilmişdi. Nəriman Nərimanov yazdığı əlavədə göstərilir ki, bu məruzə ilə əlaqədar Bakıya komissiya göndərilmişdi.Komissiyanın işinin yekunları RK (b) P MK Siyasi bürosunun iclasında dinlənildi və təklif edildi ki,münaqişə bitmiş hesab olunsun.Nərimanova isə siyasi etimad göstərildi.Buna sübut olaraq RK (b) P MK üzvlüyünə namizədlikdə, SSRİ MİK-in sədrlərindən biri olaraq qaldı.Məruzədən də məlum olur ki,Nərimanova bir partiya cəzası verilmədi.Komisiya üzvlərindən birinin-Yaroslavskinin “Pravda” qəzetində Azərbaycandakı vəziyyət haqqında çıxışı Nəriman Nərimanovun məruzəsindəki nəticələrlə eyni idi.
Nəriman Nərimanov yazırdı: “Mən məruzəni ucqarlarda inqilabımızın tarixinə dair”adlandırııram.Azərbaycanda bu və ya digər rol oynamış şəxsiyyətlər gələcəcək nəsillər üçün xarakterizə edilməliydi...
Yerlərdə vəziyyətə yaxşı bələd olan, “Şərq” respublikalarında milli şəraitin özünəməxsusluğunu başa düşən Nəriman Nərimanov adamların milli hisslərinə kobudluqla müdaxilə etməyin təhlükəli olduğunu həssaslıqla duyurdu.Bu,mərkəzlə ucqarlar arasında nifaq doğura bilərdi.O,milli hislərə və milli münasibətlərə aid olan bütün məsələlərdə son dərəcədə ehtiyatlı və nəzakətli olmaq prinsipinə həmişə sadiq qalırdı.
Mövcud problemləri tezliklə,birdəfəlik həll etməyə çalıçanlar inanırdılar ki,sərt mərkəzləşdirmə səmərəlidir,amirlik metodları-ən yaxşı metodlardır.Bu gün bizə məlum hadisələrin mövqeyindən baxanda aydın olur ki,Azərbaycan və Zaqafqaziya partiya təşkilatlarının bəzi rəhbərləri ilə Nərimanov araslndakı həmin məsələyə dair ixtilafların əsas səbəbi bu sahədəki əyintilər idi.
Yetmiş səhifədən bir qədər arıq olan bu məruzədə Nərimanov dəfələrlə təkrar edir ki, öz fikir və müşahidələrini gələcək nəsillərə, deməli,bizimlə sizə, çatdırmaq istəmişdir.Məktubda Nəriman Nərimanov bolşevizmin labüd məhvi haqqında İ.V. Stalinə yazdığı məktubunun mətnini daha da konkretləşdirir.
Naxçıvan Olayları
Nəriman Nərimanovun 1920-ci il 1 dekabr tarixli Naxçıvanı Ermənistana bağışlama bəyanatından 27 gün sonra Naxçıvan əhalisinin sərt müqaviməti ilə üzləşən Ermənistan İnqilab Komitəsinin cavab bəyanatı verildi ki,Naxçıvanın taleyi əhalisinin öhdəsinə buraxılmışdır.
1921-ci il martın 16-da Moskvada,həmin il oktyabrın 13-də isə Qarsda imzalanan müqavilələrdə Naxçıvanın Azərbaycan ərazisi olduğu beynəlxalq sazişlə təsdiqləndi.
Dövlət öz ərazisi daxilində,məkan bazisi zəminində milli müstəqillik və suverenlik ifadəsi olan ali hakimiyyəti həyata keçirir.Buna görə də bütün dövrlərdə ərazi prinsipi dövlət fəaliyyətinin əsaslarından biri olub, dünya tarixinə çox sanballı təsir göstərmişdir.
Azərbaycan respublikasının tərkibində Naxçıvan Muxtar Respublikasının ərazisi 1921-ci il 16 martda Moskva şəhərində RSFSR ilə Türkiyə arasında bağlanmış müqavilə və 1921-ci il 13 oktyabr tarixində Qars şəhərində RSFSR-in iştirakı ilə Ermənistan SSR,Azərbaycan SSR, Gürcüstan SSR və Türkiyə Respublikası arasında bağlanmış dostluq müqaviləsi əsasında müəyyən olunmuşdur.
1921-ci ilin sovet-türk müqaviləsində (3-cü maddə) deyilir ki,danışıq aparan hər iki tərəf razıdır:Naxçıvan vilayəti bu müqavilənin birinci əlavəsində göstərilən sərhədlər daxilində Azərbaycanın tərkibində (himayəsində) muxtar əraziyə malikdir,o şərtlə ki, Azərbaycan özünün protektoratını üçüncü dövlətə verməsin.
Üçbucaqlı zona təşkil edən Naxçıvan ərazisi Urmiyyə kəndindən başlayaraq düz xətlə Arazdöyən stansiyasına (o,Ermənistan SSR-ə qalmaqla), yenə də düz xətlə qərbi Daşburun dağına (3142) suayırıcı xətlə şərqi Daşburun dağından (4108) keçib,Cəhənnəm dərəsi ilə bulaqdan (cənub) keçib suayrıcı xətt üzrə Bağırsağ dağından (6607 və ya 6587), keçmiş İrəvan okruqu və Şərur Dərələyəz qəzasının inzibati sərhədləri boyunca 6629 yüksəkliyindən Kömürlü dağa (6839 və ya 6930) və oradan 3080 yüksəkliyi,Sayat dağı(7868),Qurd –Qulaq kəndilə Qəməsər dağına (8160),8022 yüksəkliyindən Kükü dağa(10282) və bundan sonra keçmiş Naxçıvan okruqunun şərqi inzibati sərhədi daxilində müəyyən edimişdir.
Azərbaycanın Türkiyəyə yardımı
Ankara hökumətinin Sovet İttifaqı tərəfindən tanınması beynəlxalq siyasi müstəvidə çox önəmli hadisə idi.Bu münasibətlə 1921-ci il may ayının ortalarından hər ay Azərbaycan Türkiyəyə 62 sistern neft və üç vaqon kerosin göndərməyi qərara almışdı...1922-ci ilin iyul ayına qədər 9 min tondan çox kerosin və 350 ton benzin göndərilmişdi.1921-ci il marın 17-də Türkiyənin səfiri Məmduh Şövkət bəy Mustafa Kamal Paşanın təqdim etdiyi məktuba əsasən Nəriman Nərimanov “hökumət üzvlərindən bəzilərinin qarşı çıxmasına baxmayaraq” dərhal xəzinədə olan 500 kilo qızılı Ankaraya göndərdi.Əlavə də 30 sistern neft,iki sistern benzin və 8 sistern mədən yağı göndərdi.
Ardı var